"Ola bilsin ki, Azərbaycan tərəfi də sərhədin o tərəfində müəyyən sığınacaq yerləri təşkil etsin"
Yaxın Şərqdə gərginlik yeni və daha təhlükəli mərhələyə qədəm qoyur. İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi genişmiqyaslı zərbələr, rəsmi Tehranın sərt cavab bəyanatları və region ölkələrinin artan narahatlığı prosesin artıq lokal toqquşma çərçivəsini aşdığını göstərir. Məsələ təkcə hərbi əməliyyatların miqyası ilə məhdudlaşmır -burada regional güc balansı, İranın nüvə proqramı, proksi qüvvələrin rolu və böyük dövlətlərin mövqeyi kimi strateji faktorlar da gündəmdədir.
Mövcud situasiyanın siyasi-hərbi məntiqini, eskalasiyanın mümkün senarilərini və Azərbaycanın bu prosesdə üzləşə biləcəyi riskləri dəyərləndirmək üçün Azərbaycanın İrandakı keçmiş səfiri, sabiq millət vəkili, professor Nəsib Nəsibli ilə həmsöhbət olduq. O, qarşıdurmanın mahiyyətini, tərəflərin real məqsədlərini və region üçün mümkün nəticələri təhlil etdi.
Sherg.az müsahibəni təqdim edir:
-İranla ABŞ arasında müşahidə olunan son hərbi toqquşmalar lokal və məhdud xarakter daşıyır, yoxsa bu, genişmiqyaslı müharibəyə aparan strateji eskalasiyanın başlanğıcıdır?
-Məncə bu artıq savaşdır, özü də genişmiqyaslı bir savaşdır. Bir az əvvəl eşitdim ki, İsrail və ABŞ İranda 2000 hədəf vuruub. 2000 hədəfin vurulmasını isə məhdud miqyaslı bir çatışma ya da toqquşma adlandırmaq çətin olar. Digər tərəfdən İranın ali rəhbərini və onun yanında 40-dan artıq yüksək rütbəli şəxsin öldürülməsi də məhdud miqyaslı nöqtə atışları demək deyil. Bu, bir savaşdır.
-Bu savaşın miqyası daha da genişlənə bilərmi?
-Əlbəttə, genişlənə bilər. Çünki Trampın dediyi kimi, hələ məqsədlərinə tam nail olmayıblar. Ona görə də İran tərəfi daha dəhşətli hücumları gözləməlidir deyə bəyanat verilir.
-ABŞ-nin hərbi addımları daha çox çəkindirmə siyasətinə xidmət edir, yoxsa İranın regional təsir imkanlarını sistemli şəkildə zəiflətmək məqsədi daşıyır?
-Onlar bir neçə siyasi hədəf qoyublar. Ən çox dilə gətirilən məsələ atom enerjisi üzrə araşdırmaların və zənginləşdirmə prosesinin dayandırılmasıdır. Digər hədəf raket texnologiyasının ləğvidir. Son günlərdə əsas ifadə edilən məqsədlərdən biri də rejimin dəyişdirilməsidir. Rejimin başında duran şəxs öldürüldü, amma rejim yenə yerindədir. Yəni o struktur qalır və öldürülən şəxslərin yerini doldurmaq mümkündür.
- İranın cavab strategiyası hansı məntiqə əsaslanır?
- Açığını deyim, şəxsən mən burada bir məntiq görmürəm. Yəni ərəb ölkələrini özünə düşmən etməyin bir anlamı yoxdur. Məsələn, Birləşmiş Ərəb Əmirliklərində, Dubayda mülki obyektlərin vurulması heç bir anlam daşımır. Bu, İranla ərəb ölkələri arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşməsi deməkdir. Əlbəttə ki, hərbi bazaların hədəf götürülməsinin müəyyən mənası var. Eyni şəkildə İsraildə hərbi obyektlərin və ya siyasi mərkəzlərin vurulmasının da izahı var. Amma ərəb ölkələrində mülki obyektlərin vurulması nə savaşın gedişinə, nə də İranın bu ölkələrlə gələcək münasibətlərinə müsbət təsir etməyəcək.
-İranın yetərincə proksi qüvvələri var. Bu proksi qüvvələrin müharibəyə qoşulması genişmiqyaslı qarşıdurmanı qaçılmaz edə bilərmi?
-Bu proksi qüvvələr 12 günlük savaş zamanı xeyli zəifləmişdilər. Son illərdə İran onlara yetərincə maliyyə dəstəyi də verə bilmir. Ona görə də bu gün onlardan ciddi bir səs-soraq yoxdur.
- Rusiya və Çin kimi aktorlar prosesə birbaşa və ya dolayı müdaxilə edə bilərlərmi? Yoxsa situasiyanı siyasi dividend əldə etmək üçün kənardan izləyəcəklər?
0nlar hələlik gedişatı izləyirlər. Bu savaşa birbaşa müdaxilə etmək həvəsində olmadıqlarını göstərirlər. Məncə, birbaşa qarışmayacaqlar.
-Azərbaycan üçün strateji nəticələr nə ola bilər? İranla həmsərhəd ölkə olaraq Azərbaycan bu eskalasiyanın hansısa təsirlərini hiss edə bilər?
- Bizim İranda milli maraqlarımız var. Ona görə İrandakı bu prosesi və savaşın gedişini Azərbaycan hökuməti də, diqqətlə izləyir. Hadisələrin inkişafı göstərəcək ki, hakimiyyət bu məsələyə hansı səviyyədə münasibət bildirəcək. Hələlik diqqətlə izlənilir və bundan başqa yol yoxdur. Hazırda Azərbaycan hökumətinin bu savaşa açıq münasibət bildirməsi və ya hər hansı formada prosesə müdaxilə etməsi üçün ciddi əsas görünmür. Həmçinin bu mərhələdə savaşa müdaxilə və ya proseslərə birbaşa qoşulmaq da heç bir məntiq daşımır.
-Mümkün miqrant axını baş verərsə, Azərbaycan hökuməti hansı konkret və operativ addımları atmalıdır?
-Əgər miqrant axını olarsa, Azərbaycan Respublikası müəyyən problemlərlə üzləşə bilər. O zaman gəldikdə Rəsmi Bakının münasibəti çox önəmlidir. Xatırlayırsınızsa, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, birinci Qarabağ savaşı zamanı İran İmişli tərəfdə sığınacaq düşərgələri təşkil etmişdi. Ola bilsin ki, Azərbaycan tərəfi də sərhədin o tərəfində müəyyən sığınacaq yerləri təşkil etsin.