Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Sherg.az xəbər verir ki, qanuna əsasən, Cəzaların İcrası Məcəlləsinin 24-cü maddəsi yeni redaksiyada verilib.
Dəyişikliyə görə, məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə, cərimə məbləği hökmü çıxarmış məhkəmənin qərarı ilə məcburi qaydada icraya yönəldiləcək.
Bu zaman cərimə ilk növbədə məhkumun əməkhaqqına və ya digər qazancına yönəldiləcək. Məhkumun əməkhaqqı və ya başqa qazancı olmadıqda, yaxud həmin vəsait cərimənin tam ödənilməsi üçün kifayət etmədikdə, cərimə məhkumun xüsusi mülkiyyətində olan əmlakına və ya ümumi mülkiyyətdəki payına yönəldiləcək.
Bundan əlavə, məcəllənin 26-cı maddəsinə də dəyişiklik edilərək “əməkhaqqı və ya başqa qazancı” ifadəsi əlavə olunub.