Şuşa Bəyannaməsinin kökündə zəfərimiz dayanır

Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir


 Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlıq davam edir. Ənənəyə sadiq qalaraq iyunun 12-də qardaş ölkənin rəhbəri Rəcəb Tayyib Ərdoğan ilk dövlət səfərini yenə də məhz Azərbaycana etdi. Bu, ilk növbədə qardaşlıq duyğularının təcəssümüdür ki, iki ölkə arasında əlaqələrin təməlini təşkil edir. Həm də bu dövlət səfəri münasibətlərin ən ali mərhələdə olduğunu, dostluq və əməkdaşlığın dönməz xarakter aldığını göstərir. Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər iki dövlətin maraqlarını və xalqlarımızın mənafeyini əks etdirir. Bütün məsələlərdə, o cümlədən daxili və xarici siyasətdə ölkələrimiz arasında həmrəylik dərin kök salıb, beynəlxalq müstəvidə bir-birilərinin haqlı mövqelərini müdafiə edirlər. Təbii ki, dünya dövlətləri üçün nümunə təşkil edən Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə yüksəlməsi dövlət başçısı İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bilavasitə bağlıdır. Hər iki lider arasında mövcud olan dostluq münasibətləri ikitərəfli əlaqələrə də sirayət edib və genişləndirilib. 

Azərbaycanın Qarabağ bölgəsinə ilk səfər edən dövlət başçısı da məhz Prezident Rəcəb Tayyib Ərdoğan olub. Dünyada Azərbaycan və Türkiyə qədər aralarında bu qədər sıx qardaşlıq bağları olan ölkələr tapmaq çətindir. Dövlət başçılarının qardaşlıq münasibətləri bu gün xalqlarımız arasındakı əlaqələrdə də özünü göstərir. Tarixin heç bir dönəmində Türkiyə-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə bağlı apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. 

Bakı və Ankara qarşıya qoyulan hədəflərə çox sürətlə və birlikdə yaxınlaşırlar. Təbii ki, bütün bunlar iki siyasi liderin uzaqgörənliyi və səmimi əməkdaşlıqları sayəsində mümkün olub. Kənarda hazırlanmış bir çox xain planlar bu əməkdaşlıq, əzmkarlıq nəticəsində iflasa uğrayıb, təhdidlər zərərsizləşdirilib. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilə qardaş ölkələrimiz rəsmən müttəfiq oldular. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək üçün mühüm əhəmiyyət kəsb edib. Bu anlaşma Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açdı, regional sülh və təhlükəsizliyə töhfə verdi. Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar yaranıb. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi tam dəstək xalqımızı, Ordumuzu daha da ruhlandırdı. 

Diplomatik cəbhədə Azərbaycanın haqq işinə dəstək verən Türkiyənin siyasi rəhbərləri xaricdən edilən təzyiqləri zərərsizləşdirdilər. Bu gün Azərbaycanın bütün rayonlarında Türkiyə və Azərbaycan bayraqlarının yanaşı dalğalandığını görərik. Xalqımızın Türkiyəyə olan sevgisi səmimidir, içdən gəlir. Əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyə iki dost, qardaş ölkə olaraq yeni hədəflərə birlikdə çatacaq, yeni və daha böyük zəfərlər qazanacaqlar. 

Millət vəkili Bəhruz Məhərrəmov deyib ki, Ərdoğanın şanlı qələbəsinin sevincini bizimlə bölüşməsi XXI əsrin türk əsri olacağının müjdəsidir: 

“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan seçkilərdə inamlı qələbəsindən sonra ilk səfərini Azərbaycana etdi. Üstəlik, bu təşrif diplomatik protokol təsnifatında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini ehtiva edən Dövlət səfəri kimi reallaşdı”. 

Deputat bildirib ki, bu seçkilər Türkiyə üçün ikinci Çanaqqala savaşı idi və müdrik türk xalqı yenidən Ərdoğan deməklə parçalanmanın, potensial vətəndaş müharibəsinin qarşısını aldı, Türkiyə marionet dövlətə çevrilmək təhlükəsindən xilas oldu: 

“Bu gərgin periodda Türkiyə eyni zamanda dostunun, düşməninin kim olduğunu bir daha gördü. Türkiyə Qurtuluş savaşından 1 əsr sonra, cənab İlham Əliyevin simasında böyük Azərbaycan xalqının dar günün dostu olduğuna növbəti dəfə şahidlik etdi. Aydındır ki, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Amma mürəkkəb siyasi situasiyada cənab İlham Əliyev göstərdi ki, həm də güclü Azərbaycan elə güclü Türkiyə deməkdir.
  
Yəni bu gün biz, dostlarımıza ən azı dəstək gördüyümüz qədər, bəlkə də daha artıq formada kömək etməyə qadir gücük. Budur cənab İlham Əliyevin yaratdığı reallıq.
 
 Təsadüfi deyil ki, cənab Ərdoğanın seçkidəki rəqibləri onun özü ilə bərabər, həm də Türkiyəni güclü edən Azərbaycanı hədəfə almışdılar, amma o adamlar da, onların Çinə çəkəcəkləri yol da, Azərbaycanda feysbuk statuslarını onların fotoları ilə süsləyən kəsim də getdi, cənab prezident demişkən, o məşhur “statusun” yanına". Deputatın sözlərinə görə, müasir dünyada gedən proseslər göstərir ki, eyni kökdən olmaq hələ yaxşı münasibətlər üçün əsas deyil:

 “Eyni mənşəni, eyni dili təmsil edən, lakin düşmən olan beynəlxalq subyektlər var. Bu mənada, heç kəs unutmasın ki, Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir. Və biz müttəfiqliyimizi Şuşa bəyannaməsinə qədər tarixi proseslərin təbii axarında yüksəltməmişik. Bunun kökündə zəfərimiz dayanır, əmək dayanır, qətiyyət dayanır və siyasi iradə dayanır. Bu mənada Şuşa Bəyannaməsinin ikinci ildönümündə cənab Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri, şanlı qələbəsinin sevincini bizimlə bölüşməsi - bu iradənin davam edəcəyi və XXI əsrin türk əsri olacağının müjdəsidir. Bizim gücümüz, bizim birliyimiz, cənab Prezidentin dediyi kimi, “bir millət iki dövlət və bir yumruq” olmağımız isə bölgəmizdə sülhün, təhlükəsizliyin yeganə qarantıdır”.