Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

Çinin Yunnan əyalətindəki Endemik Xəstəliklərə Nəzarət İnstitutunun alimləri yarasalarda insanlar üçün potensial təhlükə yaradan iki yeni virus aşkar ediblər. Genetik baxımdan “Nipah” və “Hendra” viruslarına yaxın olan bu patogenlərin beynin kəskin iltihabı və tənəffüs yolu infeksiyalarına səbəb ola biləcəyi bildirilir.
Araşdırmanın nəticələri nüfuzlu “PLOS Pathogens” elmi jurnalında dərc olunub.
Dörd il ərzində aparılan tədqiqat çərçivəsində mütəxəssislər Yunnan əyalətinin beş fərqli bölgəsindən toplanan on növ yarasaya məxsus 142 nümunəni  əsasən böyrək toxumalarını analiz ediblər. Yüksək məhsuldarlıqlı DNT sıralama texnologiyalarından istifadə edilən araşdırma nəticəsində alimlər ümumilikdə 22 virus aşkarlayıb, onlardan 20-si elmi ədəbiyyata ilk dəfə daxil edilib.
Yeni aşkarlanmış viruslar əsasən meyvə bağları və insan yaşayış məntəqələri ilə yaxınlıqda məskunlaşan meyvə yarasalarında tapılıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu viruslar yarasaların sidiyi vasitəsilə çirklənmiş meyvələrdən insanlara keçə bilər. Bundan əlavə, tədqiqat zamanı alimlər yeni birhüceyrəli parazit olan Klossiella yunnanensis və iki bakteriya növü də müəyyən ediblər. Onlardan biri elm üçün yeni olub və Flavobacterium yunnanensis adlandırılıb.
Tədqiqatçılar bildirirlər ki, bu kəşflər zoonoz xəstəliklərin erkən aşkarlanması və profilaktikası baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, meyvə yarasalarının insan sağlamlığına mümkün təsirləri ilə bağlı nəzarət və maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanır.
İnfeksionist Aytən Ziyadova "Sherg.az"a açıqlamasında bildirib ki, "Nipah" və "Hendra" virusu ölümcül və  ciddi sağlamlıq problemlərinə səbəb olan zoonotik (heyvandan insana keçən) virusdur. Adətən meyvə yarasaları və donuzlar vasitəsilə insanlara keçir. Yoluxmuş şəxslərin isə təxminən %40-75-i həyatını itirir:
 "Nipah virusu (NiV), son illərdə ardıcıl olaraq ortaya çıxan təhlükəli viruslardan biridir. Ciddi simptomlara, hətta ölümə səbəb ola bilən bu virus Cənubi Asiyada aşkarlanmağa başlanıb. Hazırda virusa qarşı nə peyvənd, nə də spesifik müalicə mövcuddur.Virus ilk dəfə 1990-cı illərin sonunda Malayziya və Sinqapurda, donuz fermalarında çalışan insanlar arasında aşkar edilib. Paramyxoviridae ailəsinin Henipavirus cinsinə aiddir. Təbii daşıyıcısı Cənub-Şərqi və Cənubi Asiyada geniş yayılmış meyvə yarasalarıdır. Virus insanlarda simptomsuz infeksiyadan başlayaraq, kəskin tənəffüs xəstəlikləri və ölümcül beyin iltihabına qədər müxtəlif xəstəliklərə səbəb ola bilər. Virus həm insanlar, həm də heyvanlar arasında epidemiyaya səbəb ola bilər.
Virus insana birbaşa yoluxmuş heyvanlarla və ya onların çirklənmiş toxumaları ilə təmas yolu ilə keçir. 
Virus insandan insana da keçir. Məsələn,  Bu baxımdan, virusun Covid-19 ilə oxşarlıqları da müşahidə edilir. Nipah  virusunun əsas əlamətləri kəskin tənəffüs yolu infeksiyaları, qızdırma, baş və boğaz ağrısı, qusma, başgicəllənmə,yorğunluq və şüur dəyişiklikləridir".
 Həkimin sözlərinə görə, infeksiyanın simptomları genişdir. İlk olaraq qızdırma, baş ağrısı, əzələ ağrısı, qusma və boğaz ağrısı meydana çıxır:
 "Sonra başgicəllənmə, yuxululuq, şüur pozğunluğu və beyin iltihabı kimi nevroloji əlamətlər inkişaf edir.
Karantin müddəti adətən 4–14 gündür, lakin bəzi hallarda 45 günə qədər uzana bilər. Ağırlıq dərəcəsindən asılı olaraq, nəfəs çatışmazlığı, pnevmoniya, epileptik tutmalar və komaya düşmə halları müşahidə edilir.
Bəzi sağalmış şəxslərdə isə nevroloji problemlər və şəxsiyyət dəyişiklikləri qalıcı ola bilər. Hazırda Nipah virusuna qarşı xüsusi müalicə və ya peyvənd yoxdur. Bütün müalicə üsulları dəstəkləyici terapiya formasındadır. Ağır hallarda reanimasiya və intensiv terapiya tələb oluna bilər.Dünya Səhiyyə Təşkilatı (DST) virusu Araşdırma və İnkişaf Proqramı çərçivəsində prioritet xəstəlik kimi tanınıb. Araşdırmalar antiviral preparatlar və immunoterapiyalar üzərində davam edir. Nipah virusu Azərbaycanda heç vaxt  qeydə alınmayıb. Amma meyvə yarasalarının yaşadığı bölgələr və göç yolları nəzərə alınarsa, potensial təhlükə ola bilər. Azərbaycan və Türkiyədə yaşayan Rousettus aegyptiacus (Afrika meyvə yarasası) növü, bəzi hallarda bu virusu daşıya bilər. Nipah virusundan qorunmaq üçün  yarasaların çirkləndirdiyi, yaxşı yuyulmamış meyvə və xurma şirəsindən uzaq durmaq lazımdır. Əl gigiyenasına və maskadan istifadəyə diqqət yetirmək lazımdır".