Musiqi məktəblərini bağlamaq yox, məzmununu yeniləmək lazımdır - EKSPERT

Nabatəli Qulamoğlu: "Azərbaycanda musiqi müəllimlərinin attestasiyası formal xarakter daşıyır"

"Son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də mühüm islahatlar keçirilir".

Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda təşkil etdiyi ictimai dinləmədə deputat Ceyhun Məmmədov deyib. Deputat qeyd edib ki, incəsənət məktəblərində də islahatların aparılması zamanın tələbidir və bununla bağlı təkliflərini verirəm: "Sertifikasiyadan keçməyən incəsənət müəllimlərinin mümkün qədər yardımçı işlərlə təmin olunması və ya hansısa dəstək verilməsi məsələsinin gündəmdə saxlanılması. Təhsil sahəsində təxminən 13 min müəllim imtahanlardan kəsilib. Təxminən 1000 nəfər işlə təmin olunub. Nəzərə alsaq ki, paralel olaraq digər qurumlarda da islahatlar həyata keçirilir bu həssas məqamı mütləq nəzərə almalıyıq. Əks halda bu gələcəkdə sosial gərginliyə də səbəb ola bilər.

Əgər müəllimlərin maaşına eyni sistemlə yanaşılacaqsa, ballar arasında fərqin çox olmamalıdır. Təklif olunan rəqəmlər 10, 20, 30-dur. Təbii ki, əgər maaşlarda artım olacaqsa.

Musiqi məktəblərinə qəbul yerlərinin azaldılmasında daha ehtiyatlı yanaşma. Bu da çox önəmlidir. Bölgədən bölgəyə bu rəqəmlərdə fərqlər müşahidə olunur.

Musiqi məktəblərinin bağlanması məsələsinə həssas yanaşılmalıdır. Təhsildə belə proses gedir. Əgər belə olacaqsa, bu prosesin məskunlşma başa çatdıqdan sonra həyata keçirilməsi daha yaxşı olar.

İşğaldan azad olunmuş ərazilərdə yeni musiqi məktəblərinin açılmalıdır. Xüsusən də, Cəbrayıl rayonunda belə bir problem var. Gələcəkdə bu məqamı nəzərə almağı xahiş edirəm".

Təhsil eksperti Nabatəli Qulamoğlu Sherg.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində musiqi və incəsənət müəllimlərinin qiymətləndirilməsi daha çox praktik və çoxşaxəli yanaşmalar əsasında həyata keçirilir:

"Almaniyada musiqi müəllimləri üçün attestasiyalar əsasən praktiki dərs nümunəsi, canlı ifa və şagirdlərlə real dərs zamanı müşahidə əsasında aparılır. Finlandiyada isə müəllimin bədii düşüncə tərzi, musiqi tarixi bilikləri və sinif içində yaradıcılıq stimullaşdırma bacarığı əsas meyar sayılır. Bu yanaşmalar müəllimin peşəkar potensialını daha obyektiv ölçməyə imkan verir və səriştənin yalnız yazılı testlərlə müəyyən edilə bilmədiyini təsdiqləyir. Təəssüf ki, Azərbaycanda keçirilən attestasiyada bu cür multidissiplinar və praktik ölçmə mexanizmləri tətbiq edilməyib. Əksinə, qiymətləndirmə formallığa çevrilib və kütləvi şəkildə müəllimlərin nəticələrinə mənfi təsir göstərib. Bu, sadəcə fərdi narazılıq doğurmur, həm də mədəniyyət təhsili sisteminə olan inamı sarsıdır.

Biz illərdir deyirik ki, müəllim hazırlığı və işə qəbul prosesi şəffaf olmalıdır. Bu insanları sadəcə "işlə təmin etmək" problemi həll etmir. Əsas sual odur ki, onların yerinə gələcək kadrlar varmı? Əgər biz keyfiyyət istəyiriksə, peşəkar olmayan kadrlar sistemdən uzaqlaşmalıdır, lakin bu, dövlətin sosial məsuliyyəti çərçivəsində, onların yenidən hazırlanması yolu ilə edilməlidir. Yardımçı iş problemdən müvəqqəti çıxış yoludur”.

Musiqi məktəblərinin bağlanması və ya qəbulun azaldılmasına gəldikdə isə ekspert bu məktəblərin bölgələrdə yeganə mədəniyyət ocağı olduğunu deyib:

“Onları bağlamaq yox, məzmununu yeniləmək lazımdır. İncəsənət təhsilini büdcə yükü kimi deyil, strateji resurs kimi görməliyik. Azad olunmuş torpaqlarda yaradılacaq musiqi məktəblərinə də köhnə təhsil modelini daşımamalıyıq. Orada açılacaq incəsənət məktəbləri müasir, texnoloji və dünya standartlarına uyğun olmalıdır. Bu, həm də insanların geri qayıtması üçün stimul olar”.