- "Gərək bu ölkələrin din böyükləri məzhəb təəssübünü və təsirləri kənara qoyub vəhdətə gəlsin və dildə yox, əməldə, reallıqda birləşdirici işlər görsünlər”
Türk Dövlətləri Təşkilatı son illərdə üzv ölkələr arasında əməkdaşlığı yalnız siyasi, iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşdırmayaraq, ortaq tarixi, mədəni və mənəvi dəyərlərin qorunması istiqamətində də yeni təşəbbüslər irəli sürür. Xüsusilə qloballaşma, informasiya müharibələri, dini radikalizm və cəmiyyətlərdə artan qütbləşmə fonunda Türk dünyasında dini məsələlər üzrə vahid yanaşmanın formalaşdırılması və dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi aktuallıq qazanır. Bu baxımdan Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin birinci görüşü yalnız protokol xarakterli tədbir deyil, gələcək əməkdaşlığın institusional əsaslarını müəyyənləşdirən mühüm platforma kimi qiymətləndirilir. Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, yaradılan yeni əməkdaşlıq formatı din sahəsində dövlət siyasətinin əlaqələndirilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə və ortaq çağırışlara qarşı birgə fəaliyyətin gücləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, bu mexanizm Türk Dövlətləri Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətini tamamlayaraq dini siyasət sahəsində dövlət qurumları arasında institusional əməkdaşlığa yeni impuls verəcək. Bəs bu platformanın Türk dünyası üçün strateji əhəmiyyəti nədən ibarətdir və gələcəkdə hansı nəticələr doğura bilər?
İlahiyyatçı Tural İrfan Sherg.az-a söyləyib ki, dini məsəllər üzrə Türk dünyasının ümumi əməkdaşlığı bu ölkələrə böyük töhfələr verə bilər:
“Öncə radikalizmə, ekstremizmə qarşı, tolerantlığımızın pozulmasına yönəlik təsirlərin dəfn olunmasına qarşı birgə mexanizm hazırlanması mümkündür. Həmçinin dezinformasiya, dünyəvilikdən uzaqlaşdırma kimi mənfi halların qarşısının alınmasında müəyyən işlər görülə bilər. Koordinasiyalı və qarşılıqlı mübadilə çərçivəsində isə din sahəsindəki boşluqların doldurulması üçün müasir yollar tapıla və müvafiq tədbirlər həyat keçirilər. Xüsusən sağlam mötədil dini təhsil çərçivəsində bu ölkələrin milli və dövlətçilik ənənələrinə uyğun, müasirliyi xor görməyən, müasir texnologiya və tələblərlə ayaqlaşan din modeli formalaşdırıla bilər. Akademik mübadilə, dini təhsil ortaq dəyərlərin harmoniyasında daha da təkmilləşə bilər ki, bu da yad təsirləri azaldar. Eyni zamanda Türk Dövlətləri Təşkilatının inteqrasiyasına din və mənəviyyat mövzusu daha ciddi təsir göstərə, daha effektiv töhfələr bəxş edər”.
Ekspert qeyd edib ki, əgər sağlam dini özəklər və mötədil İslam dəyərləri, məzhəbüstü konsepsiya qəbul olunarsa və kənar təsirlər uzaqlaşdırılarsa məzhəb ayrılığı burada heç bir təsir göstərə bilməz:
“Məzhəb fərqini nifaq, fərq prizmasından deyil, əksinə rəngarənglik, alternativ vasitə kimi qəbul etmək lazımdır. Bu sahədə effektli iş görmək üçün gərək orta əsrlərə məxsus məzhəb ixtilafı kimi zərərli vərdişlər uzaqlaşdırılsın. Əsasən orijinal İslam gerçəkləri və ortaq mədəniyyət, tarix, soy birliyi üzərindən işlər görülsün. Məlumdur ki, türk millətini kənar güclər məzhəblər vasitəsi ilə də ayırmağa çalışıblar. Bu, təəssüf ki, müəyyən qədər effektiv də olub. Bu gün də həmin məzhəb fərqini qabardıb qızışdıran qüvvələr var. Buna baxmayaraq xüsusil onu vurğulamaq lazımdır ki, türk dövlətləri xalqlarının mənsub olduğu İslam məzhəbləri arsında heç bir əsaslı, böyük ixtilaf, fərq, ayırıcı özəlliklər yoxdur. Mahiyyəti etibarı ilə bu məzhəblər hamısı eyni hədəfə yol alan alternativ yollarıdır. Gərək bu ölkələrin din böyükləri məzhəb təəssübünü və təsirləri kənara qoyub vəhdətə gəlsin və dildə yox, əməldə, reallıqda birləşdirici işlər görsünlər”.