Orta Asiya uğrunda rəqabət qızışır: Vaşinqtonun hədəfində Qazaxıstan və Özbəkistan var - ŞƏRH

Şavkat Mirziyoyevin Vaşinqtona işgüzar səfəri ABŞ-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. İkitərəfli sənədlərin imzalanması və enerji, aqrar sektor, strateji xammal, maliyyə bazarları və investisiya mühiti üzrə birgə layihələrin təqdimatı göstərir ki, ABŞ Mərkəzi Asiyada iqtisadi və geosiyasi iştirakını sistemli şəkildə genişləndirir. Son illər Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xətti daha praqmatik və çoxşaxəli xarakter alıb. Xüsusilə enerji təhlükəsizliyi, nadir və mühüm faydalı qazıntıların tədarükü, alternativ nəqliyyat marşrutları və ərzaq təhlükəsizliyi kimi sahələr ABŞ üçün prioritet istiqamətlərə çevrilib. Özbəkistanla imzalanan sənədlər isə bu strategiyanın konkret iqtisadi mexanizmlərlə müşayiət olunduğunu göstərir. Mirziyoyevin səfəri isə təkcə ikitərəfli münasibətlərin dərinləşməsi deyil, həm də ABŞ-nin Mərkəzi Asiyada təsir imkanlarını artırmaq və region ölkələri ilə institusional əməkdaşlığı gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilə bilər.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a söyləyib ki, Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya bölgəsinə də marağı artıb:

“Mərkəzi Asiyanın resursları Amerikanın diqqətini cəlb edir. Hətta bu səbəblə illər öncə “5+1” format da təsis edilib. Bir neçə ay öncə AĞ Evdə liderlərin iştirakı ilə bu format görüş da keçirildi. Vaşinqtonun əsas hədəfi isə Özbəkistan və Qazaxıstanla əlaqələri genişləndirməkdir. Bu isə onların maraqlarına da cavab verdiyi üçün hər iki ölkənin lideri Trampın çağırışlarına cavab verir”.

Analitik qeyd edib ki, ABŞ ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələrinə Rusiya və Çindən asılılıqlarını azaltmaq üçün lazımdır:

“Çünki sözügedən ölkələr Rusiyanın hərbi qurumu olan KTMT və Çinin böyük yatırımlar etdiyi ŞƏT-ə üzvdürlər. Mərkəzi Asiya ölkələri bu siyasəti balanslaşdırmaq üçün Aİ və ABŞ ilə sıx əməkdaşlığa ehtiyac duyur. Burada Azərbaycanın da mühüm rolu var. Çünki sözügedən əlaqələr məhz Azərbaycanın tranzit yollarından istifadə etməklə həyata keçirilir”.