Akif Aşırlı: "İndiki qəzetlərimiz Türkiyənin Atatürk dönəminin nəşrlərini xatırladır" (MÜSAHİBƏ)
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "Qaynarinfo"ya müsahibəsi:
- Akif müəllim, bu gün ölkəmizdə Milli Mətbuat Günü qeyd olunur. Azərbaycan mətbuatının indiki durumu Sizi qane edirmi?
- Bu suala birmənalı "hə", ya da "yox" demək mümkün deyil. Ona görə ki, mətbuatın indiki vəziyyətinə bir neçə yöndən qiymət vermək lazımdır. Əgər peşəkarlıq, peşə prinsiplərinə hörmət baxımından yanaşsaq, insafən deməliyik ki, bu gün Azərbaycanda peşəkar mətbuat və peşəkar jurnalistlər var və onların sayı kifayət qədərdir. Təəssüf ki, mətbuatın maliyyə sabitliyi, dayanıqlılığı ürəkaçan səviyyədə deyil. Klassik mətbuat ənənələrinin davamçısı və qoruyucusu olan çap mətbuatının yaşamı dövlətin maliyyə yardımı ilə həyata keçir. Azərbaycan Prezidentinin mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyası olmasaydı, vəziyyət daha gərgin olardı. Bilirsiz ki, qəzetlər Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi fondunun hesabına maliyyələşir. Son illər Prezident öz fondundan qəzetlərə birdəfəlik maliyyə yardımı edir. Əgər bu yardımlar dayansa, Azərbaycanda çap mətbuatı adına iki-üç qəzet qalsa şükür edərik. İndi jurnalistikanın əsas ağırlığı yeni medianın üzərindədir. Təəssüf ki, eyni vəziyyət burada da hökm sürür. Peşəkar saytlar, informasiya portalları var. Təəssüf ki, onların da sayları çox azdır. Amma bununla yanaşı, sayları günü-gündən artan qeyri-ciddi, reket mahiyyətli saytların mövcudluğu mənfi aura yaradır. Mənzərə bu cürədir.
- Suala cavabı bir az konkretləşdirsək daha yaxşı olar...
- Dediyim kimi, sualınıza birmənalı cavab vermək çətindir. Klassik və yeni medianın maliyyə dayanıqlığı olmadan, birmənalı inkişafdan danışmaq olmaz.
- Bir zamanların ən böyük tirajlı qəzeti olan "Şərq"in satışı sizi qane edirmi?
- Son dövrlər mətbuat yayım sistemində ciddi dəyişikliklər oldu. Təbii, indi nəinki "Şərq", o cümlədən digər mətbu orqanların satışı qaneedici deyil. Çalışırıq ki, abunə sistemi ilə yayım işini təşkil edək.
- Türkiyədə çap mediasına nəzər salsaq görərik ki, onların qəzetləri daha rəngarəngdir. Bizdə isə qəzetlərdə standartlıq, monotonluq müşahidə olunur. Buna görə oxucu qəzetlərdən imtina etməkdə haqlı deyilmi?
- Fikir verin ki, bu gün Azərbaycanda nəşr olunan 40-a yaxın gündəlik qəzetin əksəriyyəti iki rəngdə çıxır. Ağ və qara, ağ, qırmızı, ağ, göy rəngdə işıq üzü görən, səhifələrinin sayı 16-nı keçməyən qəzetlərdən rəngarənglik gözləmək olarmı? Bizim indiki qəzetlərimiz Türkiyənin Atatürk dönəminin qəzetlərini xatırladır. Həmin vaxt Türkiyədə qəzetlər böyük və kiçik formatda 8 və ya 16 səhifədə, iki rəngdə çap olunurdu. Görün Atatürk dönəmindən üzü bəri nə qədər vaxt keçib? Bir də 90 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycanı, iqtisadi imkanları, texnoloji yeniliklərdəki fərqlilikləri müqayisə etmək bir qədər çətindir. Həmişə dediyim, təkrarladığım bir fikir var: Türkiyənin mərkəzi qəzetlərinin maddi, yaradıcılıq şərt və imkanları Azərbaycan jurnalistlərində olsa, indi biz bölgələrdə də "Vaşinqton post"a bənzər nəşrlər yarada bilərdik.
Sözün doğrusu, Azərbaycan jurnalistlərini Türkiyə jurnalistlərindən zəif hesab etmirəm. Dediyiniz monotonluğu yaradan səbəblər başqadır.
- Azərbaycan mətbuatında ciddi reklam problemi var. Bu problem Sizcə necə həll olunmalıdır?
- Sizə adi bir fakt deyim. Bu günlərdə "Reklam haqqında" qanuna dəyişikliyin müzakirəsində bəlli oldu ki, 1 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti şəhərdəki reklam lövhələrindən 30-40 milyon manat vəsait qazanıb. Bu fakt onu göstərir ki, reklamın mətbuata yol tapmamasının səbəbləri nədir və kökü hara gedib çıxır. Digər tərəfdən ən böyük qəzetlərimizin tirajı 5-6 mini keçmir. Ona görə də şirkətlər, reklamvericilər mətbuatla işləməyə üstünlük vermirlər. Amma yanılırlar. Mətbuat qılıncdır və qəzetin təsir imkanları çox böyükdür. Sadəcə bunları sadalamaq və vaxt itirmək istəmirəm.
- Avropada çap məhsullarında ixtisaslaşma var. Yəni hər hansı bir sahənin adamı öz sahəsinə uyğun mətbu nəşr edib, yenilikləri oxucuya çatdıra bilər. Azərbaycanda isə ixtisaslaşma maksimum ədəbiyyat və xəbərçilikdən ibarətdir. İxtisaslaşma üçün nə etmək lazımdır?
- Yaxşı sualdır. İxtisaslaşma peşəkarlığın ən mühüm komponentlərindən biridir. Azərbaycanda da bu sahədə iş gedir. Dediyiniz kimi, xəbərçilik və bədii ədəbiyyat sahəsində ixtisaslaşmadan bu gün danışmaq olar. Amma digər sahələrdə bu o qədər də görünmür. Bunun başlıca səbəblərindən biri müxtəlif ixtisaslı jurnalistlərin sayının o qədər də çox olmamasıdır. İqtisadiyyat, səhiyyə, təhsil, gənclik və uşaq mətbuatı formal cəhətdən var. Amma böyük nüfuza sahib, geniş oxucu auditoriyası olan sahə mətbuatının nümunələri demək olar ki, yoxdur. Jurnalistikada oxucu auditoriyası və hədəf qrupları anlayışı olduğu halda, biz bunu tətbiq etməkdə çətinlik çəkirik. Hələ jurnalistikanın ali təhsil pilləsində ixtisaslaşma aparılmalı, bu yöndə kadrlar hazırlanmalıdır. İndi ali məktəblərimizin jurnalistika fakültələrinin magistraturasına müxtəlif ixtisaslı bakalavrlar qəbul oluna bilər. Düşünürəm ki, bu Azərbaycanda jurnalistikanın ixtisaslaşmasına öz töhfələrini verəcək.
QARABAĞI TƏK SİLAHLA, MÜHARİBƏ YOLU İLƏ DEYİL, BEYİNLƏRİ İŞĞAL ETMƏKLƏ AZAD EDƏ BİLƏRİK
- Qarabağ həqiqətləri, erməni terrorçuluğu barədə bir neçə kitabın müəllifisiz. Amma qəbul edək ki, Qarabağ bizim ola-ola bizim bu barədə çıxardığımız kitablar ermənilərin Qarabağla əlaqəli çıxardığı kitablardan say baxımından çox azdır. Niyə görə belədir və informasiya savaşında uduzmamağımız üçün nə etməliyik?
- Siz dünyanın elektron satış mərkəzlərindəki kitablara baxsanız hər şey aydın olar. Görün, ermənilər nə qədər ingiliscə kitabları satışa çıxarıb. Bunlarla müqayisədə Qarabağa aid bizim yazdıqlarımız çox azdır. Hətta faktlara söykənən, dünyanın elmi müstəvilərinə çıxaracağımız kitablar, monoqrafiyalar ingilis dilinə tərcümə olunmalı, planlı şəkildə bu kitabların təbliğatı aparılmalı, dünyanın elm mərkəzləri tərəfindən müzakirələri keçirilməlidir. Onu düşünməliyik ki, Qarabağı tək silahla, müharibə yolu ilə deyil, beyinləri işğal etməklə azad edə bilərik.