Arxa qapı diplomatiyası işə düşüb
ABŞ-İsrailin İrana qarşı apardığı müharibə dördüncü həftəsinə daxil olub. Geosiyasi qeyri-müəyyənlik və qlobal enerji sahəsindəki böhran dərinləşməkdədir. ABŞ ilə İran arasında son 24 saat ərzində “görüşdük-görüşmədik” müzakirələri gedir.
Xarici siyasət üzrə Türkiyəli ekspert və jurnalist Emre Diner Sherg.az-a bildirib ki, görünən odur ki, arxa qapı diplomatiyası işə düşüb:
"Trampın İsrail ilə birlikdə İrana qarşı apardığı əməliyyatları 9 apreldə başa çatdırmağı hədəflədiyi bildirilir. Lakin müharibənin uzanması və ABŞ-nin Orta Şərqdə qalmasını istəyən İsrailin məqsədi işğal siyasətini genişləndirməkdir. Tramp ilə İsrailin Baş naziri Netanyahu arasındakı İrana dair fikir ayrılığı isə daha qabarıq x görünən hala gəlib.
Burada yalnız İran deyil, eyni zamanda İsrailin də inandırılması və “atəşkəs” şüuru ilə hərəkət etməsinin təmin edilməsi üçün çoxşaxəli diplomatik səylər aparılmalıdır.
Bu baxımdan, Tehran və Vaşinqton arasındakı görüşlərin Türkiyə, Misir və Pakistanın təşəbbüsü ilə həyata keçirildiyini deyə bilərik".
Emre Diner vurğulayır ki, Orta Şərqdəki müharibə böhranı artıq yalnız regional məsələ olmaqdan çıxıb. Müharibənin enerji aspekti isə daha aydın hiss olunur:
"Hazırda, İran qüvvələrinin Hürmüz Boğazını faktiki olaraq bağlaması, neft, təbii qaz və gübrə daşımalarının böyük ölçüdə məhdudlaşdırılması dünya miqyasında təsir göstərir.
Dünyanın neft təchizatının beşdə biri bu boğazdan keçir və müharibənin fevral ayının sonlarından başlamasından bəri neft qiymətləri təxminən 50% artıb".
Ekspert qeyd edir ki, müharibəni başa çatdırmaq üçün üç əsas istiqamətdə strategiya izləmək mümkündür:
"Əvvəlcə enerji təchizatına dair dəniz nəqliyyatının azadlığını təmin etməyə yönəlmiş beynəlxalq sülh və təhlükəsizlik qrupunun yaradılması üçün mövcud koalisiyanın genişləndirilməsi lazımdır.
Bu çərçivədə Türkiyə, Azərbaycan, Çin, Pakistan, İndoneziya, Oman, Qətər və Səudiyyə Ərəbistanı kimi aktorlar prosesə daxil edilməlidir. Vaşinqton ilə Tehran arasında boğaz üzərində yaranmış qarşıdurma bir gərginlik dövrünə qədəm qoyub və mövcud beş günlük müddətin son dərəcə həssas olduğu görünür.
Sözügedən koalisiyanın və yeni üzvlərin tərəfləri genişmiqyaslı atəşkəsə yönəltmək üçün təzyiq göstərməsi vacibdir.
Lakin bu mərhələdə ABŞ-nin qrupdan xaric edilməsi önəm daşıyır; çünki bu, təşəbbüsün İrana qarşı müharibə koalisiyası kimi qəbul edilməsinə səbəb ola bilər".
Emre Diner tərəflər arasında atəşkəsin təmin edilməsi üçün vacib şərtləri də açıqlayıb:
"Əvvəlcə Vaşinqtona yönəlmiş bir təklif hazırlanmalıdır. ABŞ Prezidenti Trampın boğazın açıq qalmasına verdiyi prioritet nəzərə alınaraq, qrupun dəniz nəqliyyatının azadlığını bərpa etmə rolunu, lazım gəldikdə dəniz qüvvəsinin yerləşdirilməsini də əhatə edəcək şəkildə, mütləq atəşkəs şərti ilə əlaqələndirilməlidir.
İran və İsrailin atəşkəsi qəbul etməsi təmin edilməlidir. Bu proses daha geniş siyasi təklif ilə əlaqələndirilməlidir. Atəşkəs qüvvəyə minəndən sonra koalisiyanın enerji daşımalarına dəniz müşayiəti təqdim etməsi, İranın dəniz ticarət yollarına yönəlmiş təxribat fəaliyyətlərini dayandırmasını təmin edə bilər.
Humanitar aspekt mütləq nəzərə alınmalıdır. Atəşkəs üçün zəmin yaratmaq məqsədilə qrup, qida və gübrə daşımalarına imkan tanıyacaq ilkin razılaşmanın təmin olunması üçün BMT-nin vasitəçilik səylərini dəstəkləməlidir. Bu mexanizm, 2022-ci ildə Türkiyə və BMT-nin təşəbbüsü ilə həyata keçirilmiş Qara dəniz Taxıl Təşəbbüsü nümunəsi əsasında qurularsa nəticə əldə etmək mümkündür.
Uzunmüddətli sabitliyin təmin olunması üçün:
Hürmüz Boğazında mina təmizləmə və müşahidə fəaliyyətlərini həyata keçirmək üçün dəniz qüvvəsi yerləşdirilməlidir.
ABŞ-İran atəşkəsinin davamlılığını təmin etmək məqsədilə dəniz nəqliyyatının azadlığı təmin olunmalıdır.
İranın enerji infrastrukturunun yenidən qurulmasına yönəlmiş investisiyalar daxilində daha geniş ABŞ-İran sülh sazişinin dəstəklənməsi təklif edilməlidir.
Bu çərçivədə xüsusilə bərpa olunan enerji sahəsinə diqqət yetirilməlidir. Fosil yanacaqlardan imtina strategiyası qlobal sülhə töhfə verə bilər".
Türkiyəli ekspert daha uzunmüddətli tədbirlər üçün isə aşağıdakıları tövsiyə etmək olar deyir:
"Xüsusilə Azərbaycan və Türkiyə, geosiyasi üstünlükləri və strateji tərəfdaş olan iki dövlət olaraq, enerji mənbələrini eyni zamanda yaşıl enerji sahəsində şaxələndirməlidir.
Qlobal ticarət yollarında kritik keçid nöqtələri davamlı dəniz mövcudluğu ilə təmin edilməlidir.
Hörmüz Boğazındakı təzyiqi azaltmaq üçün Orta Şərqdən Avropaya uzanan yeni boru kəmərlərinə investisiya qoyularaq alternativ tədarük marşrutları inkişaf etdirilməlidir.
Orta Şərqdəki müharibəni yalnız ABŞ,İsrail- İran oxu əsasında qiymətləndirmək düzgün olmaz. Bu müharibə əslində Çinin bütün diqqətini yönəltdiyi bir münaqişədir. Xüsusilə bu müharibədə ortaya çıxan əsas arqumentlərdən biri ABŞ-nin məhdud sayda müdafiə raketlərinə malik olmasıdır. Pekin isə ABŞ-nin müharibədə qalaraq mövcud sursatlarının tükənəcəyini hesab edir.
ABŞ Prezidenti Trampın müharibəni başa çatdırmasında əsas səbəblərdən biri də Çinin gələcəkdə Tayvana qarşı hücumunu öncədən əngəlləmək ola bilər. Çünki ABŞ-nin raket müdafiə sistemlərinin təchizatını artırmasından əvvəlki 18 ay ərzində Avrasiya sahili boyunca, Cənubi Çin Dənizi və Tayvan Boğazı ilə Malakka Boğazına qədər olan həssas bölgə, Çinin Tayvana hücum üçün ən əlverişli zaman kəsiyi hesab olunur.
Nəticə etibarilə, Orta Şərqdəki müharibənin sona çatması yalnız qlobal enerji qiymətlərindəki artımı və geosiyasi qeyri-müəyyənliyi aradan qaldırmaqla kifayətlənmir, həm də Çinin Tayvanı ələ keçirməsinin qarşısını almaq üçün vacibdir".