Bakı Brüssel formatı ilə sülhə yaxınlaşır


Azərbaycan Fransanın aktiv müdaxiləsinə imkan vermədi

“İndiki məqamda Ermənistanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıması və bunu bəyan etməsi İrəvan hökumətinin də xeyrinədir”


  Mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti, sayca 5-ci üçtərəfli görüşü baş tutub. Görüş zamanı Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların bərpası istiqamətləri üzrə konkret nəticələrin əldə edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin bəyanatında bildirilib ki, görüşdə rəsmi Bakının Qarabağda yaşayan ermənilərlə dialoqu məsələsi də müzakirə edilib. Həmçinin kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər: “İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər". Azərbaycan Xarici İşlər Nazirliyi də Brüssel görüşünü normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticə yönümlü hesab edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, 9 aya yaxın müddətdə fasilə verilən “Brüssel formatı”nda görüşün yenidən keçirilməsi tərəflər arasında ən yüksək səviyyədə dialoqun təşviqi baxımından əhəmiyyət kəsb edir. Xüsusilə dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyətlidir. Xatırladaq ki, ötən il dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti görüş Ermənistanın pozucu fəaliyyəti, Fransa şərtini qoşması səbəbindən baş tutmamışdı. Paşinyan budəfəki görüşdə də Paris şərtini irəli sürmüşdü. Lakin Fransanın aktiv müdaxiləsinə və Ermənistanın Parisin prosesə qoşulmasını tələb etməsinə baxmayaraq, Azərbaycan qəti şəkildə buna imkan vermədi. 14 may danışıqları ilə Paşinyan əvvəlki üçtərəfli formatda qayıtmalı oldu. Brüssel görüşünün əsas gündəliyi belə deməyə əsas verir ki, bu format tərəflər üçün daha produktivdir. Azərbaycan Brüssel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır, buna mane olan yalnız Fransa idi və indi bunun qarşısı alındı. Ümumilikdə götürəndə Avropa İttifaqının prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan nizamlanmasında nümayiş etdirdiyi mövqe təqdir oluna bilər. Mişel özünü vasitəçi kimi yox, daha çox Azərbaycan və Ermənistan arasında dialoqa dəstək verən tərəf kimi aparır. Brüsseldə növbəti danışıqların iyul ayında keçirilməsi barədə razılıq əldə olunması həm də onun bu prosesin məntiqi sonluqla nəticələnməsində səmimi olduğunu söyləməyə əsas verir. Ümumiyyətlə, Brüssel formatında Azərbaycan özünü üçtərəfli formatda keçirilən görüşlərdə tam rahat hiss edir və hər hansı qərəzli münasibət görmür. Bütövlükdə Aİ ilə Azərbaycan arasındakı münasibətlər normal xarakter daşıyır, amma Fransanın müdaxiləsi prosesə tamamilə başqa məzmun verib. Nəzərə almaq lazımdır ki, son dövrlərdə Aİ-nin öz daxilində Fransanın nüfuzu çox aşağı düşüb. Bu, Emmanuel Makronun Fransada həyata keçirmək istədiyi islahatlar, xalqın buna dirənişi, eyni zamanda Fransanın özünün Afrikada və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi uğursuz siyasətin bilavasitə nəticəsidir. Brüssel sülh gündəliyi və Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan Ermənistan tərəfidir. 
  Kişinyovda gözlənilən Azərbaycan, Ermənistan, Fransa və Aİ rəhbərlərinin görüşü isə danışıqlar formatı deyil. Moldova paytaxtında keçiriləcək Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində qeyri-rəsmi görüş təşkil olunması nəzərdə tutulur. Eyni zamanda həmin görüşdə Almaniyanın federal kansleri Şolts da iştirak edəcək. Kişinyov görüşündə indiyədək beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşan Almaniyanın da iştirakı Fransa Prezidenti Makronun iştirakını bir növ neytrallaşdıracaq. Berlin də bu prosesdə səmimi olan digərləri kimi yaxşı anlayır ki, Fransanın lazımsız müdaxilələri sülh prosesinə yalnız zərər vurur.
  Ankara Universitetinin professoru Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda siyasi müəyyənlik yoxdur. Onun sözlərinə görə, Nikol Paşinyanın manevrləri, nala-mıxa vurması hökumətin siyasi iradəsinin və yol xəritəsinin olmaması ilə bağlıdır: "Brüssel görüşünün normal müzakirələr zəminində keçməsi və bir sıra önəmli məsələlərin müzakirəsi müsbət məqamdır. Nəzərə alaq ki, beynəlxalq hüquq Azərbaycanın əlini gücləndirir. Qlobal təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qəbul edir. İndiki məqamda Ermənistanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıması və bunu bəyan etməsi İrəvan hökumətinin də xeyrinədir. Paşinyanın buna qarşı çıxması prosesi uzatmaqla bərabər, həm də Ermənistanın ərazi bütövlüyünün rəsmi Bakı tərəfindən tanınmaması deməkdir. Məhz bu məqam Ermənistanın müstəqil ölkə kimi varlığını daim sual altında qoya bilər. Rusiya-Ukrayna müharibəsindən sonra Qərb üçün, Avropa ölkələri üçün Cənubi Qafqazın, konkret Azərbaycanın önəmi artmaqdadır. O baxımdan Azərbaycanın yerləşdiyi regionda siyasi sabitliyin olması vacib elementlərdən biridir. Təbii ki, Qərbin bölgəyə nüfuz etmək, Rusiyanı sıxışdırmaq niyyəti də bəllidir. Bunun yolu isə Cənubi Qafqazdakı konfliktlərə son qoymaqdan, gərginliyi aradan qaldırmaqdan keçir. Problem yaradan məqam Ermənistanın müstəqil qərar verə bilməməsi, regionda marağı olan kənar qüvvələrin diktəsi ilə hərəkət etməsidir. Ermənistan digər güclərin oyuncağı olduğu təqdirdə təxribatlar və gərginlik davam edəcək. İstənilən halda danışıqlar, müzakirələr önəmlidir. İstər Qərb ölkələrinin, istər Rusiyanın təşəbbüsü ilə olsun, Azərbaycan-Ermənistan danışıqları getməlidir".