"Cümhuriyyət bağının salınması, xaricdə yaşamış mühacirlərin məzarlarının ölkəmizə gətirilməsi,Cümhuriyyət qurucuları üçün xiyabanın salınması və s kimi böyük tədbirlər etmək olar"
"Cümhuriyyətin 100 illiyi ilə bağlı ayrılan vəsait beynəlxalq konfransların keçirilməsinə, monoqrafiyaların, xüsusi elmi nəşrlərin, tədqiqat işlərinin dərc edilməsinə, kütləvi informasiya vasitələrində bu dövrə dair təbliğatın aparılması, filmlərin çəkilməsi və verilişlərin hazırlanmasına yönəldilə bilər”.
Bunu "Sherg.az”a Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd olunması üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5 milyon manat vəsaitin ayrılmasına münasibət bildirərkən Tarixçi-alim Firdovsiyyə Əhmədova deyib.
O bildirib ki, Cümhuriyyət bağının salınması, xaricdə yaşamış mühacirlərin məzarlarının ölkəmizə gətirilməsi kimi təkliflər iri məbləğ tələb edən tədbirlərdir:
"Buna görə, miqyasını nəzərə aldıqda, ilk sadaladığımız tədbirlərin keçirilməsi daha az məbləğ tələb edir. Ümumilikdə ayrılan məbləğin bu kimi məsələləri əhatə etməsi baxımından nə qədər qənaətbəxş olduğunu deyə bilmərəm. Çünki hesab edirəm ki, Azərbaycamn Xalq Cümhuriyyətinin qurucularının ölkədən kənarda olan məzarlarının gətirilməsi və onlara xas olan fəxri xiyabanın salınması kifayət qədər yüksək məbləğ əhatə etməlidir. 5 milyonun qaneedici olacağı sual altındadır”.
Ayrılacaq vəsaitin hansı təsisatlara verilməsinə gəldikdə isə F.Əhmədova deyib ki, bu Nazirlər Kabineti və Elmlər Akademiyası ilə müştərək aparılan iş olmalıdır:
"Cümhuriyyət qurucularının məzarlarının gətirilməsi, xiyaban salınması konkret Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Amma elmi konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması kimi tədbirlər Elmlər Akademiyasına və ya Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmalı olan işdir. Ona görə, bu qurumlar arasında səlahiyyət bölgüsü aparılmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycan Respublikasının Prezidentinin verdiyi sərəncamdan çıxış edərək vahid və düşünülmüş tədbirlər planı hazırlanmalıdır”.
Qeyd edək ki, vəsaitin ayrılması barədə 2018-ci ilin Dövlət büdcəsi layihəsində qeyd edilib.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Aysel Aslan