“Amerika səfirliyinə atəş açılması birbaşa ABŞ-a atəş açmaq deməkdir”
Ötən gün ABŞ-ın Ankaradakı səfirliyi atəşə tutulub. Atatürk bulvarı ilə hərəkət edən ağ rəngli minik avtomobilində olan naməlum şəxslər səfirliyin binasına 4-5 əl atəş açıblar. Səhər saatlarında baş verən hadisədə xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Olayın təfərrüatları bəlli olmasa da, arzuolunmaz hadisənin meydana gəlməsinin özü belə kifayət qədər ciddi məqamlardan xəbər verir. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın hadisəni provokasiya adlandırıb. Onun sözlərinə görə, olay açıq-aydın xaos yaratmaq cəhdidir: "Türkiyə etibarlı bir ölkədir və bütün xarici missiyalar qanunların zəmanəti altındadır. Hələlik araşdırma aparılır və hadisə mümkün qədər tez bir zamanda aydınlaşacaq”. AKP-nin mətbuat katibi Ömer Çelik də hadisəni təxribat kimi qiymətləndirib.
Siyasi şərhçilərə görə, Amerika-Türkiyə arasında getdikcə gərginləşən münasibətlər fonunda super dövlətin səfirliyinə atəş açılması Ankara üçün başağrısı ola bilər. Analitiklər hadisənin müəyyən qruplar tərəfindən həyata keçirilmiş təxribat və ya üç-beş həvəskarın təhlükəli cəhdi kimi dəyərləndiriblər.
Bu barədə "Şərq”ə danışan təhlükəsizlik üzrə ekspert, sabiq MTN polkovniki İlham İsmayıl 2003-cü ildən başlayaraq Amerika ilə Türkiyə arasında soyuq münasibətin formalaşdığını deyib. Yaxın Şərq və Rusiya ilə bağlı ziddiyyətlər məhz həmin illərdən yaranıb: "15 ildən sonra prosesin bu həddə çatacağı bəlli idi. Rahib Branson məsələsi sonuncu damla oldu. Əgər söhbət birbaşa keşişdən getsəydi, ABŞ hərbi çevriliş cəhdindən sonra iki il ərzində Türkiyəyə qarşı hansısa addımlar atardı, sanksiya tətbiq edərdi. Ankarada ABŞ səfirliyinin binasına atəş açılması təxribatdır. Eyni zamanda aparılan yanlış təbliğatın nəticəsində hansısa düşüncəsiz bir adamın əməli də ola bilər. Hər iki versiyanın doğruluq payı çoxdur. Lakin istənilən halda Amerika səfirliyinə atəş açılması birbaşa ABŞ-a atəş açmaq deməkdir.
Bu hadisə ikitərəfli münasibətləri daha da gərginləşdirə bilər. Ankara hökuməti çox ayıq-sayıq olmalıdır. Problemi yumşaltmaq üçün addımlar atılmalıdır. Əks halda bu cür təxribatların artma ehtimalı çoxdur. Başqa yerlərdə, xüsusən Avropa ölkələrində Türkiyə adından Amerikaya qarşı təxribatlar törədilə bilər. Unutmayaq ki, ABŞ-Türkiyə münasibətlərinin yaxşı olması başda Rusiya və Ermənistan olmaqla bir çox qüvvələrə sərf etmir. Ona görə də əlaqələrin korlanmasını istəyirlər”.
İsmayıl