Ailə məzarlıqlarına son qoyulur

Yalnız vəsiyyət olarsa ər-arvadın bir-birinin yanında dəfn edilməsinə icazə veriləcək
"Bu məsələdə ölkə idarəçilərinə və dövləti idarə edənlərə itaət göstərmək də dinimizin əmridir. Yəni qəbiristanlıqlarla bağlı dövlətimizin dəqiq, düzgün, islam şəriətinə uyğun məsləhət bildiyi qayda-qanunlara

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda məzarlarla, məzarlıqlarla bağlı yeni qaydaların tətbiqinin nəzərdə tutulduğunu deyib. Komitə sədrinin sözlərinə görə, bu yöndə məsələlərin tənzimlənməsi üçün öncə qanun layihəsinin hazırlanması və parlamentə təqdim olunması nəzərdə tutulsa da, sonradan fikir dəyişilib, məzarların, məzarlıqların qaydalarla tənzimlənməsi daha məqsədəuyğun sayılıb. Çünki qanunla bu məsələni tənzimləmək olmaz, bunu ancaq qaydalarla tənzimləmək olar.

M.Qurbanlı qeyd edib ki, təsdiqlənəcəyi və tətbiqinə başlayacağı təqdirdə, yeni qaydalar ancaq yeni salınacaq məzarlıqlara, məzarlara şamil olunacaq. Onun sözlərinə görə, kimsəsiz insanların dəfni, şəhidlərin dəfni, eyni zamanda, məzarlıqların idarəçiliyi bələdiyyələrin balansında olacaq. Dini Komitə məzarlıqların yalnız reyestr xidmətini göstərəcək. Məzarlıqlarda, qəbiristanlıqlarda "ailə məzarlığı” məsələsinə son qoyulacaq: "İnsanlar var ki, ölməmişdən qabaq gedib özləri, yaxınları üçün məzar, qəbir yeri götürür, böyük bir ərazini hasarlayır. Yeni qaydaların tətbiqindən sonra heç bir əlavə yer götürməyə icazə verilməyəcək. Yalnız vəfat edən qadın öncədən vəsiyyət edərsə, əri üçün onun yanında yer saxlanılacaq, yaxud, ər vəsiyyət edərsə, arvadı üçün yanında yer saxlanılacaq. Başqa kimsəyə icazə verilməyəcək”.

Ilahiyyatçı Əkrəm Həsənov isə "Şərq”ə açıqlamasında deyib ki, bu məsələyə ağılla, məntiqlə, təfəkkürlə, xüsusi ilə şəriət çərçivəsindən baxmaq lazımdır. Bizim bütün həyatımızı şəriətlə əsas götürüb yaşadığımızı vurğulayan ilahiyyatçının sözlərinə görə, dinə qarşı müəyyən səhlənkarlıqlar edilsə də, bütün yaşayış tərzimiz dinlə tənzimlənir: 

"Xüsusilə dəfn adətləri ilə bağlı məsələlərimiz mükəmməl din olan islam dini ilə bağlıdır. İslamda isə elə bir qayda yoxdur ki, bütün nəsil bir yerdə dəfn olunmalıdır. Ailə üzvlərinin hamısı eyni vaxtda, eyni vəziyyətdə, eyni yerdə ölmədikləri üçün onların bir yerdə dəfn olunmasının da bir mənası yoxdur. Öldükdən sonra doğma insanların aqibətləri də eyni cür olmur”.

Bu məsələnin bir qədər mübahisəli məsələ olduğunu vurğulayan ilahiyyatçının sözlərinə görə, insan öldükdən sonra onun təəssüratları onu tanıyanlarda qalır. Bəzən yuxuda görür, bəzən onu tanıyanlar tərəfindən xatırlanılır və s. Ancaq bu məsələyə sırf dini nöqteyi-nəzərdən baxdıqda görürük ki, özünə vəhy gələn Məhəmməd peyğəmbər belə özünün və ailə üzvlərinin bir ərazidə dəfn olunması barədə göstəriş verməyib: 

"Əksinə, onun övladları, iki oğlu dünyasını körpə vaxtı dəyişdikdə başqa-başqa yerlərdə, ailə üzvlərini isə ayrı-ayrı yerlərdə dəfn edib. İslam alimləri də bildirirlər ki, biz şəriətlə bağlı məsələlərdə Məhəmməd peyğəmbərin və onu təqib edənlərin yolunu izləməliyik. Əgər dində vacib olsaydı ki, bütün ailə üzvləri bir-birlərinin yanında dəfn olunsun, onda bunu mütləq Allahın rəsulu bildirərdi və digər dini adət və rituallar kimi bunu hamı yerinə yetirərdi, bu mövzu islam fiqh kitablarında bu formada olması hədislər və rəvayətlər arasında verilərdi. Dində insanların yan-yana dəfn olunmasına yalnız kütləvi ölümlər zamanı icazə verilir. Ancaq bir insanın əvvəlcədən özü və ailə üzvləri üçün yer alıb, onu gələcək nəsillərə saxlaması həm dünyəvi, həm də dini baxımdan absurddur. Quran ayəsində Allah-təala buyurur ki, heç kim harada öləcəyini bilməz. Çünki bir insanın atası burada yaşayar, burada ölər, ancaq övladı illər sonra başqa uzaq bir diyarda və başqa şərtlərdə dünyasını dəyişər. Onun övladının cənazəsini bura gətirmək mümkün olmaz. Yəni, məhz dövlətimiz bu məsələdə tam olaraq şəriət mətnlərinə dayanaraq bu icraatı həyata keçirir. Bu, bütün insanlar üçün daha yaxşıdır. Gələcəkdə dövlət onların övladları, ailə üzvləri üçün də yer ayıracaq. Bu baxımdan dövlətin apardığı siyasəti dəstəkləməyin daha məqsədəuyğun olduğunu düşünürəm”.

Komitənin ailə məzarlıqlarına son qoyulması qərarının əleyhinə olan insanların olmasına gəldikdə isə ilahiyyatçı deyib ki, əgər bizim bütün ailə üzvlərimiz eyni ərazidə dəfn olunubsa, bu, ziyarət baxımından bizim üçün əlverişlidir. Yəni eyni yerə gedirik və hamısını orada yan-yana ziyarət edirik. Bu səbəblə bu gün həmvətənlərimiz bunu daha doğru seçim hesab edir və bütün ailə üzvlərinin birlikdə dəfn olunmasını doğru qarşılayırlar:

 "Ancaq ölən ailə üzvlərinin hamısının bərzaxda, qəbir həyatında evləri, olduqları durum bir olmadığına görə fərqli yerlərdə və fərdi olaraq dəfn olunmaları daha gözəldir. Məhəmməd peyğəmbərdən sonrakı xəlifələr belə heç zaman ailə üzvlərinin, nəsillikcə hamısının birlikdə dəfninə göstəriş və vəsiyət etmələri barədə, bunun dində vacib olması barədə yazılı mətnlər yoxdur. Demək istədiyim odur ki, bu məsələdə ölkə idarəçilərinə və dövləti idarə edənlərə itaət göstərmək də dinimizin əmridir. Yəni qəbiristanlıqlarla bağlı dövlətimizin dəqiq, düzgün, islam şəriətinə uyğun məsləhət bildiyi qayda-qanunlara riayət olunmalıdır”.

Qadının vəsiyyətinə əsasən ərinin onun yanında basdırılması məsələsinə toxunan Ə.Həsənov deyib ki, qadının məhrəmi hesab edilən qardaşı, bacısı da onun yanında dəfn oluna bilər. Həmçinin kişi də vəsiyyət etdikdə onun yanında bacısı, qardaşı, xüsusi ilə həyat yoldaşı dəfn edilə bilər. Ancaq bütün nəsil üçün qəbir yerlərində geniş ərazilər almaq doğru deyildir.

Şəymən