Minsk qrupuna “qırmızı kart”: - Format ikitərəflidir:“Söhbət  Azərbaycan və Ermənistandan gedir”

“Prezidentin çıxışından anlamaq olar ki, ATƏT sədri də yeni reallıqları qəbul edib”

“Minsk qrupu kağız üzərində qeyd olunsa da, işləmir. Rusiya da bunu etiraf etdi”

“Brüssel görüşündəki ən böyük razılaşma ikitərəfli formatlı danışıqların davam etdirilməsidir”


Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirib. Ölkə başçısı çıxışı zamanı ATƏT –in Minsk qrupunun fəaliyyətinə də toxunub. Azərbaycan lideri qeyd edib ki, Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır:

“Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib.

ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.

Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq, əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq".

Vəziyyəti şərh edən siyasi şərhçi Asif Nərimanlı  «Sherg.az »a  bildirib ki, 44 günlük müharibə bu qrupa artıq ehtiyac olmadığını göstərib:

“Minsk qrupu münaqişəsinin həlli ilə bağlı hüquqi mandatı olsa da, de-fakto artıq etibarsız sayılır. Çünki bu qurumun missiyası özünü doğrultmadı. Aparılan danışıqlar da töhfə vermədi. Nəticə müharibəyə gətirib çıxarıb. Azərbaycan da qalib olaraq məsələni özü həll etdi. Artıq bundan sonra hər hansısa mandatdan danışmaq yersizdir”.

A.Nərimanlı izah edib ki, bu mandata digər ölkələr diqqət göstərirdi:

“Rəsmi Bakı Minsk qrupunu etibarsız elan edir. Həm Qərb, həm Rusiya bu mandatdan məhz regiondakı maraqları naminə istifadə etmək istəyir. Postmüharibə dövründə bəzən status mövzusunu, bəzən də bu formatın hələ də mövcud olduğunu gündəmə gətirirlər. Lakin Azərbaycan tərəfi  belə bir strateji gediş etdi. Üç dəfə olaraq, əslində, Avropa İttifaqının prosesə qoşulması bu gedişin bir nəticəsi idi. Yəni söhbət ötən ilin dekabrında keçirilən Brüssel görüşündən gedir. Çünki Azərbaycan tərəfi  Minsk qrupunda ən çox Qərbdə gündəmə gətirildi. Həmsədr olan Rusiya münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürdü. Onun bölgədəki maraqları hansısa formada təmin edilib. ABŞ və Fransa prosesdən kənarda idi. Bu, bölgüdən də uzaq qalmaq anlamını daşıyırdı. Bu yaxınlarda Avropada Minsk qrupu məsələsini xüsusilə qabardırdılar. Amma Azərbaycan Prezidenti məhz Avropa Birliyini prosesin daxilində oyuna qoşmaqla Qərbdə Minsk qrupunu istəyən tərəflərə  çətinlik yaratdı. ABŞ, xüsusilə də, Fransa münaqişənin həll edilmədiyi iddiası ilə çıxış edirdi. Rəsmi Parisin qarşısında bunun həll edildiyini qəbul edən Aİ dövriyyəyə girib”.

Siyasi şərhçi Brüssel görüşünü xüsusilə vurğulayıb:

“Son Brüssel görüşündə əldə olunan  razılaşmalar göstərir ki, Minsk qrupunun və Qarabağın adının çəkilməməsi, münaqişənin qeyd edilməməsi Qərbdə  Azərbaycanın reallığı qəbul etdirməsi deməkdir. Prezidentin çıxışından anlamaq olar ki, ATƏT sədri də yeni reallıqları qəbul edib. 

Xüsusən, Rusiya-Ukrayna məsələsindən sonra faktiki olaraq Minsk qrupu kağız üzərində qeyd olunsa da, işləmir. Rusiya da bunu etiraf etdi. Brüssel görüşündəki ən böyük razılaşma ikitərəfli formatlı danışıqların davam etdirilməsidir. Söhbət Ermənistan və Azərbaycan tərəfindən gedir. Görüşdən sonra iki dövlətin Xarici işlər nazirlərinin son 30 ildə ilk dəfə birbaşa təmas qurması ilə artıq formatın nə yerdə olduğunu bildirir. Paşinyan görüşdən sonra Minsk qrupunun adını çəkən mesajlar verdi. Fikrimcə, daha çox daxili auditoriya üçün hesablanıb. Bundan sonra əsas format ikitərəflidir. 

Son telefon danışıqları da bunu göstərir. Ola bilər, Rusiya və ya Avropa prosesdə iştirak etsin. Lakin Prezidentin bildirdiyi kimi, onlar yalnız kömək xarakteri daşıya bilər. Nə rəsmi Moskvanın, nə də Qərbin tək hakim olduğu qurum qəbul edilmir”.