Mais Ağayev: "Qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir"
Asta sür maşını, amandı sürücü! - Feysbuk gündəliyi
"BakuBus"un bir pəncərəsi 2300 manatdır?
Mais Ağayev: "Qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir"
Mais Ağayev: "Qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir"
Son günlər "BakuBus" şirkətinin fəaliyyəti ciddi tənqid olunur. Müzakirə obyektinə çevrilən isə sadəcə sürücülərin səhlənkarlığı deyil, şirkət rəhbərliyinin özü də ictimaiyyətin hədəfindədir. Halbuki son aylara qədər "BakuBus" avtobusları o biri marşrut avtobuslarına, şirkətin idarəçiliyi isə sərnişindaşıma ilə məşğul olan digər özəl şirkətlərə nümunə kimi göstərilirdi. "BakuBus" sürücülərinin sərnişinlərlə rəftarı da digər avtobus sürücülərinin kobud davranışı ilə müqayisədə təqdir olunurdu. "BakuBus” avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması isə bu şirkətə olan gözləntilərimizin özünü doğrultmadığını deməyə əsas verir.
Qeyd edək ki, srağagün səhər saatlarında metronun "Koroğlu" stansiyasının yaxınlığında "BakuBus” MMC-yə məxsus iki marşrut avtobusu toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Bir neçə gün öncə də "BakuBus”un 3 avtobusu bir-birinə çırpılıb. Nəticədə hər üç avtobusa ciddi ziyan dəyib.
Sosial mediada yayılan məlumatlara görə, "BakuBus” avtobuslarına dəyən zərər hadisə zamanı sükan arxasında əyləşən sürücülər tərəfindən ödənilir. Bu zərərin ödənişi sürücülərin aylıq əməkhaqqından tutulmaqla həyata keçirildiyi iddia olunur. Eyni zamanda, bildirilir ki, sözügedən avtobusların ehtiyat hissələrinin qiyməti baha olduğundan dəymiş zərər də sürücülərə baha başa gəlir. Həmçinin, nəqliyyat vasitəsinin güzgüsünün qırılmasının 2400 manata başa gəldiyi deyilir. Bu da sürücünün bir neçə aylıq əməkhaqqısı deməkdir.
Təəssüflər olsun ki, "BakuBus”dan olan narazılıq bununla da bitmir. Bir neçə gün əvvəl də sosial şəbəkə istifadəçilərindən biri bu səpkidə bir paylaşım edərək, "BakuBus”un fəaliyyətini sorğulamışdı:
2300 manata Sumqayıtda "Mercedes" mikroavtobus almaq olur e...
Bir tanışımız "BakuBus" avtobusunda "fortuçka"nı bağlayanda şüşəsi sınıb. Kameraya baxıb görüblər ki, sərnişinin günahı yoxdur, bilərəkdən edilməyib. Deyiblər, narahat olma, sizlik bir şey yoxdur, gedin. Sonra yazıb-pozublar ki, dəymiş zərəri siğorta ödəyəcək. Amma sığorta heç nə ödəməyib. 6 aydan sonra "BakuBus" həmin vətəndaşı verib məhkəməyə ki, sığortadan pulu ala bilmədik, sən ödəməlisən. Özü də bir "fortuçka"nın qiyməti nə qədər olsa yaxşıdır? 2300 manat. Adamlar şokdadır. Mən də şokdayam. 2300 manata Sumqayıtda "Mercedes" mikroavtobus almaq olur e...”.
Sözügedən paylaşıma rəy yazan hüquq müdafiəçisi Sahib Məmmədov isə qeyd edib ki, sərnişin həmin hadisəni qəsdən etməyibsə, şirkət ondan həmin vəsaiti ala bilməz: "Yaxşı vəkil lazımdır sadəcə”.
Əfqan Eldaroğlu Quliyev adlı istifadəçi isə belə yazıb: "Bir dəfə qohumum "BakuBus" avtobusuna toxundu və avtobus cızıldı. 200 manat pul aldılar. Dedilər ki, bunun boyası xüsusi boyadır”.
Məhəmməd Əlioğlu: Mən bir dəfə bilmədən işıqforda "BakuBus”un arxa stopunu qırdım, ümumilikdə 3100 manat xərcim çıxdı.
Rüstəm Cəfərov isə deyib ki, bir tanışı "BakuBus”un arxasından yüngülvari sürtdüyü üçün servis 6800 AZN zərər aktı tərtib edib.
İqtisadçı-ekspert Natiq Cəfərli "BakuBus”un sürücülərdən və sərnişinlərdən cərimə tələb etməsinin əsassız bir iddia olduğunu deyib:
"Dünyanın bütün ölkələrində ictimai nəqliyyatın həm icbari, həm də kasko sığortası nəzərdə tutulub. Əgər avtobusa hər hansı bir formada ziyan dəyərsə, həmin vəsait sığorta şirkəti tərəfindən qarşılanmalıdır. İctimai nəqliyyat ictimaiyyət maraqlarını təmin edən bir nəqliyyat növü olduğundan birbaşa dövlət tərəfindən idarə olunur. Əgər "BakuBus” özəl müəssisə olsaydı, onların işinə birbaşa müdaxilə etmək doğru olmazdı. Ancaq "BakuBus" dövlət tərəfindən maliyyələşir. Bu şirkətə məxsus avtobusların alınmasında vergi ödəyicisi olan bütün vətəndaşlar iştirak etmiş hesab olunur. Avtobusa bilmədən ziyan vuran sərnişin də, qəza törədən sürücü də həmçinin”.
Natiq Cəfərlinin sözlərinə görə, avtobusu normal idarə edə bilməyən sürücülərin "BakuBus” şirkəti tərəfindən cəzalandırılması təbii haldır. Lakin avtobusa dəymiş ziyana görə, sürücünün cərimə olunması doğru deyil.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə "Şərq”ə açıqlamasında "BakuBus”la bağlı yayılan məlumatların əsassız olduğunu deyib. "BakuBus” avtobuslarının sığortalandığını vurğulayan M.Ağayevin sözlərinə görə, qəza nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərin sürücü tərəfindən ödənilməsi absurd fikirdir:
"Ziyan araşdırılır və sığorta müqaviləsində əksini tapan qaydalar əsasında tənzimlənir: "Heç bir sürücüdən dəymiş ziyanı cibindən ödənilməsi tələb olunmur. Sizin qəzet vasitəsilə bütün kütləvi informasiya vasitələri və ictimaiyyət üzvlərindən xahiş edirəm, "BakuBus” MMC ilə bağlı yayılan bütün məlumatları BNA-nın mətbuat xidməti ilə dəqiqləşdirib yaysınlar. Şirkətə məxsus avtobuslar qəzaya uğrayanda ilk olaraq qəzanın səbəbləri araşdırılır və sığorta şirkəti ilə birgə iş aparılır. Sürücülərin əmək haqqından tutub, avtobusları təmir etmək kimi iddiaların heç biri həqiqəti əks etdirmir.
O başqa məsələ ki, baş verən qəzada sürücülərin səhvi aşkarlanarsa, daxili qaydada həmin sürücü ilə bağlı müəyyən tədbirlər görülür. Əgər qəza hadisəsi avtobus sürücüsünün təqsiri ucbatından baş veribsə, həmin sürücü cəzalandırılır. Eyni zamanda, təkcə cəza ilə kifayətlənmirik. Həm də maarifləndirici tədbirlər həyata keçirir, sürücülərə təlimatlar verilir ki, növbəti dəfə bu cür hallar baş verməsin. Sadəcə, qəzaya səbəb olan sürücü ilə yox, istehsalat bazasında olan bütün texniki personala lazımi tövsiyələr edilir”.
Şəymən