Kamal Kılıçdaroğlunun seçicisi xəyal qırıqlığı yaşayıb

Sinan Oğan, yaxud Ümid Özdağ faktoru ikinci turda həlledici rol oynamır

  Türkiyənin Zəfər Partiyasının lideri Ümid Özdağ prezident seçkilərinin ikinci turunda "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcək. Özdağ bu qərarını canlı yayımda çıxışında açıqlayıb.  

Qeyd edək ki, ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyib. İttifaqın əsas aparıcı partiyası olan Zəfər Partiyası isə Oğanın mövqeyini paylaşmayıb. Bundan əvvəl İttifaqda təmsil olunan Ədalət Partiyası da "Millət İttifaqı"nın yanında olduğunu bildirmişdi. Sinan Oğan istisna olmaqla ATA İttifaqında təmsil olunan partiyaların ümumi səs faizi 2.4 civarındadır. 
  AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a  açıqlamasında bildirib ki, ikinci turda seçkinin ilk mərhələsinin nəticələrini çox da nəzərə almaq lazım deyil. Partiya rəhbəri vurğulayıb ki, ATA İttifaqına ilk turda səs verənlərin hansı məqsədlə Sinan Oğanı dəstəklədikləri müzakirə olunmaqdadır: "Namizədlərdən birinin, Məmləkət Partiyasının sədri Məhərrəm İncənin geri çəkilməsi, müəyyən qisim "təpki oyları" və s. məqamlar ATA İttifaqının 5 faizdən çox səs almasına gətirib çıxarmışdı. Ancaq həmin seçicilərin ikinci turda necə davranacaqları müəmmalıdır. O baxımdan İttifaqın, o cümlədən Sinan Oğanın səslərinin sabit olduğunu düşünmürəm. Heç kim qarantiya vermir ki, ilk turda ATA İttifaqına səs verənlər ikinci turda mütləq mənada ya Ərdoğana, yaxud Kılıçdaroğluna səs verəcək. Hər iki tərəf özlərini sığortalamaq məqsədi ilə İttifaq təmsilçiləri ilə görüşlər keçirdilər. Məlum oldu ki, blokun özündə ideoloji birlik, vahid mövqe yox imiş. O səbəbdən İttifaqın rəsmən dağıldığı elan olundu. "Millət İttifaqı"nın seçicisi xəyal qırıqlığı yaşayıb. Onlar ilk turda Kamal Kılıçdaroğlunun qalib gələcəyindən əmin idilər, ancaq nəticələrdən dolayı ruh düşkünlüyü yaşadılar. O səbəbdən inanmıram ki, Kılıçdaroğluna ilk turda səs verənlər yenidən səsverməyə gedəcək. Sinan Oğan, yaxud Ümid Özdağ faktoru burada ciddi həlledici rol oynamır. Ortada Rəcəb Tayyib Ərdoğanın kimliyi, şəxsiyyəti var və əsas məsələni də bu həll edəcək. Çox böyük ehtimal ki, Ərdoğan bazar günü keçiriləcək seçkidə 53-54 faiz, bəlkə də 55 faiz səslə qalib olacaq".