Fevralın 14-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekçyanın Ermənistana təhvil verilməsi cəmiyyətdə ciddi qınaq obyektivə çevrilmişdi. Həmin hadisədən sonra bütün diqqətlər sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə ittiham olunan Ruben Vardanyana yönəldi. Məhkəmənin hökmünə əsasən, R.Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mövzu ilə əlaqədar siyasi şərhçi, Asif Nərimanlı Sherg.az-a bildirib ki, R.Vardanyanın azadlıq ümidləri puça çıxdı:
“Erməni diasporu və lobbisi Bakıda məhkəmə qarşısına çıxarılanların azad edilməsi ilə bağlı kampaniyada, xüsusilə Vardanyana üstünlük verirdi. Bunun əsas səbəbi Vardanyanın maliyyəsi və nüfuzlu əlaqələridir. Misal üçün, USAİD-in rəhbəri, “erməni soyqırımı”nı qətiyyətlə müdafiə edən və Azərbaycana qarşı sərt mövqe tutan Samanta Pouerlə Vardanyan arasında yaxın münasibətlər olmuşdur. Birincinin bu münasibətlərdən gəlir əldə etdiyi haqda məlumatlar da var. R.Vardanyanın Bakıda aparılan istintaqda, S.Pouerlə bağlı vacib məlumatlar verdiyi də deyilir”.
A.Nərimanlı, R.Vardanyanın vaxtilə Qarabağa gəlişinin səbəblərinə də toxundu:
“Vardanyan, separatçılar arasında ən azıdan özünün azad ediləcəyinə ümid bəsləyirdi. Lakin nə maliyyəsi, nə də nüfuzlu əlaqələri onu xilas edə bildi. Onun məhkəmə qarşısına çıxarılması təkcə ədalətin bərpası deyil, həm də beynəlxalq cinayətlərin qarşısının alınması və Ermənistan siyasətinə yön vermək deməkdir. Onun Qarabağa gəlişinin hədəflərinə baxdıqda bunu aydın şəkildə anlamaq mümkündür. Vardanyan Qarabağa çirkli pulların yuyulmasını davam etdirmək və Qərb sanksiyalarından yayınmaq məqsədilə gəlmişdi. Onun “Troyka dialoq” bankı uzun illər çirkli pulların yuyulması məqsədilə platforma kimi istifadə olunub. İşğal dövründə Qarabağa yatırdığı “xeyriyyə” məqsədli “investisiya”lar da, çirkli pulların yuyulmasına xidmət edirdi. “Forbes”in məlumatına görə, Ruben 2001-2023-cü illərdə Ermənistan və Qarabağa 700 milyon dollardan çox sərmayə qoyub. Təkcə 2022-ci ildə, Xankəndiyə səfəri zamanı 900 min dollar xərcləyib”.
Politoloqun sözlərinə görə, Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyaların hədəfinə çevrilən Vardanyan, Qarabağa qaçmaqla günahını siyasi vitrin vasitəsilə “təmizləməyi” düşünürdü:
“O hesab edirdi ki, Qarabağda xərclədiyi pullar Qərbdə separatçıları dəstəkləyənlər tərəfindən alqışlanaraq, Rusiyanın etimadını doğruldacaq. Əslində buna müəyyən qədər nail oldu. Xankəndində “xilaskar” obrazının yaradılması fonunda Ermənistan siyasətinə qoşulmaq istiqamətində addımlar da atdı. Lakin bu ssenari Kremlin mətbəxində hazırlanmış planın tərkib hissəsi idi. Separatçıları qorumağa çalışan Rusiya, əlavə maliyyə xərcləməmək üçün Vardanyanın vəsaitindən istifadə etdi. Xankəndidə plan baş tutmayacağı təqdirdə, Ruben İrəvana “artsaxın qəhrəmanı” kimi gedəcək, “oliqarx siyasətçi” kimi Paşinyana qarşı siyasi mübarizənin liderinə çevriləcəkdi. Bu baxımdan, Rubenin Xankədidən İrəvana gedərkən, Laçın postunda həbs edilməsi və məhkəmə hökmü ilə cəzalandırılması Bakının regional prosesləri nəzarətdə saxladığını ortaya qoyur”.
Aybəniz Səfərova