ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbərliyinin öldürülməsinin səhv qərar ola biləcəyini etiraf edib. O bildirib ki, Vaşinqton hazırda danışıqları kiminlə aparacağını müəyyənləşdirməkdə çətinlik çəkir.
Sherg.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Tramp Ohayo ştatında çıxışı zamanı İran rəhbərliyinin məhv edilməsinə toxunaraq deyib: “Bəlkə də rəhbərlərlə bağlı həddindən artıq irəli getdik. Çünki artıq kiminlə, lənətə gəlmiş, iş apardığımızı heç bilmirik”.
ABŞ lideri İranda yaranmış vəziyyətə görə heç kimin ölkə rəhbəri olmaq istəmədiyini də iddia edib.
Qeyd edək ki, 2024-cü ilin iyulundan İran Prezidenti Məsud Pezeşkian, ölkənin ali dini lideri vəzifəsində isə atası öldürüldükdən sonra ictimaiyyət qarşısına çıxmayan Müctəba Xamenei göstərilir.
2026-cı ilin fevralında ABŞ və İsrailin İrana birgə zərbələri nəticəsində ölkənin bir sıra yüksəkvəzifəli siyasi və hərbi rəsmiləri, o cümlədən ali rəhbər Əli Xamenei, müdafiə naziri Əziz Nəsirzadə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur və Baş Qərargah rəisi Əbdürrəhim Musəvi həlak olublar.
Daha sonra zərbələr nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, kəşfiyyat naziri İsmayıl Xətib və SEPAH-ın kəşfiyyat rəhbəri Məcid Xadəmi də öldürülüb.