Affekt vəziyyətinə düşən insan istəməsə belə bir anın içində qatilə çevrilə bilir
Son zamanlar ailə-məişət zəminində yaranan mübahisələrdə ağır cinayət əməlləri də müşahidə edilir. Hətta kütləvi ölümlə nəticələnən münaqişələrin sayı az deyil. Ailədaxili cinayətlərin budəfəki qurbanı isə Bərdə rayon sakinləri olub. Belə ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bərdə rayonunda arvadını öldürüb, özü intihar edən şəxslə bağlı birgə açıqlama yayıb.
Rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyeva və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Murad ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətiriliblər. Ana aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyev isə yaşadığı evin həyətində özünü asaraq intihar edib. Rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
Bəs, cinayətlə nəticələnən ailə münaqişələri niyə artır?
Ailə-məişət zəminində baş verən istənilən münaqişənin xoşagəlməz olduğunu vurğulayan sosioloq Cavid İmamoğlunun sözlərinə görə, milli mentalitetimiz gərəyi ailə daxilində baş verən münaqişələr, söz-söhbətlər elə ailə daxilində qalır. Hətta bəzi hallarda zorakılıq faktları da ört-basdır edilir ki, qohum- qonşu eşidib müdaxilə eləməsin. Bu səbəbdən də narazılıqlar daha da gərginləşir və ərlə-arvad arasındakı münasibətlər daha da gərginləşir və bəzi hallarda qətllərə səbəb olur. Affekt vəziyyətinə düşən insan istəməsə belə bir anın içində qatilə çevrilə bilir.
Biz sosioloqlar da çalışırıq ki, maarifləndirmə yolu ilə ailə münaqişələrini məişət səviyyəsindən çıxarıb, ictimaiyyət səviyyəsində həllinə nail olaq. Ailədaxili zorakılığa görə cinayət məsuliyyəti olmadığı üçün bu zorakılıq arzuolunmaz nəticələrə rəvac verir.
İşsizliyin, yoxsulluğun da ailə münaqişələrinə yol açdığını vurğulayan sosioloqun sözlərinə görə, insanların mədəni dəyərlərinin də üst-üstə düşməməsi münasibətləri daha da gərginləşdirir: "Xarici ölkələrdə bu cür problemlər yaşananda cütlüklər psixoloqlara, psixiatrlara müraciət edir. Zorakılığa məruz qalan şəxslərlə profilaktik tədbirlər aparılır və ailədaxili şiddətin qarşısını almağa çalışırlar. Azərbaycanda 2010-cu ildə "Məişət Zorakılığı haqqında” qanun qəbul olunsa da, icrasına hələ də nail ola bilməmişik. Hələ də cəmiyyət olaraq ərlə arvad arasındakı münaqişəyə iki şəxs arasındakı münasibət kimi baxır və müdaxiləni lüzumsuz hesab edirik. Nəticədə isə "ər arvadının başını kəsdi”, "arvad ərinə xəsarət yetirdi” kimi xəbərlər gündəlik mətbuatın manşetindən düşmür”.
Psixoloq Azad İsazadə isə bu fikirdədir ki, ailədaxili münaqişələrin ağır cinayətlərlə nəticələnməsi ümumən cəmiyyətdə zorakılıq və aqressiv meyillərin artmasından irəli gəlir:
- Aqressiya birdən-birə baş vermir, cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimizdir. Biri-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. Burada təbii ki, mentalitet, adət-ənənə məsələsi də var.
Psixoloqun sözlərinə görə, ailədaxili münaqişələrin sayını azaltmaq üçün tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var: "İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər düzgün aparılmayıb. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər evdə, ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. İnsanlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı ülvi hisslər tərbiyə etmirik”.
Şəymən