“Almaniya - Azərbaycan münasibətlərinin böyük perspektivi var” - Dividend qazandıracaq





"Qərb, xüsusilə, Avropa İttifaqı (Ai) son vaxtlar Azərbaycana böyük maraq göstərir”.
Bu barədə "Sherg.az”a Almaniya kansleri Angela Merkelin Azərbaycana plalaşdırılan səfərinin əhəmiyyətini izah edərkən politoloq Tofiq Abbasov bildirib. 

O diqqətə çatdırıb ki, Fransa prezidenti Emmanüel Makronun ölkə başçısı Prezident İlham Əliyevi Parisə dəvət etməsi, İtaliya prezidenti Sergio Mattarellanın ölkəmizə səfəri və Angela Merkelin Bakıya gəlişi Aİ ölkələrinin Azərbaycana olan diqqətinin təzahürüdür:

"Qəti əminəm ki, A.Merkelin Cənubi Qafqaza səfəri digər region ölkələri ilə deyil, sırf Azərbaycanla bağlıdır. Düzdür, Azərbaycandan Qərb istiqamətində daşınan enerji resursları üçün Gürcüstan əhəmiyyətli dövlətdir. Ancaq kanslerin səfərinin əsas hədəfi Azərbaycan Prezidenti İlham Əliyevlə aparılacaq danışıqlardır.

Halbuki Qərbin gəlişi gözəl vədlərinə aldanmaq olmaz. Çünki Qərb öz xeyri olmazsa, heç bir addıma imza atmır. Təbii ki, Azərbaycan diplomatiyası bu məqamları diqqətə alacaq qədər güclüdür. Ona görə, rəsmi Bakı da bu səfərdən qazancla çıxacaq. Qeyd etdiyim kimi, Azərbaycan Almaniyanın diqtə etdiyi məsələləri kortəbii şəkildə qəbul etməyəcək”.

T.Abbasov bir məqamı da xüsusi vurğulayıb ki, Almaniya son illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sağlam mövqeyi ilə seçilir. Onun fikrincə, rəsmi Berlin artıq Azərbaycanın torpaqlarının işğal olunduğunu qəbul edir, ölkəmizə təzyiq göstərməyi rədd edir:


"Azərbaycanın müxtəlif sahələrdə söz sahibi olması, neft-qaz ixracat etməsi, regional və beynəlxalq layihələrdə tranzit dövlət kimi çıxış etməsi Almaniyanın simasında qərb ölkələrinin diqqətini cəlb edir. Dünya nəhənglərinin hər zaman güclü bəndlərlə əlaqə yaratmağa çalışdığını, bu ölkələrlə işbirliyinə can atdığını nəzərə alsaq, Azərbaycan Qərb üçün əhəmiyyətlidir. Bu baxımdan rəsmi Berlin və Bakı münasibətlərinin böyük perspektivi var.

Sabah Bakıda Almaniya və Azərbaycan arasında əhəmiyyətli danışıqlar aparılacaq, aktual mövzular müzakirə olunacaq. Bu görüşün Azərbaycan üçün dividendi böyükdür”.

Qeyd edək ki, Qərb mediasında Merkelin səfərində əsas məqsədin Avropa üçün Azərbaycanın idarə etdiyi, ”Cənub qaz dəhlizi”nin genişləndirilməsi olduğu vurğulanır. Dərc olunan xəbərlərdə bildirilir ki, Almaniya "Cənub qaz dəhlizi”nə regiondaki digər ölkələri də cəlb etmək niyyətindədir. Merkelin Bakı gündəliyində xeyli mövzular var. O, enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək

Aysel Aslan