Pezeşkian sülh istəyir, amma İranda real güc SEPAH-ın əlindədir - POLİTOLOQ

Oqtay Qasımlı: "Prezidentin səlahiyyətləri məhduddur, İranın açıqlamalarına yox, SEPAH-ın addımlarına baxmaq lazımdır”

İran Prezidenti Məsud Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

İran Prezidenti danışıq zamanı Tehranın Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsinə hazır olduğunu bildirərək, qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumların olmaması şərti ilə regionda deeskalasiyaya açıq olduqlarını vurğulayıb. Eyni zamanda Pezeşkian ABŞ və İsrailin İran ilə qonşuları arasında ixtilaf yaratmağa çalışdığını qeyd edib. 

Bununla belə, ötən gün İrandan Türkiyəyə növbəti raket zərbəsinin endirilməsi Pezeşkianın fikirləri ilə ziddiyyət təşkil edir və gərginliyin davam etdiyini göstərir. 

Politoloq Oqtay Qasımlı “Sherg.az”a açıqlamasında İran Prezidenti Məsud Pezeşkiyanın dediklərində səmimi olduğunu bildirib. O qeyd edib ki, Pezeşkian regionda sülhün bərqərar olmasını, münaqişələrin dayanmasını istəyir:

“İran Prezidenti həm Azərbaycan, həm də Türkiyə liderləri ilə telefon danışığında bu mövqeyini açıq şəkildə nümayiş etdirib. Pezeşkian prezident seçildiyi ilk zamanlardan, andiçmə mərasimində də açıq şəkildə dialoqa hazır olduğunu və problemlərin diplomatik yolla həll edilməsindən yana olduğunu bəyan etmişdi. Lakin İranda prezident səlahiyyətləri məhduddur, orada əsas söz sahibi ali dini lider və SEPAH-dır. Mövcud savaşla bağlı da radikal mövqedə olan qüvvələr daha dominantdır, reformist və dialoqa meylli səs isə onlar arasında az eşidilir”.

İran tərəfinin Azərbaycan və Türkiyə ərazilərini hədəf alıb raket və dronlarla hücum etməsinin qəbuledilməz olduğunu vurğulayan O. Qasımov deyib ki, İranın bu hücumları inkar etməsi müxtəlif suallar doğurur:

“İran rəsmilərinin sözündən belə çıxır ki, İsrail və Amerikanın kəşfiyyatı bu ölkədə o qədər dərin kök salıb ki, İran ərazisindən Azərbaycanla Türkiyəyə zərbə endirməklə vəziyyəti gərginləşdirməyə çalışırlar. Əgər bu belədirsə, İranda artıq sistemin idarəetməni itirdiyi faktı aşkara çıxır. Yox əgər İran məqsədli şəkildə bunu xarici qüvvələrin üzərinə atırsa, deməli qərar SEPAH tərəfindən verilib. Ona görə də, İran prezidentinin dediyi fikirlərdən arxayın düşməyib, SEPAH-ın Azərbaycana və Türkiyəyə yönəlik açıqlamalarını da diqqət etməliyik. Faktiki olaraq İranda real güc SEPAH-ın əlindədir”.