Pensiya və sosial yardım kartlarından vergi tutulmamalıdır

Vüqar Bayramov: "Vəsait nağdlaşdırması zamanı heç bir faiz tutulmamasını təklif edirəm"
  "Mərkəzi Bankın 2023-cü ildə bir rəqəmli inflyasiya proqnozunun hansı modelə əsaslandığının izahatı vacibdir". Bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, 2022-ci ildə Mərkəzi Bank valyuta bazarında 2 milyard 48 milyon dollar alıb, yəni sterilizasiya edib: "Eyni zamanda ötən il idxal 22 faizdən çox artıb. İdxalın artması fonunda hərraclarda valyutaya tələbin azalması nə ilə bağlıdır? Burada inzibati alətlərdən istifadə olunurmu? Son 1 ayda qeyri-işlək kreditlərinin həcmi 749 milyon manatdan 770 milyon manatadək artıb. Bu müddətdə problemli kreditlərin həcmi də artıb. Problemli kreditlərin həcmi 590.5 milyon manatdan 591.8 milyon manatadək yüksəlib".
  Parlament üzvü pensiyaçıların və eləcə də sosial qrupların plastik kartlarından istifadənin asanlaşdırılması ilə bağlı təkliflə çıxış edib: "Bəzi MDB ölkələrində pensiya və sosial yardım kartlarından hansı bankın bankomatı olmasından asılı olmayaraq vəsaitin nağdlaşdırılması zamanı faiz tutulmur. Azərbaycanda, xüsusən regionda yaşayan pensiyaçılarımız üçün vəsaitləri nağdlaşdırmaqda çətinliklər var. Bəzən pensiyaçılar kartdan pul çıxarmaq üçün digər kəndə və ya rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu baxımdan, Azərbaycanda da bankomatın hansı banka məxsus olmasından asılı olmayaraq pensiya və sosial kartlardan vəsait nağdlaşdırması zamanı heç bir faiz tutulmamasını təklif edirəm".