15 İyun 1993-cü il tarixində Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması Azərbaycan tarixində mühüm dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkə ciddi siyasi böhran və vətəndaş qarşıdurması ilə üz-üzə idi. Naxçıvanda Ali Məclisin sədri olan Heydər Əliyev Gəncədə baş verən hərbi qiyamdan sonra Bakıya dəvət olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildi.
Bu tarix Azərbaycan xalqı üçün sabitliyin və dövlətçiliyin bərpasının başlanğıcı sayılır. Məhz Heydər Əliyevin qayıdışı ilə ölkədə xaosun qarşısı alındı, siyasi böhran dayandırıldı və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Qeyd edək ki,
Milli Məclisin qərarı ilə 15 iyun “Milli Qurtuluş Günü” elan edilib və hər il rəsmi bayram kimi qeyd olunur.
Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a bildirib ki, Azərbaycan dünyada digər ortaçəkili və yığcam dövlətlər, hətta regional liderlər üçün müsbət anlamda örnək sayılacaq ard-arda presedentlər yaradır ki, bu da səbəbsiz deyil:
“Bu, ulu öndər Heydər Əliyevin sovetlər dönəmində başlatdığı presedentin davamıdır. Söhbət burada ilk növbədə məlum və məlun cütlüyün belə demək caizsə, Stepanakertləşdirməyə başladıqları Bakını onun addım-addım azərbaycanlılaşdırmasından, təkcə de-yure deyil, de-fakto da bu xalqın paytaxtına çevirməsindən gedir.
Moskva ilk növbədə türk respublikalarının paytaxtında yerli əhalinin ora gətirilənlərdən daha az olmasına çalışırdı. Məsələn, hələ 1989-cu ilin statistikasına görə , Daşkənddə özbəklər 44,2%, Bişkekdə qırğızlar cəmi 22, 8 faiz idi. Almatıda qazaxların sayı 25 faizi keçmirdi. 1979-cu ildə Aşxabadda türkmənlər şəhər əhalisinin 40,5%-ni təşkil edirdilər.
Bu gün qürurla deyirik ki, yenə də bütün riskləri öz üzərinə götürərək türk respublikaları içərisində öz paytaxtını ilk milliləşdirən məhz Azərbaycan, onun lideri Heydər Əliyev oldu. O Heydər Əliyev ki, hələ SSRİ mövcudkən, 1991-ci il martın 7-də Milli Məclisdəki çıxışında “əgər digər respublikalar İttifaqda qalsalar belə, Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır”,-deyirdi. Heydər Əliyevin yaratdığı başqa bir presedent "Əsrin müqaviləsi", Bakı-Supsa, Bakı-Ceyhan layihələri ilə transmilli şirkətləri Xəzər hövzəsinə çəkib gətirməsi idi. Ulu Öndər o zaman bütün riskləri üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşlarımızın da təbii sərvətlərindən ancaq öz milli maraqlarına uyğun şəkildə faydalanmalarının və dünya bazarına çıxarılmasının yolunu açdı və onun üzərindəki inhisarı darmadağın etdi”.
Deputat bildirib ki, eyni siyasət yenə davam etdirilir. Böyük güclərin qarşı çıxmasına rəğmən Azərbaycanın torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin etməsi ilə yanaşı son günlər baş verənlər də əsl presedentlərdir:
"Mən presedent deyəndə ucqar dağ rayonu kimi tanınan Laçında üç liderin bütün dünyaya səs salan görüşlərini, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçirilən Zirvəsini, orada Qərbi Azərbaycana qayıdış məsələsinin kommünikeyə salınmasını, həmən Zirvə başa çatar-çatmaz Əbu-Dabidəki ikitərfli, tamformatlı Ermənistan-Azərbaycan danışıqlarını və nəhayət məhz Azərbaycanın yumşaq güc tətbiqi nəticəsində rəsmi Parisin Fransa daxilində xüsusi statuslu Yeni Kaledoniya Dövlətinin yaranmasına razılıq verməsini nəzərdə tuturam.
Mən bunları ona görə presedent adlandırıram ki, torpaqlarımızın işğaldan qurtarılması kimi həmən olaylar da indiki beynəlxalq konyunkturaya rəğmən baş verir və ancaq gücün hüququndan çıxış edən bəlli imperialst çevrələri yerində oturtmaq anlamı daşıyır. İmperiya sindromundan qurtula bilməyənlər anlamırlarmı ki, öz sərhədlərindən minlərlə kilometr uzaqda yerləşən xalqın maraqlarının qorunmasına, azadlığa çıxmasına böyük töhfə verən bir dövlətlə təzyiq dilində danışmaq təzyiq cəhdində bulunan üçün yaxşı heç nə vəd etmir. Azərbaycanın bir addımlığında da Yeni Kaledoniyalar az deyil. Yəni bəziləri unutmamalıdılar ki, imperiyanı yenidən bərpaya cəhd daha böyük parçalanmalara yol aça bilər".
Kəmalə Vəliyeva