- DNT analizində Hepatit B aşkarlanıb
Dahi bəstəkar Lüdviq van Bethovenin ölümündən təxminən 200 il sonra saç nümunələri üzərində aparılan araşdırmalar onun səhhəti ilə bağlı yeni faktları ortaya çıxarıb.
Sherg.az xəbər verir ki, “ScienceAlert” nəşrinin məlumatına görə, alimlər Bethovenə məxsus olduğu təsdiqlənən saç nümunələrində Hepatit B virusunun izlərini aşkar ediblər. Bu infeksiyanın bəstəkarın qaraciyərinə zərər vermiş və mövcud sağlamlıq problemlərini ağırlaşdırmış ola biləcəyi ehtimal edilir.
2024-cü ildə aparılan başqa bir araşdırmada isə saç nümunələrindən birində qurğuşunun miqdarının normal göstəricidən 95 dəfə çox olduğu müəyyən edilib. Nümunələrdə yüksək miqdarda arsen və civə də aşkarlanıb.
Alimlər hesab edirlər ki, ağır metallara məruz qalma Bethovenin eşitmə itkisinə, qarın ağrılarına və həzm problemlərinə təsir göstərmiş ola bilər.
Bethoven 1827-ci ildə vəfat edib. Yeni araşdırmalar onun həyatı boyu üzləşdiyi sağlamlıq problemlərinə aydınlıq gətirsə də, ölümünün dəqiq səbəbini müəyyənləşdirməyib.