Bu şəraitdə piyadanı cərimələmək yanaşması reallıqdan uzaqdır - EKSPERT

"İnsanlara təhlükəsiz davranış tələb etməzdən əvvəl təhlükəsiz mühit yaratmaq şəhər planlamasının birbaşa məsuliyyətidir"

Piyada ölümləri ilə nəticələnən qəzaların sayı artdıqca, “sürücümü günahkardır, yoxsa piyada” sualı gündəmdən düşmür. Bir çox hallarda ölüm və ya ağır xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisələri piyadaların yolu onlar üçün təyin edilmiş yerdən keçməməsi səbəb olur.

Bu günlərdə “Koroğlu” körpüsü ərazisində magistral yolu qaydalara zidd olaraq keçən piyadanı avtomobilin vurması görüntüləri yayıldı və qəzalarda kim günahkardır sulaı yenidən aktuallaşdı. 

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yol qəzaları ilə bağlı müzakirələri “sürücü günahkardır” və ya “piyada diqqətsizdir”, kimi primitiv yanaşmalara endirmək problemi həll etmir, əksinə, onu dərinləşdirir. Məsələ sistemlidir və sistem həll tələb edir: 

- Şəhərdə davamlı və baryersiz səkilər yoxdursa, təhlükəsiz və qısa keçidlər təmin olunmayıbsa, piyadanı cərimələmək yanaşması reallıqdan uzaqdır. İnsanlara təhlükəsiz davranış tələb etməzdən əvvəl təhlükəsiz mühit yaratmaq şəhər planlamasının birbaşa məsuliyyətidir. İstər Baş Plan, istərsə də 2025–2030 dövlət proqramlarının mahiyyəti aydındır: şəhər avtomobil mərkəzli modeldən insan yönümlü modelə keçməlidir. Bu isə o deməkdir ki; piyada yol iyerarxiyasında ən üst pillədədir. Davamlı, baryersiz səkilər təmin olunmalıdır. Qısa və eyni səviyyəli, təhlükəsiz keçidlər geniş tətbiq edilməlidir. Qəzaların azaldılması üçün dünyada effektivliyi sübut olunmuş Vision Zero yanaşması əsas götürülməlidir. Bu konsepsiya insan səhvini qaçılmaz qəbul edir və sistemi elə qurmağı tələb edir ki, səhv ölümə səbəb olmasın. Yəni əsas diqqət cəriməyə yox, infrastruktura, dizayna və təhlükəsizlik standartlarına yönəlir. Paradoks ondadır ki, Avropanın qabaqcıl avtomobil istehsalçılarının məhsullarını alırıq, amma onların şəhər mühitində tətbiq etdiyi təhlükəsizlik həllərini - zolaqların daraldılması, sürətin sakitləşdirilməsi, piyadaya üstünlük verən dizaynı tətbiq etməkdə tərəddüd edirik. 

R.Ağamirzəyev “8 Noyabr” prospektini nümunə olaraq göstərdi: 

- Praktik nümunə göz qabağındadır. “8 Noyabr prospekti”ndə yenidənqurmadan əvvəl ölümlə nəticələnən qəzalar tez-tez baş verirdi. Zolaqların ensizləşdirilməsi, səkilərin yaxşılaşdırılması və eyni səviyyəli, svetoforlu keçidlərin artırılması nəticəsində, ideal olmasa da, amma ölüm halları kəskin şəkildə azalıb. Yəni nəticə aydındır. İnsanları dəyişməyə çalışmaqdan daha effektiv yol var ki bu da mühiti dəyişməkdir.