“Abort qadağan edilsə, türkəçarəyə əl atacalar" - Başqa forma tapılmalı

"Şəxsin şüuru dəyişmirsə, abort etdirməyi qarşısına məqsəd qoyubsa, bunu həyata keçirəcək. Bu mənada fərqli formada şüurlara təsir etmək, qız uşaqlarının stimullaşdırılmasına dəstək lazımdır”
"Abortların qadağan edilməsi prosesin qeyri-qanunin şəkildə, ev şəraitində həyata keçirilməsinə gətirib çıxara bilər”.
Bunu "Sherg.az”a abortlarla bağlı cəzanın yüngülləşdirilməsindən danışarkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 
O bildirib ki, bu problem stereotiplər, ailə münasibətləri ilə bağlıdır:
"Elə abortlar var ki, labüddür. Çünki bəzən, ananın sağlamlığı, dölün inkişafı hamiləliyin davam etdirilməsinə imkan vermir. Hətta qeyri-qanuni münasibətlərdən ortaya gələn hamiləliklərdə, doğulacaq körpənin küçəyə atılmaması üçün abort lazımdır. Lakin tam radikal qadağalar cinayətlə müşahidə olunan, gizli fəaliyyətlərə gətirib çıxara bilər. Belə abortlar ananın ölümü, infeksiyaların yayılması kimi hallara gətirib çıxara bilər”.
Selektiv abortların qarşısının alınması yollarına toxunan M.Zeynalova qız uşaqlarına münasibətin stimullaşdırılmasını və qadınlara dəstək verən proqramların qəbul edilməsini təklif edib:
"Abortların əsas səbəbi uşağın cinsiyyətinin qız olmasıdır. Deməli, baxış dəyişməlidir. Əslində qanunvericilikdə də belə ayrı seçkilik yoxdur. Lakin gündəlik həyatda çox görürük. Biz elə yanaşma sərgiləməliyik ki, insanlar qız uşaqlarının vacibliyini, onların cəmiyyətdə rolunu qiymətləndirməyi bilsin. Mövhumatın, yayılan miflərin, qadın haqqında xoşagəlməyən fikirlərin formalaşmasının qarşısını alan tədbirlər həyata keçirilməlidir. Hələ ki, sosial şəbəkələrdə, ümumi cəmiyyətdə qadına qarşı münasibətdə diskriminasiya mövcuddur. Bu isə, daha çox əxlaqi məsələlərlə ölçülür. Bunu daha çox qabardılması qız uşaqlarının abortu, təhsildən yayındırılması, erkən ərə verilməsi kimi hallara gətirib çıxarır.
Bütün bunların qarşısının alınması üçün yaxşı düşünülmüş, əhaliyə çata biləcək siyasətin həyata keçirilməsi önəmlidir. Radikal addımlar dedikdə, hər dəfə bunun ikinci tərəfini düşünürəm ki, nəticəsi nə ola bilər. Şəxsin şüuru dəyişmirsə, abort etdirməyi qarşısına məqsəd qoyubsa, bütün vasitələrlə bunu həyata keçirəcək. Radikal addımlar atılarsa, 25-30 il əvvəl olduğu kimi qadınlar türkəçarələrə, evdə həyata keçirilən abortlara müraciət edər. Ona görə, fərqli formada şüurlara təsir etmək, qız uşaqlarının stimullaşdırılmasına dəstək lazımdır”.
Qeyd edək ki, millət vəkili Musa Quliyev də illərdir aparılan tədbirlərə baxmayaraq, Azərbaycanda selektiv abortların sayının artdığını söyləyib. Abortun uşağın qətl edilməsi olduğunu vurğulayan deputat cəzanın yüngülləşdirilməsinin həmin cinayətləri daha da artıracağını bildirib.
Aysel Aslan