Bu texnologiya diaqnozda diqqətdən yayınanları görür, amma həkimin yaradıcılığını əvəz etmir
Uşaq cərrahiyyəsində süni intellektin tətbiqi tibbdə yeni imkanlar yaratsa da, etik problemləri də gündəmə gətirir. “World Journal of Pediatric Surgery” jurnalında 25 mart 2026-cı ildə dərc olunan məqalədə bu sahədə əsas çağırışlar təhlil olunub.
Tədqiqat dörd əsas etik prinsip üzərində qurulub: muxtariyyət, faydalılıq, zərər verməmək və ədalət. Araşdırmaya görə, süni intellekt cərrahi risklərin proqnozlaşdırılması, nadir anadangəlmə xəstəliklərin diaqnostikası və əməliyyatdan sonrakı fəsadların öncədən müəyyən edilməsində istifadə olunur. Bu texnologiyalar daha dəqiq nəticələr versə də, pediatrik pasiyentlərdə məlumat azlığı və inkişaf fərqləri səbəbindən yanlış proqnoz riski qalır. Məqalədə vurğulanır ki, məlumat məxfiliyi, kiber təhlükəsizlik və sistemlərin şəffaf olmaması onların tətbiqini çətinləşdirir. Müəlliflər bildirir ki, süni intellekt yalnız həkim nəzarəti ilə istifadə olunmalı və pasiyent təhlükəsizliyi əsas prioritet kimi qorunmalıdır.
Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, cərrah Adil Qeybulla “Sherg.az”a açıqlamasında bildirdi ki, nəzərə alaq ki süni intellekt ictimai həyatın bütün sahələrində, o cümlədən tibdə bizim həyatımıza daxil olmaqdadır. Cərahiyyədə, diaqnostikada, bəzi mühüm məsələlərin, alqoritmlərin, hansı ki bütün dünyada bu artıq tətbiq olunur, ayrı-ayrı xəstəliklərin müalicəsində süni intellektin daxil edilməsi yaxşı olardı. Amma: 
- Bu, heç bir halda həkimin peşəkarlığının itirilməsi hesabına olmamlıdır. İkinci tərəfdən, süni intellektlə məlumat bazasında, xəstələrin məxfi məlumatlarının ictimailəşdirilməsi riski həmişə qalır. Çünki bu, proqramdır və proqramların, hətta ən məxfi proqramların açılmasının biz şahidi olmuşuq. Əlbəttə, bunlar nəzərə alınmalıdır. Digər tərəfdən də bəzi məsələlərin, istər etik baxımdan olsun, istər xəstənin başqa məlumatları olsun, süni intellektə daxil edilərkən bunların məxfilik dərəcəsi müəyyən edilməlidir. Süni intellektin hər hansı situasiyada diaqnoz qoyarkən, başqa bir xəstəliyin izinə düşmək, o ehtimalı gücləndirmək və o istiqamətdə analizlərin olunması zərurətini ortaya qoymaq imkanları var. Yəni, insanın diqqətindən yayına bilər, amma süni intellektin diqqətindən yayna bilməz. İnsanın süni intellektdən daimi üstümlüqü onun yaradıcı təfəkkürüdür. Amma yenə deyirəm ki, biz süni intellektdən imtina edə bilməyəcəyik. Bu gün proqram diaqnoz qoymalar təbabətimizdə var. Kompüter tomoqrafiya adi rentgen müayinənin emalı ilə, maqnit rezonansı maqnit sahəsində əldə edilən görüntülərin emalı ilə ortaya çıxıb. Çoxsaylı bu cür müayinələr var ki süni intellektin elementləri orada özünü göstərir. Məişətimizdə də bu cür avdanalıqlar var. Süni intellektin əsas xüsusiyyəti assosiativ əlaqələrin yetərincə bolluğudur ki burada ən xırda nəzərdən qaça biləcək, insanın diqqətindən yayına biləcək cəhətlərin ortaya atılmasıdır. Bu sistem elə qurulmalıdır ki insan – konkret bu halda həkim öz peşəkarlığını itirməsin, süni intellekt isə həmişə onun yardımçısı olsun, həkimin diqqətindən yayınma riski olan məsələlərdə. Və əlbəttə ki həkim etikası kodeksində nəzərdə tutulan məsələlərin orada mütləq öz əksini tapması şərtilə. Təsadüfi deyil ki, cərrahiyyə, eləcə də uşaq cərrahiyyəsində süni intellektdən istifadədə etik problemlər önə çəkilir. Bu, təkcə uşaqlara deyil, bütün pasiyentlərə şamil edilməlidir.