Rauf Əliyev: "Separatistlər deyirdilər ki, Azərbaycan xalqı ilə yaşaya bilmərik. İndi isə deyəcəklər ki, Azərbaycanı Avropadan qovdular. Hər yerdən qovulan xalqla biz necə yaşayaq?!"
"Azərbaycanın AŞPA-dan çıxmasının tərəfdarı deyiləm. Bura həqiqətlərimizi çatdırmaq üçün bir platformadır. İşləməliyik !"
"Prezident İlham Əliyev BMT tribunasında çıxış edərkən, Azərbaycana qarşı ikili standartların olduğunu təsdiq etdi”.
Bunu "Sherg.az”a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxmasına dair iddialara münasibət bildirərkən millət vəkili Rauf Əliyev deyib.
O bildirib ki, əvvəl bu dərəcədə açıq siyasət yürüdülmürdü:
"Avropa Şurasına (AŞ) daxil olmuşuq, öhdəlik götürmüşük. İndi Azərbaycana qarşı iddialar irəli sürürlər ki, guya insan haqları qorunmur. Bu iddialara cavab verilməlidir. Bunun üzərində işləmək lazımdır.
AŞ-dan çıxsaq, ermənilər yozacaq ki, guya bizi təşkilatdan qovdular. Separatistlər deyirdilər ki, Azərbaycan xalqı ilə yaşaya bilmərik. İndi isə deyəcəklər ki, Azərbaycanı Avropadan qovdular. Hər yerdən qovulan xalqla biz necə yaşayaq?! Ona görə, hər dəfə Azərbaycana qarşı iddialar səsləndirilməsini təşkil ediblər. AŞ qətnamə qəbul edibsə, işləyib, qarşısına çıxmaq lazımdır. Tək Azərbaycanın nümayəndə heyəti deyil, bütün millət vəkilləri, Avropaya gedib-gələn insanlar bu istiqamətdə çalışmalıdır. Çünki Azərbaycana qarşı ikili standartları tətbiq olunduğunu heç kim gizlətmir. 1 milyon qaçqın və məcburi köçkünlərimiz var. 20 faiz torpaqlarımız işğal altındadır. BMT-nin 4 qətnaməsi hələ də yerinə yetirilməyib. Bütün bunları dilinə gətirən oldumu? Lakin Kataloniyada bu məsələlər ortaya çıxdıqda, polis müdaxilə etdi, qan töküldü, lakin nəticə olmadı. Heç bir reaksiya verilmədi”.
Azərbaycana qarşı irəli sürülən iddiaların əsassız olduğunu vurğulayan deputat deyib ki, bunlara hazır olmalıyıq:
"Qəbul olunan qətnamənin sonradan ləğv olunması hgalı çox olub. Sadəcə avropalılara sübut etmək lazımdır ki, ikili standartlar tətbiq edirlər. Artıq elə proseslər baş verir ki, Avropa bunları idarə edə bilmir, Azərbaycanın üstünə düşüb.
Avropada məhbuslar daha çoxdur. Dünyada o qədər problem qala- qala AŞ Azərbaycanı müzakirə edir. Ona görə, düşünürəm ki, biz bir-birimizə bu məsələlərdə dəstək olmalı, ağılla irəli getməliyik. Gələn iclaslarda AŞ-da çıxış edərkən, onlara həqiqətləri çatdırmalı, deputatları öz tərəfimizə çəkməliyik. Milli Məclisin deputatlarının çoxu digər ölkələrin parlament heyətinin dostluq qrupundadır. Onlar böyük işlər görməlidir, hər ölkədə təbliğat aparmalıdır.
Bütün dünya Qarabağ münaqişəsini bilir. "Qarabağ” Futbol Komandasının Çempionlar Liqasına yüksəlməsindən sonra isə hər kəs əmin oldu ki, Qarabağ Azərbaycanındır. Ermənilər ona görə, idmanda da provokasiyalara əl atmağa çalışırlar. Lakin bunların heç bir təsiri olmayacaq”.
R.Əliyev əlavə edib ki, Azərbaycanın Avropa Şurasından çıxmasının tərəfdarı deyil:
"Bu, bir platformadır. Millət vəkillərimiz AŞ-da Azərbaycan həqiqətlərini çatdırır, Xocalı faciəsini, digər məsələləri qaldırırlar. Ona görə, biz Avropaya səsləndirdikləri iddiaların əsassız olduğunu sübut etməli, öz işlərimizi aparmalıyıq”.
Ayyət ƏHMƏD