XİN: Ermənistan bir neçə yolun sinxron istifadəsi müzakirələrindən nümayişkaranə yayınıb

“25 iyul tarixində Moskvada bir neçə yolun sinxron istifadəsi məsələsi xarici işlər nazirlərinin üçtərəfli görüşündə yenidən müzakirə mövzusu oldu. Bu, Rusiya tərəfinin təklif etdiyi formula idi. Azərbaycan bu variantı nəzərdən keçirməyə hazır olduğunu bildirərək yekunda öz razılığını verdi. Ermənistan isə konkret müzakirələrdən nümayişkaranə yayındı”.

APA xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyilib.
“Bunun qarşılığında, Ermənistan ertəsi gün əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə "humanitar konvoy" göndərdi. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və bu istiqamətdə növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribat idi”, - əlavə olunub.