Rubio açıqladı: Sülh artıq təkcə siyasət deyil, həm də iqtisadi layihədir - TƏHLİL

ABŞ regionda Rusiya təsirini zəiflətməyə hazırlaşır

Vaşinqton administrasiyası Ermənistanı digər ölkələrlə dostluq münasibətlərini kəsməyə məcbur etmir.

Bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

“Qeyd etmək istərdim ki, açıq mənbə məlumatlarında da təsdiqləndiyi kimi, Rusiya oradakı fəaliyyətimizdən qətiyyən məmnun deyil. Onlar düşünürlər ki, ABŞ ilə artan münasibətlər səbəbindən hazırkı prezidentin (baş nazir Nikol Paşinyanı nəzərdə tutur -red) bu seçkilərdə uduzmasını istəyəcəkləri açıq-aydındır. Rusiya Paşinyanın seçkilərdə məğlub olmasını istəyir. Aydınlaşdırmaq istərdim ki, biz Ermənistanın suverenliyini pozmuruq. Biz onlardan digər ölkələrlə dostluqlarından imtina etmələrini istəmirik. Biz sadəcə olaraq münasibətlərimizin yalnız sülh üzərində qurulmamasını istəyirik. Sülh vacibdir, amma bu, yalnız başlanğıcdır və iqtisadi imkanlar açır”, - deyə ABŞ dövlət katibi bildirib.

Rubio Ermənistan və ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişinin imzalanmasından da danışıb: "Bu, Amerika özəl sektoruna investisiyaları stimullaşdıracaq. Biz Amerika şirkətləri üçün inhisar axtarmırıq, amma istəyirik ki, onlar öz paylarını alsınlar. Beləliklə, biz hazırda bu işdə çox fəal iştirak edirik. Biz, sözün əsl mənasında, müqaviləni imzaladıq və bu, bizə özəl sektorun, Amerika maraqlarının xeyrinə, eləcə də Ermənistan, Azərbaycan və digər regional ölkələrin xeyrinə Amerika şirkətlərinin investisiya qoymasına imkan verəcək. TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin lövbəridir".

ABŞ dövlət katibi Marko Rubionun Senatın Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirlər Vaşinqtonun Cənubi Qafqaz siyasətində daha geniş və çoxşaxəli yanaşmaya keçdiyini göstərir. Onun açıqlamaları həm Ermənistanın suverenliyi, həm də regiondakı geosiyasi balanslar baxımından diqqətçəkən mesajlar ehtiva edir.

Rubionun əsas vurğularından biri ABŞ-ın Ermənistanı digər ölkələrlə münasibətlərini məhdudlaşdırmağa məcbur etməməsidir. Bu bəyanat Vaşinqtonun regionda açıq bloklaşma siyasətindən daha çox, iqtisadi əməkdaşlıq və siyasi təsir alətlərinə əsaslanan yumşaq güc modelini üstün tutduğunu göstərir. Xüsusilə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin fonunda bu açıqlama Moskva-Vaşinqton rəqabətinin Cənubi Qafqazda daha da kəskinləşdiyini ortaya qoyur.

ABŞ rəsmisinin Ermənistanın daxili siyasi proseslərinə dair şərhləri də diqqət çəkir. Rubionun Paşinyan hökumətinə dair dolayı qiymətləndirmələri regionda seçki proseslərinin artıq yalnız daxili deyil, həm də geosiyasi rəqabət müstəvisində formalaşdığını göstərir. Bu isə Ermənistanın xarici siyasət kursunun həm Qərb, həm də Rusiya tərəfindən ciddi şəkildə izlənildiyini təsdiqləyir.

Açıqlamada xüsusi diqqət çəkən digər məqam “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsidir. Bu təşəbbüs ABŞ-ın regionda iqtisadi inteqrasiyanı təşviq edən yeni infrastruktur modeli kimi təqdim olunur və Ermənistan-Azərbaycan sülh prosesinin iqtisadi dayaqlar üzərində möhkəmləndirilməsinə yönəlib.

TRIPP layihəsinin mahiyyəti təkcə nəqliyyat bağlantılarının inkişafı deyil, həm də regiona ABŞ özəl sektorunun daha geniş miqyasda daxil olmasıdır. Bu baxımdan layihə həm investisiya axınlarını stimullaşdırmaq, həm də Cənubi Qafqazı Avrasiya logistika şəbəkəsinin mühüm halqasına çevirmək məqsədi daşıyır.

Ən mühüm siyasi məqam isə TRIPP-in Ermənistan və Azərbaycan arasında imzalanmış birgə bəyannamə ilə əlaqələndirilməsidir. Bu, sülh prosesinin təkcə diplomatik razılaşmalarla deyil, iqtisadi layihələrlə də dəstəklənməsi strategiyasının formalaşdığını göstərir. Beləliklə, sülh sazişi yalnız siyasi sənəd deyil, həm də regional iqtisadi inteqrasiyanın əsas çərçivəsinə çevrilir.

Nəticə etibarilə, ABŞ-ın yanaşması Cənubi Qafqazda klassik təhlükəsizlik mərkəzli siyasətdən iqtisadi inteqrasiya və investisiya yönümlü modelə keçidin siqnalı kimi qiymətləndirilə bilər. Lakin bu modelin reallaşması regionda Rusiya təsiri, Ermənistanın daxili siyasi dinamikası və Azərbaycanla davam edən sülh prosesinin sabitliyindən asılı olacaq.