“İran zəiflədikdən sonra küçə etirazları başlayacaq” - Natiq Miri

Sərhədlər bağlanmasa, ciddi təhlükələr yarana bilər

Yaxın Şərqdə gərginliyin artması və İranda davam edən hərbi-siyasi proseslər region ölkələrini operativ addımlar atmağa vadar edir. Təhlükəsizlik risklərinin yüksəldiyi bir şəraitdə bir sıra dövlətlər öz vətəndaşlarının təxliyəsinə başlayıb. Azərbaycan da humanitar və logistika baxımından mühüm tranzit məntəqəsinə çevrilərək İranla sərhəd-keçid məntəqələri vasitəsilə həm öz vətəndaşlarının, həm də xarici ölkə vətəndaşlarının təhlükəsiz şəkildə çıxışını təmin edir.

Son məlumata görə, fevralın 28-i saat 08:00-dan martın 2-si saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 312 nəfər təxliyə olunub. Onlardan 101 nəfəri Azərbaycan vətəndaşıdır. Eyni zamanda 211 xarici vətəndaşın keçidi təmin edilib ki, bunlar arasında Çin (76 nəfər), Rusiya (39), Pakistan (32), Səudiyyə Ərəbistanı (18), Tacikistan (18), BƏƏ (6), İordaniya (4), Qətər (3), Banqladeş (3), Filippin (2), Nepal (2), Türkiyə (1), İtaliya (1), Polşa (1), Tunis (1), Livan (1), Hindistan (1), Fransa (1) və Braziliya (1) vətəndaşları yer alır.

Beləliklə, regionda baş verən son hadisələr fonunda Azərbaycan yalnız öz vətəndaşlarının deyil, müxtəlif ölkələrin vətəndaşlarının da təhlükəsiz təxliyəsində mühüm rol oynayır.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, İranda bu gün ağır bombardıman əməliyyatları keçirilir və heç kim ölüm təhlükəsindən sığortalanmayıb:

“İndiki vəziyətdə azərbaycanlıların İrana getməsi qəbul olunacaq bir durum deyil. Azərbaycanda olan İran vətəndaşlarının ölkəsinə qayıtması da səfirlikləri vasitəsilə mümkün olan bir prosesdir. Çünki Azərbaycanda, Bakı şəhərində səfirlik tam şəkildə fəaliyyətdədir və bununla bağlı konkret bəyanatı da var. Bu mənada İran vətəndaşları ölkələrinə qayıtmaq istəyərsə, problem olmayacaq. O ki qaldı İran-ABŞ-İsrail qarşıdurması bir neçə həftə nəzərdə tutulmuş bir prosesdir. Öncədən bunun hazırlıqları görülüb və bu proses ən azı 3-4 həftəyə bitəcək. Çünki bu zaman və hazırlıqlar İranın hərbi cəhətdən bütün strateji ehtiyatlarının tükənməsinə hesablanıb. Yəni bir tərəfdən İran özü cavab olaraq, qarşılıq olaraq özünü müdafiə üçün İsrailə və Körfəz ölkələrinə, o cümlədən ABŞ-nin bu regiondakı bazalarına həm dron, həm də ballistik raketlərlə hücum edir. Yəni bir tərəfdən bu strateji ehtiyatları İran özü tükədir, digər tərəfdən intensiv hava hücumları, bombardımanlar kontekstində bu raketlərin anbarları, yeraltı zirzəmilərdəki yığımları məhv edilir. Məhz bunun üçün ABŞ yerin dərinliyində olan zirzəmilərdə gizlədilən strateji raketləri məhv etmək üçün bombardımançı “STES-2” təyyarəsindən istifadə edir. Bilirsiniz ki, bu təyyarələr betonu dələrək daha dərinliklərə nüfuz edə bilən bombaları daşıya və ata bilir. Ona görə də bombardımanın ilk günü məhz “STES-2” strateji bombardımançıları və atdığı 2 tonluq bombalardan istifadə olunub. Düşünürəm ki, bu bir neçə həftə ərzində İranın bütün dərinliklərində mövcud olan SEPAH-a məxsus hərbi bazalar, anbarlar, strateji ballistik raketlərin yerləşdiyi zirzəmilər, eyni zamanda bu raketləri atan qurğular məhv ediləcək”. 

N.Miri vurğulayıb ki, İran hərbi cəhətdən tam zərərsizləşdiriləndən sonra artıq həm İsrail, həm ABŞ bazaları, həm də Körfəz ölkələri üçün ciddi potensial təhlükə törədə bilməyəcək:

“ Yalnız bundan sonra İran xalqına, xüsusilə də İranda rejimə qarşı potensial elektorata müraciət olunacaq ki, küçələrə çıxsınlar, hakimiyyəti fiziki olaraq devirsinlər və öz hakimiyyətlərini qursunlar. Təbii ki, bu proses nəzarətsiz həyata keçirilməyəcək. Ancaq düşünürəm ki, bu əməliyyatlarla etiraz elektoratının birləşməsi fonunda hərbi cəhətdən tamamilə gücsüzləşdirilən rejim çökmə ərəfəsinə daxil olacaq. Bunlar mümkündürmü? Bəli, mümkündür. Çünki rejim nə qədər sistemin çökməsinin qeyri-mümkünlüyündən danışsa da öz legitimliyini çoxdan itirib. Və bundan sonra 90 milyonluq İranı, İran cəmiyyətini necə idarə edə biləcəyi də anlaşılmır, görünmür. Çünki bir tərəfdə ABŞ və müttəfiqləri İranı iqtisadi cəhətdən boğmağa davam edərkən, digər tərəfdən İranın qeyri-rəsmi neft satışından gəlirlərinin də qarşısı alınacaq. Bəzən Hörmüz boğazının bağlanmasını bir təhdid vasitəsi kimi istifadə edən İran onu da anlayır ki, məhz öz neftini Asiyaya Hörmüz boğazı vasitəsilə göndərir. Yəni İran neftinin 90%-i məhz bu boğaz vasitəsilə ixrac olunur. İndiki vəziyyətdə İranın donanması da tədricən məhv edilir. Ona görə də Hörmüz boğazını bağlamaq və uzunmüddətli olaraq İran ordusunun nəzarətində saxlamaq imkanları mövcud deyil və bunlar sadəcə sözlü təhdidlərdir. Əgər İrana bu valyutalar, bu gəlirlər gəlməsə,yəni öz neftini sata bilməsə, xalqı nə ilə dolandıracaqlar, güc orqanları hansı maliyyə ilə bu müharibəni davam etdirəcək?”.

Savaşın Azərbaycana təsir məsələsinə gəldikdə analitik Azərbaycanda heç bir ölkənin, o cümlədən ABŞ və İsrailin hərbi bazası mövcud olmadığını deyib:

“Bu, Azərbaycanın təbii sığortasıdır. Bu gün Körfəzdə yerləşən ərəb ölkələri ABŞ-yə hərbi bazalar verdikləri üçün əraziləri zərbələrə məruz qalır. Ən azından bəhanə bundan ibarətdir. Çünki bir tərəfdə bazalar vurularkən, digər tərəfdə Birləşmiş Ərəb Əmirliklərində otellər, Səudiyyə Ərəbistanında “Aramco” kimi böyük neft şirkəti hədəf alınır. Azərbaycan isə heç bir tərəfə belə bir bəhanə verməyib. Üstəlik, hələlik İranda mülki əhali kütləvi olaraq ABŞ-İsrail hücumlarının hədəfi deyil və qısa müddətdə əsasən hərbi-strateji obyektlər məhv edilərək tamamilə gücsüzləşdirilərsə və İran xalqının bu rejimin devrilməsinə inancı artarsa, kütləvi şəkildə köçlərin baş verəcəyini düşünmürəm. Bu, nə Pakistan, nə Türkiyə, nə də Azərbaycan istiqamətində kütləvi köçlərin olacağını göstərmir. Çünki uzunmüddətli müharibənin davam etməsi ABŞ və İsrailin maraqlarına uyğun deyil. Atılan raketlər, hava hücumundan müdafiə sistemlərindəki sursatlar da müəyyən sərhədlər çərçivəsindədir. Yəni sayı tükənməz səviyyədə deyil. Ona görə də dəqiq və nöqtə atışları, dəqiq kəşfiyyat məlumatları kontekstində qısa müddətdə İranın hərbi baxımdan tamamilə gücsüzləşdirilməsi hədəflənir. Bu baxımdan Azərbaycan üçün hələlik ciddi təhlükə görmürəm. Ancaq hər bir halda sərhədlər ciddi şəkildə qorunmalı və nəzarətə alınmalıdır. Çünki köç olduğu təqdirdə müəyyən risk amilləri də özü ilə bərabər gələcək. Batan gəmini ən əvvəl siçanlar tərk edir. Yəni xırda məmurlardan tutmuş, istər siyasi, istər hərbi istiqamətdə İran xalqının qanına əli batmış şəxslər öncəliklə ölkəni tərk etməyə çalışacaqlar. Onlar müxtəlif donlarda, mülki geyimlərdə cəmiyyətə qarışaraq sərhədləri keçə bilərlər. O cümlədən İranda etiraz dalğasını söndürmək üçün region ölkələrindən gətirilmiş xüsusi terrorçu qruplar var. Bu qruplar da mülki formada xalqın içinə qarışaraq digər ölkələrin ərazisinə keçə bilər ki, bu da həmin ölkələr üçün potensial terror təhlükəsi yarada bilər. Bu səbəblərdən dolayı sərhədlərin ciddi şəkildə nəzarətə alınmasına və birmənalı şəkildə bağlanmasına ehtiyac var”.