1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır

  • Həsən bəy Zərdabinin məzarı önündə müqəddəs peşənin keçmişindən, bu günündən və sabahından danışıldı

Təqvim 22 iyul 2026-cı ili, saatın əqrəbləri isə təxminən günorta bir radələrini göstərir. Əllərimizdə al-qırmızı qərənfillərlə Fəxri xiyabanın girişindəyik. Hava istidir, ətrafda qəribə bir sakitlik hökm sürür. Bu sakitliyi isə ziyarətə gələn insanların asta addımları və pıçıltı ilə deyilən bayram təbrikləri pozur...Axı bu gün Milli Mətbuat Günüdür. Biz isə Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabini ziyarət etməyə gəlmişik. Digər tərəfdən də bu yol bizi təkcə ustadın məzarına aparmır, həm də mətbuat tariximizin başlanğıc nöqtəsinə, "Əkinçi"nin səhifələrinə, xalqın maariflənməsi uğrunda aparılan mübarizəyə aparır.

Qocaman şərqçilərlə, gənc şərqçilər eyni cərgədə irəlləyirlər. Aramızda xeyli yaş fərqi var, amma məqsədimiz birdir- bu peşənin keçmişini xatırlamaq, bu günü dəyərləndirmək və gələcəyinə sahib çıxmaq...

Yol boyu qarşımıza müxtəlif media orqanlarının nümayəndələri çıxır. Bir-birimizi Milli Mətbuat Günü münasibətilə təbrik edirik. Hər kəsin üzündə xoş bir təbəssüm var. Bu gün sanki rəqabət yox, həmrəylik günüdür.

Addımladıqca "Şərq" qəzetinin baş redaktoru, müəllimim Akif Aşırlı söhbətə başlayır, bizi o dövrə təxminən üç əsr öncəyə aparır...Həsən bəy Zərdabidən, "Əkinçi"dən, Azərbaycan mətbuatının keçdiyi keşməkeşli yoldan bəhs edir.

Düzünü desəm, bu söhbətləri ilk dəfə eşitmirəm. Akif müəllim auditoriyada da, redaksiyada da, səfərlərdə də hər fürsətdə yorulmadan mətbuat tariximizdən danışır, bizləri maarifləndirir. Anlayıram ki, elə buna görə "Şərq" adi redaksiya deyil. "Şərq" məktəbdir. Bura xəbərin yazılması, vicdanlılıq, obyektivliklə yanaşı bizlərə sözün əsl mənasında mətbuat tarixi keçir. Bir daha sevinirəm, nə yaxşı ki, yolum "Şərq"dən keçib...

Nəhayət, Həsən bəy Zərdabinin məzarı önünə çatırıq. Bir anlıq hamı susur...Axı sükut bəzən ən təsirli çıxışdan da güclü olur.

Əlimizdəki qərənfilləri ehtiramla məzarın üzərinə qoyuruq. Fatihə oxuyuruq. Hər kəs düşüncələrə dalır. Sanki hər birimiz öz içində Həsən bəy Zərdabi ilə söhbət edir, dövrün problemlərindən də, irəlləyişlərindən də danışır...

Elə bu an gözlənilməz bir hadisə baş verir. Tam bu həzin sükutun ortasında Xiyabanın xadimələrindən biri- alnının təri, əlinin zəhməti ilə çörək qazanan sadə bir qadın bizə yaxınlaşır. Səmimi bir təbəssümlə üzümüzə baxıb deyir: "Mətbuat gününüz mübarək! Arzu edirəm ki, hər zaman xoş xəbərlər verə, xoş xəbərlər eşidəsiniz..."

Bu sadə, amma dərin cümlə beynimdə ilişib qalır. Qadının müdrikliyinə, dünyagörüşünə heyran oluram. Bir jurnalist üçün bundan böyük, bundan mənalı arzunun ola bilməyəcəyini düşünürəm...

Çünki insanlar xəbərləri bizdən alırlar. Onlar səhər qəzeti açanda, saytı oxuyanda, televizora baxanda yaxşı xəbərlərlə qarşılaşmaq istəyirlər. Amma təəssüf ki, həyat həmişə xoş xəbərlərdən ibarət olmur. Jurnalistin işi həqiqəti yazmaqdır, bəzən acı olsa belə...

Yenə də müharibələrlə, ağrı-acılarla dolu olan bu dünyada həmin qadının diləyində böyük bir ümid hiss edirəm...

Akif müəllim söhbətinə davam edir. Bu dəfə elə bir fakt deyir ki, ilk dəfə eşidirəm. Sən demə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın məzarı da onun yanında yerləşir. Təəccübümü gizlədə bilmirəm. Düşünürəm ki, mənim kimi bunu bilməyən çox adamlar var. Heyrətimi gizlədə bilməyib müəllimimə üz tuturam: "Akif müəllim, bunu çox insan bilmir. Bura kiçik də olsa bir məlumat lövhəsi qoyulsa, necə böyük iş olar! Ziyarətçilər də bu böyük maarifçi ailənin tarixini öyrənərlər...

Ətrafı seyr etdikcə diqqətimi başqa bir məqam da çəkir. Fəxri xiyabanı xarici turistlər də ziyarət edirlər. Onlar sakitcə məzarların önündən keçir, şəkillərə baxır, adları oxumağa çalışırlar. Bu mənzərə məni sevindirir. Deməli, Azərbaycanın tarixi və görkəmli şəxsiyyətləri təkcə bizim üçün deyil, ölkəmizə gələn qonaqlar üçün də maraq doğurur.

Ziyarətin sonunda Akif müəllim üzünü bizə - gənc "Şərq"çilərə tutur.

Səsi həmişəki kimi aram, amma bir o qədər də inamlıdır:

- "Estafeti sizə ötürürəm. Ustadları heç vaxt unutmayın. Siz bizi də həvəsləndirin ki, belə ziyarətlər həmişə davam etsin".

Bu sözlər tövsiyə ilə yanaşı həm də bir etimaddır, mirasdır, məsuliyyətdir...

1875-ci ildə qucağı qalaq-qalaq “Əkinçi” qəzeti ilə dolu olan Zərdabinin heykəlinin qucağı bu gün güllərlə bəzənmişdi. Sanki hər bir gül “Əkinçi”yə, onun yaradıcısına və Azərbaycan milli mətbuatının təməlini qoyan böyük ustada ünvanlanan bir təşəkkür idi.

Minnətdarlıq hissi ilə Fəxri xiyabandan ayrılırıq...

22 iyul bizə bir daha xatırladır ki, Həsən bəy Zərdabinin yandırdığı çıraq sönmür. Süni intellekt texnologiyalarının, rəqəmsal platformaların və onlayn medianın sürətlə inkişaf etdiyi bir dövrdə belə, Zərdabinin əsasını qoyduğu peşə- həqiqətə söykənən jurnalistika və qəzetçilik yaşayır, yaşamağa da davam edəcək. Çünki o çırağın işığını bu gün də vicdanlı jurnalistlər öz qələmləri, sözləri ilə yaşadırlar.