Müharibə bitəcək, Rusiya əvvəlki əməkdaşlıq formatlarına qayıdacaq - Politoloq

  • Tofiq Abbasov: "Rusiya qazını yenidən Avropaya çıxarmaq üçün Türkiyənin tranzit gücünə arxalanır"
  • "Müharibədən sonranın planı hazırdır, Rusiya dünya bazarlarına qayıtmağa hazırlaşır"

Son dövrlər enerji infrastrukturu hərbi qarşıdurmanın əsas hədəflərindən birinə çevrilib. Ukrayna-Rusiya müharibəsinin fonunda strateji qaz kəmərlərinin təhlükəsizliyi həm enerji bazarları, həm də regionun geosiyasi balansı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Ukraynanın “Mavi axın” qaz kəmərinin infrastrukturuna zərbələr endirməsindən sonra Moskva ilə Ankaranın məsələni qapalı kanallar vasitəsilə müzakirə etməsi diqqət çəkir. Rusiya mediasının yaydığı məlumata görə, tərəflər həm enerji təhlükəsizliyi, həm də kəmərin fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı mümkün addımları dəyərləndirirlər. Bəs bu qapalı təmaslar nəyi göstərir? “Mavi axın” ətrafında aparılan müzakirələr Rusiya-Türkiyə enerji əməkdaşlığının gələcəyinə necə təsir edə bilər?

Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, indiki gərgin geosiyasi şəraitdə dünyadakı qlobal güclər təkcə faydalı qazıntı mənbələrinin, nadir tapılan metalların və digər resursların axtarışında deyillər. Onlar həm də dünyada vacib rol oynayan tranzit marşrutlarının, keçidlərin nəzarəti uğrunda mübarizə aparırlar:

“Digər tərəfdən, kommunikasiya xətləri, o cümlədən boru kəmərləri də ən strateji rol oynayan amillərdəndir. Ona görə də əgər Rusiya vaxtilə Türkiyə ilə danışıqlar apararaq “Mavi axın” xəttini inşa etdiribsə, anlayırdı ki, ixrac proseslərində diversifikasiya, yəni şaxələndirmə planını gecikdirmək olmaz. Düzdür, Rusiya özü-özünü beynəlxalq proseslərin bir çoxundan təcrid etdi. Çünki Ukraynaya təcavüz etdikdən sonra Avropa İttifaqı və bir çox ölkələr Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdilər və onları məhdudlaşdırdılar. Bir sıra layihələr də yarımçıq qaldı. “Mavi axın” əlbəttə ki, vacib rol oynaya biləcək marşrutdur. Türkiyə ilə Rusiya arasında bir müddət çox etibarlı münasibətlər yaranmışdı. Hətta Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bir-birlərinə “dost” deyə müraciət edirdilər. Bəzi hallarda isə gərginliklər, anlaşılmazlıqlar da yaşanırdı. Xatırlayaq ki, 2015-ci ildə Türkiyənin Hərbi Hava Qüvvələri Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsini vurdu. Bundan sonra münasibətlərdə soyuqluq yarandı. Sonra isə bildiyiniz kimi, Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Karlov qətlə yetirildi. Bu da ciddi insident idi və münasibətlərdə yeni gərgin məqamlar ortaya çıxdı.Buna baxmayaraq, burada Azərbaycanın diplomatiyasının çox vacib rolu oldu. Prezident İlham Əliyev barışdırıcı mövqe tutdu və iki ölkə arasındakı münasibətlərin bərpası üçün xeyli səy göstərdi. Onun təklifləri hər iki tərəfdə böyük rəğbətlə qarşılandı. Yəni, bu ölkələr bilavasitə quru sərhədinə malik olmasalar da, Qara dəniz vasitəsilə qonşudurlar. Qonşuluq münasibətlərində isə müxtəlif gözlənilməz hadisələr baş verə bilər”.

Analitik qeyd edib ki, “Mavi axın” layihəsi reallaşsa da, hələlik ona ehtiyac yoxdur:

“Yəni Türkiyə ondan müəyyən mənada imtina edib. Amma bu o demək deyil ki, layihə bir daha gündəmə gəlməyəcək. Əksinə, uzaqgörən siyasətçilər gözləmə mövqeyi tuturlar və daha çox perspektivə köklənirlər ki, vaxtı çatanda köhnə işlək mexanizmləri, modelləri və layihələri yenidən gündəmə gətirsinlər. Hesab edirəm ki, bu gizli danışıqların məqsədi ondan ibarətdir ki, Rusiya Türkiyənin tranzit imkanlarından istifadə edərək qaz ixracının həcmini artırmağa çalışır. Birincisi, bu Türkiyə üçün böyük gəlir mənbəyi olacaq. Çünki Türkiyə tranzit ölkə kimi Rusiya qazının nəqlindən qazanacaq. Digər tərəfdən, Türkiyənin enerji bazarlarındakı mövqeyi daha da güclənəcək və nəticədə ölkə faktiki olaraq böyük enerji habına çevriləcək. Yəni İran, Qətər, Rusiya, Azərbaycan və digər ölkələrdən gələn enerji daşıyıcıları Türkiyə üzərindən daşınacaq. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və digər kəmərlər də Türkiyəyə ciddi fayda gətirir. Türkiyə Avropa ilə Asiyanın qovşağında yerləşən paylaşdırıcı ölkə kimi çox mühüm strateji rol oynayır”.

Politoloq vurğulayıb ki, müharibələr nə vaxtsa başlayır, amma bir gün mütləq başa çatır:

“ Daim müharibə şəraiti olmayacaq. Rusiya da nə vaxtsa əvvəlki əməkdaşlıq formatlarına qayıdacaq. Amma Rusiya təkcə Avropa bazarlarını deyil, Afrika və digər Yaxın Şərq ölkələrinin bazarlarını da nəzərdə saxlayır ki, onlarla daha əlverişli əlaqələr qursun. Hesab edirəm ki, Türkiyənin siyasəti praqmatik siyasətdir. Mövcud vəziyyətdə mümkün olan bütün imkanlardan istifadə etməyə çalışır. Bu da rasional yanaşmanın göstəricisidir. Rusiya da anlayır ki, daim qapalı vəziyyətdə qala bilməz. Bəli, alternativlər var. Şərq istiqamətində Rusiyanın imkanları genişlənir. Burada Çin, Şimali Koreya, Yaxın Şərq və Orta Asiya var. Onlarla əməkdaşlıq davam etdirilir. Amma Rusiyanın ərazi imkanlarını, strateji resurs bazasını və ehtiyatlarını nəzərə alsaq, görünür ki, onun dünya bazarlarında mövqeyini möhkəmləndirmək üçün kifayət qədər böyük potensialı var və Rusiya bundan imtina etməyəcək. Xüsusilə nəzərə alsaq ki, müharibə çox baha başa gələn bir kampaniyadır və böyük maliyyə xərcləri tələb edir. Bu boşluqları da sonradan doldurmaq lazım gələcək. Valyuta ehtiyatları heç vaxt artıq olmur. Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Türkiyə praqmatik şəkildə əməkdaşlıq imkanlarını genişləndirməyə çalışacaqlar və hər iki tərəf bundan müəyyən dividendlər əldə edə biləcək”.