Avtobuslarda qurulacaq kameralar təkcə cibgiri müəyyən etməyəcək

Bununla, həmçinin sürücünün davranışları, qəzalı vəziyyət yaradıb - yaratmaması və digər hallar ortaya çıxacaq
Bakıda ictimai nəqliyyatda oğurluq, cibgirlik hallarına tez-tez rast gəlinir. Bakı Nəqliyyat Agentliyi isə bu cür hadisələrin və digər problemlərin həll edilməsi üçün müəyyən tədbirlər görməyə hazırlaşır.
Agentlik Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər müəyyən edib. Məlumata görə, tələblərin mərhələli qaydada yerinə yetirilməsi ilə bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər qarşısında məsələ qaldırılır və onların yerinə yetirilməsi təmin edilir.
Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında qoyduğu əsas tələblərdən biri də avtobuslarda kameraların quraşdırılması ilə bağlıdır. Bildirilir ki, avtobuslarda onların bütün salonunu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən, qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş kameralar olmalıdır. Məqsəd müntəzəm sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələrində təhlükəsizliyin təmin olunması, eləcə də bəzi sərnişinlər tərəfindən ictimai asayişin pozulması, qeyri-etik hərəkətlərə yol verilməsi, habelə oğurluq, xuliqanlıq, cibgirlik hadisələrinin qarşısının alınmasıdır. Bunu nəzərə alaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər balanslarında olan və sərnişin daşımalarını yerinə yetirən avtobuslarda kameraların quraşdırılmasını təmin etməlidir. Tələbi yerinə yetirməyən daşıyıcı fiziki və hüquqi şəxslərə qarşı müvafiq tədbirlər görüləcək.
"Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov isə kameraların quraşdırılmasının olduqca yaxşı bir təşəbbüs olduğunu düşünür. Onun sözlərinə görə, bu layihə təsdiq olunduqdan sonra daxili və xarici kameraların tətbiq edilməsi sahibkarlara müəyyən maddi yük olacaq. Buna baxmayaraq, belə tədbirin görülməsi məqsədəuyğundur: "Bu cür kameraların quraşdırılması hər şeydən əvvəl ictimai təhlükəsizliyə nəzarət üçün gözəl bir vasitədir. Avtobusun 4 tərəfdən müşahidə edilməsi, orada nə kimi hadisələrin baş verməsinə, qayda pozuntularına, qəza zamanı sürücünün günahkar olub-olmamasına kimi nəzarət etməyə imkan verəcək”. Bundan əlavə, yol hərəkəti üzrə ekspert bu kameralar vasitəsilə sərnişinlərə də müəyyən nəzarətin olacağını vurğulayıb. Kameralar oturacaqları yararsız hala salan sərnişinlərin, həmçinin digər qayda pozuntularını yerinə yetirənlərin aşkarlanmasına kömək olacaq: "Bir şeyi də qeyd eləmək lazımdır ki, həm daxili, həm də xarici kameraların təyin edilməsində məqsəd əsasən də sürücülərə nəzarət etməkdir. Bütün proseslər kameralarda qeydə alınacaq. Yəni, sürücü onun üçün ayrılmış yolda hərəkət edirmi, dayanacaqda, yaxud dayanacaqdan kənarda saxlayırmı? Bütün bunlar xarici kameralar vasitəsilə müşahidə olunacaq. Eyni zamanda sürücülərin sərnişinlərlə davranış qaydaları, avtobusu idarə edərkən siqaret çəkməsi kimi hallar da qeydə alınacaq. Bununla da həm avtobus rəhbərliyi, həm də nəzarət orqanları sürücülərin nə işlə məşğul olduqlarını və vəzifələrini nə dərəcədə düzgün yerinə yetirdiklərini görəcəklər”.
Yeganə Bayramova