Ermənistan ordusu hələ də hərbi potensialını tam bərpa edə bilməyib - Hərbi ekspert

  • Əvvəlki illərdə də Ermənistan ordusunda müşahidə olunan nizam-intizam problemləri son dövrlərdə daha da dərinləşib

Orduda əsgərlərin qeyri-döyüş şəraitində ölümü ictimaiyyəti ən çox qəzəbləndirib. Xüsusilə, ötən gün yük maşınının altına düşən əsgərlərdən biri ölməsi və digərlərinin ağır yaralanması müdafiə nazirinin istefasının tələbinə gətirib çıxarıb.

“Hraparak” qəzetinin məlumatına görə, avqustun 20-də Çəmbərək hərbi hissəsində baş verən dəhşətli avtomobil qəzası və ölüm hadisəsi Suren Papikyan üçün ölümcül ola bilər. Hadisənin detalları ilə bağlı xəbər ictimaiyyət arasında böyük narazılıq dalğasına səbəb oldu. Müdafiə Nazirliyindəki mənbəmiz deyir ki, ordu və Müdafiə Nazirliyi, hərbçilər arasında nazirə qarşı böyük narazılıq var. Çünki onun bu mürəkkəb və məsuliyyətli sistemi idarə edə bilmədiyi göz qabağındadır. Öyrəndik ki, hərbçilərin valideynləri Çəmbərək hadisəsindən qəzəbləniblər, onlardan biri nazirliyi məhkəməyə verəcəyini açıqlayıb.

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a bildirib ki, Vətən müharibəsində ciddi itkilərə məruz qalan Ermənistan ordusu hələ də hərbi potensialını tam bərpa edə bilməyib. Digər tərəfdən isə əvvəlki illərdə də Ermənistan ordusunda müşahidə olunan nizam-intizam problemləri son dövrlərdə daha da dərinləşib: "Axşam saat 21:00-dan sonra 7 hərbi qulluqçunun yol kənarında, hərbi hissədən uzaq bir məsafədə nə işlə məşğul olduqları bir çoxları üçün hələ də sual olaraq qalır. Həmin hərbi qulluqçular göstərilən zaman kəsiyində ya hərbi hissədə olmalı idilər, ya da hərbi hissənin döyüş mövqelərində xidmətlərini həyata keçirməli idilər. Lakin göründüyü kimi, eyni vaxtda 7 hərbi qulluqçunun hərbi hissədən kənarda olması və qəza nəticəsində onların bir nəfərinin ölməsi, altı nəfərinin xəsarət alması bir daha onu göstərir ki, Ermənistan ordusunda şəxsi heyətə nəzarət məsələlərində ciddi problem var, nizam-intizam məsələləri hələ də axsamaqdadır.

Görünür ki, Ermənistan ordusunda baş verən qeyri-döyüş şəraitində qəza nəticəsində intiharların və özün digər məişət problemlərinin səbəb olduğu ölüm hadisələrinin araşdırılması da Ermənistan cəmiyyətini qane edəcək bir səviyyədə deyil."

Ə. Verdiyev qeyd edib ki, son dövrlərdə Ermənistan ictimaiyyətində Müdafiə naziri Suren Papikyanın istefası ilə bağlı çağırışlar daha çox səslənir:

"Papikyan orduda mövcud problemlərin aradan qaldırılması və nizam-intizamın gücləndirilməsi istiqamətində effektiv addımlar atmaq əvəzinə, döyüş növbətçiliyinə qadınların cəlb edilməsi kimi cəmiyyətdə mübahisə doğuran və əks-effekt yarada biləcək təşəbbüslərlə çıxış edir. Nəticə etibarilə, Hindistanla əməkdaşlığın gücləndirilməsi fonunda erməni ordusunda nizam-intizamın bu qədər zəif olması, sonunda yəqin ki, Ermənistanın hərbi rəhbərliyində ciddi dəyişikliklərlə müşahidə olunacaq."