Valideynlərin narahatlığı "şikayət" deyil, bu bir həyəcan təbilidir - EKSPERT

Təhsilin məqsədi xoşbəxt və savadlı insan yetişdirməkdir, hər fəndən beş alan "yorğun robotlar" deyil

Orta məktəblərdə kiçik-böyük summativ qiymətləndirmələr (KSQ, BSQ) təkcə şagirdləri yox, müəllimləri də bezdirir, valideynləri isə əməlli-başlı narahat edir. Bir neçə gündür valideynlər sosial şəbəkələrdə məlumat paylaşaraq summativlərin şagirdlərin sağlamlığına ziyan vurduğunu qeyd edir. Valideynlərdən biri yazır: “KSQ, BSQ stresi uşaqların olan-qalan immunitetini də məhv edib. Əsas fənnləri başa düşdük, heç olmasa rəsm, texnologiya, musiqi, idman , Steam kimi dərslərdə bunu yığışdırmaq lazımdır. Bu dərslər əyləncə üçündür, oturub qayda əzbərləmək üçün yox... Qaçsınlar, oynasınlar, mahnı oxusunlar vəssalam da. Heç musiqi kitabındakı terminləri müğənnilər bilmir, uşaq niyə əzbərləməlidir?” Digər valideyn də “Bir gündə iki fənndən BSQ yazan uşaqlara bir fənndən də KSQ yazıdrmaq istəyən müəllimlər, Allah sizə insaf versin. Yazıq balalarımız bilmirlər nəyə odaqlansınlar, necə hazırlaşsınlar. Hazırlaşmaq bir tərəfə, iki BSQ-nin psixoloji təzyiqi altında olan uşağın üçüncü fənndən normal KSQ yazması mümkün deyil axı”. Hazırda orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmə mərhələsi olduğundan mütəxəssis rəyini öyrəndik.  

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırda məktəblərimizdə baş verənləri "summativ marafonu" adlandırmaq daha düzgün olar: 

- Bir şagirdin eyni gündə həm bir neçə Böyük Summativ Qiymətləndirmə (BSQ), həm də Kiçik Summativ Qiymətləndirmə (KSQ) ilə üz-üzə qalması pedaqoji baxımdan heç bir məntiqə sığmır. Biz uşağın beynini bir kompüter prosessoru kimi görürük, amma unuduruq ki, hətta ən güclü texnika belə həddindən artıq yüklənəndə "yanır". Uşaq səhər tezdən axşama qədər gərginlik içindədirsə, onun aldığı qiymət real biliyi deyil, sadəcə yorğunluq dərəcəsini və stresə dözümlülüyünü ölçür. Bu, obyektiv qiymətləndirmə deyil, şagirdi psixoloji küncə sıxışdırmaqdır.

Ekspert qeyd etdi ki, vətəndaşların ən çox toxunduğu və tamamilə haqlı olduğu məqam Musiqi, Təsviri incəsənət, Texnologiya və Fiziki tərbiyə kimi fənlərin tədrisindəki yanaşmadır: 

- Bu fənlər uşağın ruhunu dincəltməli, onda estetik zövq formalaşdırmalı, yaradıcı enerjisini üzə çıxarmalıdır. Amma biz nə edirik? Musiqi dərsini uşaq üçün ağır nəzəriyyəyə, tarixlərə və faktlara çeviririk. Uşaq mahnı oxumaqdan, rəsm çəkməkdən zövq almaq əvəzinə, "görəsən summativdə hansı tərifi soruşacaqlar?" qorxusu ilə yaşayır. Bu dərslərdə yazılı imtahan keçirmək, uşağı parta arxasında dörd divar arasında sıxmaq onun həmin sahəyə olan bütün marağını öldürür. Biz uşaqlara notları əzbərlədirik, amma musiqini sevdirməyi unuduruq. Real vəziyyət budur ki, cəmiyyətdə təhsilə qarşı yaranan bu antipatiyanın kökündə dayanan əsas amil "ballar və rəqəmlər" savaşıdır. Qiymətləndirmə cədvəli uşağın fiziki imkanlarına görə balanslaşdırılmalıdır. Bir gündə maksimum bir böyük imtahan keçirilə bilər, o da mütləq şəkildə şagirdin digər dərslərinin yüngülləşdirilməsi şərti ilə. Musiqi və rəsm kimi fənlərdə "kağız-qələm" sınaqlarından imtina edilməlidir. Burada qiymət uşağın çəkdiyi rəsmə, hazırladığı əl işinə və ya ifasına görə verilməlidir. Məktəb uşaq üçün "hesabat vermə yeri" deyil, inkişaf mərkəzi olmalıdır. Əgər bir uşaq imtahan günü məktəbə qarın ağrısı və ya qorxu ilə gedirsə, orada təhsildən danışmağa dəyməz.

Ə.Həsənli bildirdi ki, valideynlərin etirazı sadəcə bir "şikayət" deyil, bu bir həyəcan təbilidir: 

- Biz uşaqların immunitetini, psixoloji dayanıqlığını və ən əsası, öyrənmə həvəsini bu summativlərin qurbanına çeviririk. Təhsilin məqsədi xoşbəxt və savadlı insan yetişdirməkdir, hər fəndən beş alan "yorğun robotlar" deyil.