Ana olmuş qadınların 97 faizi övladlarını süd ilə qidalandırmaq imkanına malikdir. Südü olaraq, onu övladına verməkdən imtina edən analar isə dini nöqteyi nəzərdən böyük günah işlətməklə bərabər, körpələrinin sağlamlığını da riskə atırlar. Bu cür analar cəmiyyətdə də qınaqla qarşılanır, ətrafdakıların tənqidinə tuş gəlirlər.
Ana südü körpə üçün əvəzolunmazdır. Övladını sevən hər bir ana südünün bu qədər faydalı olduğunu bildikdən sonra, çətin ki, uşağına bu yaxşılığı etməkdən boyun qaçıra.
Sherg.az son zamanlar övladına süd vermək istəməyən anaların artmasını nəzərə alaraq ana südünün fayda və üstünlüklərini araşdırıb:
Uşaq üçün ana südünün üstünlükləri
Ana südü hər şeydən əvvəl sterildir. Temperaturu həmişə optimaldır və bağırsaqlardan asan sorulur. Körpələrdə normal fiziki və əqli inkişafı təmin etmək üçün mütləq şəkildə ana südü ilə qidalandırmaq lazımdır. Bu möcüzəvi maddə uşağı mikrob, virus və göbələk infeksiyalarından müdafiə edir. Körpələrdə iştahsızlığın qarşısını alır, mimiki əzələlərin, dişlərin, nitqin və beynin inkişafına müsbət təsir edir. Ana südü ilə qidalanan yeni doğulmuşlarda bağırsaq sancıları olmur. Dəmir defisitli qan azlığını, şəkərli diabetin əmələgəlmə riskini azaldır. Ana südü ilə müəyyən vaxtda qidalanmış uşaqlarda piylənmə, hiperxolesterinemiya, bronxial astma və allergik xəstəliklərə tutulmaq riski az olur. Bundan başqa faydaları saymaqla bitməyən ana südü müalicəsi nadir olan xərçəng və leykemiya kimi sağalmaz xəstəliklərə tutulmağa da mane olur. Qəfləti ölüm riskini aşağı salana ana südünü döşlə əmizdirən ana və uşaqlar arasında bağlılıq əmələ gətirir ki, bu da gələcək münasibətlərə öz müsbət təsirini göstərir.
Ana üçün südvermənin üstünlükləri
- Uşaqlığın yığılması sürətlənir və doğuşdan sonrakı uşaqlıq qanaxmalarının qarşısını alır;
- Süd vəzi və yumurtalıq şişlərinin əmələ gəlmə riskini azaldır;
- Hamiləlik zamanı meydana gəlmiş artıq çəkini azaldır;
- Yenidən hamilə qalmaqdan qoruyur (98 faiz);
- Endometrioz riskini azaldır;
- Hazırlanmasına vaxt sərf olunmur və körpənin qəbulu üçün həmişə hazırdır;
- Ana südünün əmələ gəlməsi üçün əlavə xərc tələb olunmur.
Cəmiyyət üçün uşaqların ana südü ilə qidalanmasının faydası
Sağlam əhalinin formalaşmasında, gələcək nəslin daha da üstün və sağlam olmasında ana südü ilə qidalanan körpələrin böyüdülməsi vacibdir. Ana südü həmçinin maddi cəhətdən qənaətçilik deməkdir.
Aysel Aslan