Rusiya ABŞ Prezidenti Donald Tramp tərəfindən Ukrayna ilə bağlı təqdim edilən ilkin sülh planından sonra daha dörd yeni sənəd alıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, əlavə sənədlər Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ nümayəndələri Steven Uitkoff və iş adamı Cared Kuşner arasında keçirilən görüşdə müzakirə olunub.
Uşakov bildirib ki, ilk təqdim olunan sülh planı 27 maddədən ibarət olub, lakin həmin variant üzrə müzakirələr aparılmayıb. Daha sonra bu sənəd üzərində işlənərək dörd yeni versiya hazırlanıb.
Kreml nümayəndəsi sənədlərin məzmununu açıqlamayıb, yalnız onların Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinə dair məsələləri əhatə etdiyini vurğulayıb.