“Molla rejimini xalqın əli ilə yıxacaqlar” - Qabil Hüseynlidən İRANLA BAĞLI PROQNOZ

  • “Vaşinqton İranı tam mühasirəyə almağa çalışacaq”

ABŞ və İran arasında nisbi sabitlik hökm sürür. Politoloqlar və mütəxəssislər ABŞ-nin müharibəni dayandırmasını regionda yerləşən hərbi bazaların sursat ehtiyatının tükənməsi ilə əlaqələndirirlər. Lakin ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və maliyyə naziri Skott Bessentin açıqlamaları mübarizənin iqtisadi təzyiqlər vasitəsilə davam etdiriləcəyini ortaya qoyur.

Vitse-prezident bildirib ki, İranı məğlub etləməyin ən yaxşı yolu iqtisadi təzyiqi gücləndirilməkdir. Vensin sözlərinə görə, bu addım İranı razılaşmaya sövq edəcək. Maliyyə naziri isə müttəfiqlərə müraciət edərək, Vaşinqtonun İran iqtisadiyyatını zəiflətmək planını dəstəkləməyə çağırıb. Nazir bildirib ki, Tehrana yardım edən hər bir dövlət bunun ağır nəticələri ilə üzləşəcək. ABŞ rəsmiləri İrana tətbiq edilən sanksiyaların dünya tarixində ən böyük iqtisadi təcrid olacağını açıqlayıblar. İran iqtisadiyyatı uzun illərdir ki, beynəlxalq sanksiyaların ağır yükü altında çətinlik çəkir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin fevral ayınadək əsas ehtiyacların qiyməti 60 faiz, ərzaq məhsulları isə iki dəfə bahalaşıb.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Sherg.az-a bildirib ki, İranın böyük üstünlüyü neft və qaza sahib olmasıdır:

"Dünyanın ən böyük enerji nəhənglərindən biri olan İran neft ehtiyatlarının həcminə görə 3-cü, qaz ehtiyatlarına görə isə 2-ci pillədə dayanır. Ölkənin zəngin neft-qaz ehtiyatları müharibəyə qədərki dövrdə İranın maliyyə bazarını dayanıqlı saxlayan əsas faktor idi. Faktiki olaraq, Tramp İrana qalib gələ bilmədi. ABŞ silahlı qüvvələrinin regiondakı bazalarında silah tapılmır. Hərbi sursat ehtiyatlarının tükənməsi fonunda, Vaşinqton Tehranı geri addım atmağa məcbur etməyin tək çarəsini iqtisadi sanksiyaları kəskinləşdirməkdə görür. Hörmüz boğazı İranın dövlət büdcəsinin əsas "şah damarı" sayılır. İran özünün xam neft ixracatının 90%-dən çoxunu Hürmüz boğazı vasitəsilə dünya bazarlarına çıxarır. Yəni ölkəyə daxil olan xarici valyutanın və dövlət büdcəsinin əsas mənbəyi bu boğazdan keçir. Vaşinqton Tehrana təzyiqi artırmaq üçün Hörmüz boğazında tam nəzarəti ələ almağa çalışacaq”. 

Politoloqun sözlərinə görə, İranı tam təcrid etmək strategiyasının birinci mərhələsi onun neft və qaz satışını sıfıra endirməkdən ibarətdir:

“Boğaz uzun müddət blokadada qalsa da, İran “kölgə donanması” vasitəsilə hasil etdiyi neft və qazın bir hissəsini beynəlxalq bazarlara çatdırmağı bacarır. Diplomatik razılaşmalarda adətən qarşı tərəfin mövqeyi nəzərə alınmır. ABŞ qlobal imkanlarından istifadə edərək, istənilən ölkəyə iqtisadi sanksiya tətbiq edə bildiyi halda, İranın nə belə bir gücü, nə də bu təzyiqi həyata keçirəcək mexanizmi var. ABŞ hərbi donanması ilə İranı tam mühasirəyə alaraq gəmilərin və tankerlərin regiondan çıxışını məhdudlaşdırıb. Həm Hörmüz boğazı, həm də Oman körfəzi istiqamətində vəziyyət mürəkkəbliyini qoruyur. Lakin Vaşinqtonun mövcud addımları, ABŞ-nin yeni hərbi toqquşmada maraqlı olmadığını, məsələni yalnız iqtisadi təzyiq mexanizmləri ilə həll etməyə üstünlük verdiyini göstərir. Belə getsə, İranda camaat acından öləcək. ABŞ-nin məqsədi də əhalinin sosial rifahını pisləşdirib, xalqı rejimə qarşı qaldırmaqdır. Əgər bu dəfə küçə etirazları baş qaldırarsa əvvəlki etirazlardan fərqli olaraq, Vaşinqton və Təl-Əviv prosesə müdaxilə edərək, etirazçılara hərtərəfli dəstək verəcək. ABŞ ilk planına geri qayıdıb. Molla rejimini xalqın əli ilə yıxacaq".