Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?

İtaliyanın dağlıq bölgələrindən birində yerləşən kiçik kənd qadınların qeyri-adi uzun ömür sürməsi ilə alimlərin diqqətini çəkib.

Sherg.az xəbər verir ki, araşdırmaçılar burada yaşayan qadınların yaşlılıq dövründə sağ qalma göstəricilərinin nəinki ölkə üzrə orta göstəricini, hətta dünyanın bir çox bölgələrini geridə qoyduğunu müəyyən ediblər.

“MAVİ ZONA”

“Science Alert”in məlumatına görə, təxminən 20 il əvvəl eyni adada insanların qeyri-adi uzun ömür sürdüyü bir bölgə aşkarlanıb və bura dünyanın ilk “Mavi Zonası” adlandırılıb.

İndi isə alimlər həmin bölgədən təxminən 110 kilometr qərbdə yerləşən Bolotanada oxşar, bəzi göstəricilərinə görə isə daha diqqətçəkən uzunömürlülük mənzərəsi ilə qarşılaşıblar.

70 YAŞDAN SONRA DA TƏƏCCÜBLƏNDİRƏN RƏQƏMLƏR

2021–2025-ci illər üzrə demoqrafik məlumatları araşdıran tədqiqatçılar, xüsusilə qadınlarla bağlı diqqətçəkən nəticələr əldə ediblər.

Bolotanada 70 yaşlı qadının orta hesabla daha 20,85 il yaşaması gözlənilir. Bu göstərici aid olduğu Nuoro vilayətində 18,61 il, Sardiniyada 18,4 il, İtaliya üzrə isə 18,06 il təşkil edir.

100 YAŞA ÇATMA EHTİMALI ÖLKƏ ORTALAMASINDAN, DEMƏK OLAR Kİ, 4 DƏFƏ ÇOXDUR

Ən diqqətçəkən nəticə isə 100 yaşa çatma ehtimalında ortaya çıxıb.

Bolotanada 70 yaşlı qadının 100 yaşını görmə ehtimalı 13,83 faiz hesablanıb. Bu göstərici Nuoroda 4,33 faiz, Sardiniyada 4,43 faiz, İtaliya üzrə isə cəmi 3,54 faizdir.

BƏS BU QADINLAR NİYƏ BU QƏDƏR UZUN YAŞAYIR?

Bolotanada qadınların 70 yaşdan sonrakı gözlənilən ömür uzunluğu və 100 yaşa çatma göstəriciləri dünyada Honq-Konqdan sonra ikinci yerdə qərarlaşıb.

Çikaqo İllinoys Universitetinin epidemioloqu S. Jay Olshansky bildirib ki, Bolotana dünyada qadınların ən uzun ömür sürdüyü və ya buna çox yaxın göstəriciyə malik əhali qrupunun yaşadığı ərazilərdən biridir.

Araşdırmaçılar hələlik bu qeyri-adi mənzərənin konkret səbəbini müəyyən edə bilməyiblər. Genetik xüsusiyyətlərin, qidalanmanın, fiziki aktivliyin, ailə dəstəyinin, sosial həmrəyliyin və səhiyyə xidmətlərinə çıxış imkanlarının birlikdə rol oynaya biləcəyi düşünülür.

ƏSRLƏRDİR DƏYİŞMƏYƏN HƏYAT TƏRZİ

Əhalisi 2 266 nəfər olan Bolotanada 100 yaşdan yuxarı çoxsaylı insanların yaşaması araşdırmaçıların diqqətini çəkib.

Üstəlik, bələdiyyə və əsrlər əvvələ aid vəftiz qeydləri 100 yaşdan yuxarı insanların yaşlarının müstəqil şəkildə təsdiqlənməsinə imkan verib.

Qəsəbənin sərt və dağlıq relyefi, qidanın əhəmiyyətli hissəsinin yerli istehsal olunması, insanların bir-biri ilə sıx bağlı olması və gündəlik həyatda avtomobildən daha çox piyada hərəkətə üstünlük verilməsi də mümkün amillər arasında göstərilir.

Bolotanada kişilər də ölkə üzrə orta göstəricidən daha uzun yaşayırlar. Lakin qadınlarla bağlı göstəricilər qədər diqqətçəkən nəticə müşahidə olunmur.

Araşdırmanın həmmüəllifi Den Byettner bildirib ki, bölgədə “qeyri-adi” bir vəziyyətin olduğu artıq məlumdur. Onun sözlərinə görə, növbəti məqsəd bu uzunömürlülüyün səbəblərini müəyyənləşdirmək və dünyanın qalan hissəsinin buradakı həyat tərzindən nə öyrənə biləcəyini anlamaqdır.