“İspaniya və Argentina matçına baxanda, futbolun dünənini və sabahını gördüm"
Ötən gün Dünya Çempionatında İspaniya və Argentina futbol yığmaları arasında baş tutan matç İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Maçda gərgin mübarizə ilə yanaşı siyasi motivlər də diqqət çəkib.
Azərkeşlərin bəziləri, komandaya olan rəğbətini onun oyun potensialı ilə deyil, Fələstinə verdiyi dəstəklə əlaqələndirib. İspaniya Fələstin dövlətini rəsmən tanıyıb. Qəzzadakı hərbi əməliyyatları isə kəskin dillə tənqid edən ölkələrdən biri olub. Bu siyasətə görə İspaniya millisi azarkeşlər arasında Fələstin tərəfdarlarının rəğbət bəslədiyi komandaya çevrilib. Lakin bir çox insan ölkələrin siyasi maraqlarının və xarici kursunun futbola qatılmasını mənfi qarşılayır.
Mövzu ilə bağlı Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Sherg.az-a futbolu siyasiləşdirməyin əleyhinə olduğunu bildirib:
“İspaniya və Argentina matçına baxanda, futbolun dünənini və sabahını gördüm. İspaniya yığması taktiki və fiziki cəhətdən çox hazırlıqlı oynayırdı. Onlar futbol tarixində yeni bir fəlsəfə nümayiş etdirdilər. Bu mənim çox xoşuma gəldi. Lakin sırf Fələstinə verdiyi dəstəyə görə komanda seçmək futbolun əsl mahiyyətini ucuzlaşdırır. Təcavüzkar ölkələrə tətbiq edilən sanksiyalar İsrailin dövlət siyasətinə etiraz məqsədi daşıya bilər. Lakin hökumətin siyasi xətti ilə futbolu eyniləşdirmək və onları bir-birinə qatmaq düzgün yanaşma deyil”.
Professorun sözlərinə görə, meydançada iki komandanın oynamasının siyasətə heç bir aiddiyyatı yoxdur:
“Ona görə də bu yanaşmaları artıq və yanlış hesab edirəm. İdmanın bu dərəcədə siyasi alətə çevrilməsi, onun mahiyyətini kiçildir və insanlara yaşatdığı idman zövqünü aşağılayır. Futbola siyasi çərçivədən deyil, komanda işi və sağlam rəqabət prizmasından baxılmalıdır”.