“1990-cı ilin Qanlı Yanvar hadisələrinin xronoloji təhlildən çox mahiyyətcə izahına ehtiyac var. Şübhəsiz ki, SSRİ bütün təminatı ilə mövcud və güclü əsaslara sahib idi. Sadəcə 1988-ci ildə başlayan Meydan hərəkatı Azərbaycan xalqını tamamilə yeni ideoloji-siyasi mərhələyə daşımışdı”.
Bu sözləri Sherg.az-a beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib:
Eksperin sözlərinə görə “Homo Sovetus” olaraq yetişdirilən Azərbaycan Sovet xalqı ideoloji baxımdan rejim proqramına tam uyğun yetişdirilsə də, meydanda yaşananlardan sonra xalq artıq yeni baxışlara ehtiyac duyurdu:
“Çünki o dövrün Azərbaycan əhalisi mükəmməl məktəb təhsilini tamamlamış, yüksək mədəni və intellektual səviyyəyə malik idi. Baş verənləri dərhal anlayır və nəticə çıxararaq yeni istiqamətlər axtarırdı. Şübhəsiz ki, meydandakı tribunalar boş qalmadı. Bəs ictimai sifarişin gözləntisi və sifarişi xırda liderlərin pafosu altında itib-batmağa niyə möhtac idi? Bu da tarixin başqa bir dilemmasıdır, digər mühüm detal isə mitinq liderlərinin ictimai-siyasi çevrədən yox, ədəbi-mədəni və elmi çevrələrdən çıxmasıdır”.
Ə. Əlibəyli qeyd edib ki, həmin dövrdə Edgar Savisaar, Dainis İvaniş kimi siyasətdən gələn liderlərin olduğu oxşar respublikalarda hədəf və kadrlar daha dəqiq müəyyən olunurdu:
“Gürcü yazıçısı, millətçisi Zviadı çıxmaqla, Levon Ter-Petrosyan Moskvada Şərqşünas olmamışdan öncə, də doğulduğu Hələbdə gəncliyini savaşlara həsr etmişdi. 20 Yanvar Faciəsinin mahiyyəti isə məlumdur: Daxili xüsusi xidmət orqanları ilə SSRİ hərbi gizli rəhbərliyi siyasi hökmü icra edərək, xalqa amansız divan tutdular. Müdaxilə üçün daxildə şərait yetişdirilmişdimi? Bu sual da öz cavabını zaman keçdikcə tapır. Vəzirov bəsirətsizliyinin Mütəllibov səriştəsizliyinə çevrilməsi ölkə üçün yaxşı nəsə gətirmədi. Amma tarix üçün, tarixin sosiologiyası üçün əla materiallar verdi”.
Ekspert vurğulayıb ki, dünyada çöküşün başlanması Qarabağ laylarının titrəməsi ilə hərəkətə keçdi:
“Meydan hərəkatı və Qarabağ müharibəsi SSRİ-nin dağılmasına səbəb oldu, köhnə dünya dövrü isə sona çatdı. Sosialist düşərgə, kapitalizm qarşısında ulduzlarını söndürdü. 30 il sonra yeni dünya nizamının qurulması, Qarabağla başlayacaq və Vətən müharibəsi nəticəsində geosiyasi şərtlər dəyişəcəkdi. Lakin, buna qədər hakimiyyəti iki ilə yaxın idarə etməyə çalışan Ayaz Mütəllibov artan müxalif təzyiq qarşısında hakimiyyətdən göndərildi. Şübhəsiz ki, ordusu məhv edilmiş komandirin sağ qalması da imkansızdır. Qaradağlı faciəsi ilə onun real imkanları bitmişdi”.
Analitikin qənaətinə görə A. Mütəllibovun gedişi yeni bir dövrün başlanğıcını qoydu:
“2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun (sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu) qüvvəyə minib. Bununla da A.Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edir. Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməzdi. A.Mütəllibov uzun müddət ərzində özünü unutdurdu. Siyasi kuluarlarda onu arada bir Araz və Zərdüşt qardaşlarının müsahibələrində xatırlasaq da bir gün gözlənilməz hadisə baş verdi”.
Ə.Əlibəyli qeyd edib ki, 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirilirdi:
“Paşinyan debatda absurd və həmişəki ampluasında qalaraq qəribə çıxışları ilə yadda qalır. O Xocalı faciəsinin guya Azərbaycan tərəfindən həyata keçirildiyi iddia etdi. N.Paşinyan bunu deyərkən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovdan “sitat da gətirir”. İlham Əliyev isə ona tutarlı cavab verdi. Ölkə başçısı qeyd edib ki, internetdə axtarış aparmaqla kimin həqiqəti deməsini müəyyənləşdirmək olar. İ.Əliyev bu çıxışdan sonra Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın işğal etdiyi torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Qəribə bir vəziyyət yaranır. Az qala, Azərbaycanda belə hamının unutduğu Mütəllibovu Paşinyan hardan tapmışdı?”.
Ekspert vurğulayıb ki, sabiq prezident Ayaz Mütəllibov dərhal N.Paşinyana Azərbaycan Televiziyasının "HƏFTƏ" proqramına müsahibəsində cavab verir:
“O, Paşinyanın sözlərinin real əsası olmadığını və danışığının tamamilə yalandan ibarət olduğunu bildirir. Sabiq prezident qeyd edib ki, hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqə uyğun deyil, həm də qeyri-obyektivdir. Paşinyan ictimaiyyət qarşısında rüsvay olur. Axı hər sözü məsuliyyətsizcəsinə deyən Baş nazir hardan biləydi ki, A.Mütəllibov sağdır və onun arqumentini bütün dünyanın gözü önündə özü də rus dilində təkzib etməklə rəzil duruma salacaq”.
Ə. Əlibəylinin sözlərinə görə, Mütəllibov ziddiyyətli tarixi keçmişini ölümündən iki il əvvəl Azərbaycana müstəsna xidmətlə yekunlaşdırdı:
“O, ömrü ilə, Paşinyanı diplomatik meydanda yalançı çıxarmaqla gözdən salan Prezident İlham Əliyevə güclü arqumentlərdən birini verdi. Vətən müharibəsini gördü, uğrunda savaşılan torpaqların azadlığına şahid oldu. Azərbaycana son günlərində tarixi xidmətini edə bildi. 12 may Ayaz Mütəllibovun doğum günü idi. Düzü və səhvi ilə tariximizdə yerini aldı. Artıq o, son xidmətləri ilə Fəxri Xiyabanı haqq etmişdi”.