İnsanlar tələf olur, xəsarət alır, külli miqdarda maddi ziyana düşürlər, cavabdeh isə tapılmır
Alt mərtəbədə icarəyə verilən ofislər, zirzəmidə gizlənən təhlükə hər an böyük fəlakətlər gətirə bilər
Paytaxtda son 2 gündə baş verən faciəli qəzalar tikinti normalarına, təhlükəsizlik qaydalarına əməl edilməməsi, məmur səhlənkarlığı və məsuliyyətsizliyinin necə acı nəticələrə səbəb olduğunu bir daha göstərdi. Yasamal rayonu, Nərimanov rayonu, “AFEN Plaza” biznes mərkəzində dünən səhər saatlarında baş vermiş partlayış da səhlənkarlıq və məsuliyyətsizliyin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumata görə, “112” qaynar xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri və təcili ayrdım briqadaları cəlb olunub. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. “İki-üç gün öncə ərazidə aparılan qazma işləri zamanı qaz xətti zədələnmişdi. Həmin hissəyə calaq qoyuldu. Ola bilsin, düzgün calanmayıb və sızma olub”. Bu sözləri partlayış baş verən “AFEN Plaza” biznes mərkəzinin komendantı Amil Bağırov açıqlamasında deyib. O ehtimal edir ki, calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib: “Buna görə də işçi gəlib işığı yandıran zaman partlayış baş verib”. Komendantın sözlərinə görə, yaralananlar arasında həyati təhlükəsi olan yoxdur: “Yaralananların xəsarəti çox da ciddi deyil. Hadisə baş verəndə burada idim, partlayış səsini eşitdim”. Nərimanov rayonunda “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışın təsirindən ofisin yaxınlığında yerləşən tikililərə zərər dəyib. Hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb, evlərin pəncərələri qırılıb. “Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”. Bu açıqlama isə “AFEN Plaza”nın sahibi Əbülfət Əliyevindir. Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.
Bir neçə gün əvvəl Yasamalda baş verən yanğın zamanı isə 3 nəfər - 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. “Baku-post.az” xəbər verir ki, sakinlər baş verən faciəyə görə binadakı obyektin sahibi və icarədarını - "Loft" restoranının rəhbərliyini günahlandırır. Əlbəttə, kimin həqiqətən günahkar olduğu hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq. Bununla belə, yanğında həlak olan binanın komendantı Samir Məhəmmədov hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edərək, zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini bildirmiş və müxtəlif sənədlər təqdim etmişdi. Lakin qarşı tərəflərlə əlaqə saxlamaq cəhdlərimizin baş tutmadığı üçün materialın yayılması yubandı. Artıq faciəli hadisədən sonra bütün tərəflərin mövqeyi mediada işıqlandırılıb.
Digər məlumata görə, baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova “Yeni Klinika”ya köçürülüb. Bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib. “Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin”, - paylaşımda deyilir. Bildirilir ki, Ləmanın vəziyyəti ağır olaraq qalır. Baş vermiş güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialara isə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev “Real TV”yə açıqlamasında aydınlıq gətirib: “Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni həmin qapı təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşdırır”. Xidmət rəsmisi baş vermiş faciə ilə bağlı irəli sürülən digər iddiaya, quraşdırılmış elektrik şarj aparatları ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, FHN bu avadanlıqların quraşdırılmasında rəy və icazə verən orqan deyil. Yasamalda baş verən yanğın zamanı bina sakinlərinin xəsarət alma riskini daha da artıran amillərdən birinin binanın yalnız bir giriş-çıxışının olması bildirilir. Sakinlərin dediyinə əsasən, digər qapı “Loft” restoranı tərəfindən nəzarətə götürülərək qapadılıb. Onlar dəfələrlə aidiyyəti qurumlara şikayət etdiklərini desələr də, heç bir cavab almayıblar.
Yasamalda yanan binadakı obyektin sahibi Vüqar Abbasov “İctimai TV”yə açıqlamasında bildirib ki, həmin obyektləri 2023-cü ildən icarəyə verib: “Həm “Loft Restoranı”, həm də “Loft Dent” klinikası kimi fəaliyyət göstərir. Təmir zamanı “Azərişıq”dan 160 kV-lıq əlavə texniki şərt almışıq. Bu isə o deməkdir ki, obyektlər binanın ümumi elektrik xəttinə qoşulmayıb, hər birinə ayrıca xətt çəkilib. Əgər yanğın baş veribsə, bu obyektlərin biri digərinə cavabdeh deyil. Əgər mənim obyektimdə baş veribsə, qonşu obyektin məsuliyyəti yoxdur və əksinə. Lazımi sənədləri aidiyyəti qurumlara təqdim etmişik, istənilən ekspertiza və yoxlamaya da açığıq. Restoranın ümumi elektrik istifadəsi maksimum 20-30 kV təşkil edir. Halbuki bizə verilmiş texniki şərt 160 kV-lıqdır. İstiliyin tüstülənmə yaratması üçün gərginlik bu həddi aşmalıdır. Sadəcə olaraq, bizim elektrik şitimiz binanın şaxtasının altında yerləşirdi. Yanğın da həmin şaxtada baş verdiyindən ərimiş materiallar bizim şitin üzərinə tökülüb. Lakin biz həmin şitə heç bir müdaxilə etməmişik. Sakinlərin bildirdiyinə görə, tüstü “trap”lardan da çıxıb. Əgər binanın müxtəlif yerlərindən tüstü çıxırsa, necə bizim obyektdən çıxmasın?”. Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti açıqlama yayıb. Yanğının başvermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub. Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev baş vermiş hadisələrlə bağlı açıqlamasında qeyd etdi ki, tikinti və təhlükəsizlik normativ qaydalarına əməl olunmaması bu cür faciələrə gətirib çıxarır:

- Ümumiyyətlə, hər hansı tikinti ilə bağlı layihələndirmə aparılarkən təhlükəsizlik qaydalarına, norma və standartlara ciddi şəkildə riayət olunmalı, tikinti işləri layihə əsasında bu normalara əməl edilməklə icra olunmalıdır. Yanğından mühafizə, təxliyə yolları, ehtiyat çıxış qapıları, ətraf mühitin təhlükəsizliyi və sair. bunlar hamısı layihədə nəzərə alınmalı və işlər buna uyğun aparılmalıdır. Çoxmənzilli yaşayış binalarında 1 deyil, br neçə çıxış qapısı olmalı, baş verə biləcək hər hansı gözlənilməz təhlükə zamanı sakinlərin təxliyə olunması üçün lazımi şərait yaradılmış olmalıdır. Təəssüf ki, təhlükəsizlik qaydalarına bir çox hallarda riayət olunmur. Binaların giriş-çıxış qapıları bəzən obyektlər tərəfindən tutulur, qapadılır. Yanğından mühafzə sistemləri işləmir. Elektrik naqilləri, elektrik şitləri, qaz, su xətləri düzgün quraşdırılmır. Sızmalar baş verə bilir. Bunu dəfələrlə bildirmişik ki, binaların həyətində mütləq ehtiyat su çəni, yanğın hidrantları, su dirəkləri, yanğın siqnalizasiya vasitələri, avadanlıq və qurğuları olmalı və daim işlək, saz vəziyyətdə olmalıdırlar. Binanın həyətində hər hansı fövqəladə vəziyyət, yanğın zamanı su çənindən istifadə üçün ehtiyat çənin ətrafında 12 metr radiusunda möhkəm döşəmədən ibarət olan meydança olmalıdır ki, həmin maşınlar onun ətrafından fırlanıb həmin ehtiyat su çənindən istifadə edə bilsinlər. Ümumiyyətlə, binaya nəzarət edən şirkətlə, kommendant məsuliyyət daşımalıdır. Düzdür, insanların da üzərinə məsuliyyət düşür, onlar da diqqətli olmalıdırlar. Komendant borcludur ki, bunları təmin eləsin. Binanın həyətində yolun hərəkət istiqamətində nəqliyyat vasitələrinin saxlanmamasına şərait yaratmalıdır. Yəni onu təmin etməlidir. Buna görə o, məsuliyyət daşıyır. Binaların giriş-çıxışları digər obyektlər tərəfindən qapadılır, yanğınsöndürənlər binalara yaxınlaşa bilmir. Həyət yox, meydança yox. Biz bunu zəlzələ təhlükəsi zamanı deyirdik ki, yaşayış binalarının həyəti, meydançası olmalıdır ki, zərurət yarandıqda sakinlər həyətdə dayana bilsin. Şəhərdə bir çox binaların nə həyəti var, nə qarajı. Avtomobillər yolu kəsir, hərəkət etmək qeyri-mümkünləşir. Əksər binaların alt mərtəbələri ofislərə, restoran-kafelərə, iaşə obyektlərinə icarəyə verilir, əlavə konstruksiyalar quraşdırılır və tikinti normaları, təhlükəsizlik qaydaları pozulur. Binaların zirzəmi hissəsində bu cür işlər görmək real təhlükədir. Bu, o deməkdir ki, əyləşdiyiniz evin altına sanki dinamit yerləşdirilib. Nə vaxtsa partlayacaq. Bir hadisə baş verəndə hərə bir icazə sənədi çıxarıb göstərir. Kim, hansı qurum və nəyin əsasında verir bu icazəni? Aidiyyəti üzrə qurumlar buna görə məsuliyyət daşımalı, təhlükəsizlik normalarına riayət edilməyən tikililər təhvil alınmamalı, sakinlərin məskunlaşmasına icazə verilməməlidir. Amma təəssüf ki, bu cür hadisələr baş verir, kimin məsuliyyət daşıdığı isə məlum olmur. Ayrı-ayrı qurumlar “bizə aid deyil, biz baxmırıq bu məsələlərə” deyib, yaxalarını kənara çəkirlər.
İnsanlar tələf olur, xəsarət alır, külli miqdarda maddi ziyana uğrayırlar, cavabdeh isə tapılmır.