Fazil Mustafa, Aqil Səmədbəyli və Dilavər Əzimli Rəhim Qazıyevin cavabını verdi
"Şuşanın, Laçının işğalında Əbülfəz Elçibəyin rolu olub”. Bunu mətbuata açıqlamasında keçmiş müdafiə naziri, Milli Azadlıq Hərəkatının liderlərindən biri Rəhim Qazıyev deyib. Sabiq nazir bildirib ki, Əbülfəz Elçibəy prezident idi, bütün səlahiyyətlər onda idi, ancaq heç kəsi cəzalandırmırdı:
"Mən müdafiə naziri olsam da, hərbiçilərimi cəbhə hakimiyyəti Bakıya toplamışdı. Fərarilik edənlərin güllələnməsi barədə əmr vermişdim. Ancaq səlahiyyətim yox idi. Təsəvvür edin ki, bir tərəfdə Şuşa, Laçın gedib, digər tərəfdə isə Əbülfəz Elçibəyin tərəfdarları hakimiyyət uğrunda mübarizə aparırlar. Bütün bunları görüb çox əsəbiləşmişdim. Elçibəy tribunada çıxış edən zaman əlindən mikrofonu alıb dedim ki, nəyi bayram edirsiniz, Laçın, Şuşa gedib, amma siz bura 4000-4500 silahlı adam yığmısız. Bakıda kimi-kimdən qoruyursuz, torpaqsız hakimiyyət kimə lazımdır? Əbülfəz Elçibəy mənə cavab verdi ki, o da lazımdır, bu da lazımdır”.
R.Qazıyev iddia edib ki, 164 il əvvəl Azərbaycana gələn rus ordusunu ölkədən o çıxarıb: "Rəsmi protokola mən imza atmışam. Bunu Əbülfəz Elçibəy etməyib. İndi bunu Elçibəyin adına çıxartmaq istəyirlər. Rus qoşunlarının Azərbaycandan çıxarılmasında Elçibəyin rolu olmayıb”. Keçmiş nazir o zaman hakimiyyətdə təmsil olunan şəxsləri də ittiham edib:
"İndi bəzi adamlar durub Qarabağda döyüşməkdən dəm vururlar. 1993-cü ildə Əbülfəz Elçibəyin ən ağır vaxtında onun kürəkəni Aqil Səmədbəyli qaçıb Türkiyədə gizləndi. Əgər Aqil Səmədbəyli yaxşı adam olsaydı, gəlib qayınatasının ağır vaxtlarında yanında olardı. Həmin fərarilər indi qəhrəmanlıqdan danışırlar. Aqil Səmədbəyliyə sual verirəm, o zaman mənim 45 yaşım var idi və Qarabağda vuruşurdum. Bəs sən harada idin?”.
Rahim Qazıyevin iddiaları ilə bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa məsələyə qısa cavab verəcəyini dedi:
"Keçmişə aid məsələləri çözələməyin tərəfdarı deyiləm. Elçibəylə bağlı fikirlərimi dəfələrlə dilə gətirmişəm. Sözün açığı, yeni problemlər, mübahisələr yaratmaqda maraqlı deyiləm. Çünki qarşı tərəfdə olan adamlar məntiqlə müzakirə aparmırlar. Məsələn, biri deyir ki, "Azərbaycana testi mən gətirmişəm”, başqası iddia edir ki, "rus qoşunlarını mən çıxartmışam”. Axı siz kimsiz ki, bu işləri görəsiz? Bunların hamısı məntiqsiz yanaşmalardır və belə mövzulara qoşulmağımız məqsədəuyğun deyil”.
Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli də barəsində deyilənlərə münasibət bildirib. A.Səmədbəyli R.Qazıyevin ittihamlarının yalandan başqa bir şey olmadığını vurğulayıb:
"Bu adamın Elçibəylə bağlı dediklərinə özündən başqa inanan olmaz. Mənimlə bağlı dedikləri isə tamamən cəfəngiyyatdır. Əvvəla, mən Türkiyəyə təhsil almağa 1991-ci ildə, həm də məhz Elçibəyin təşəbbüsü ilə milli kadrlar hazırlamaq məqsədi ilə göndərilən 50 nəfərdən biri olaraq getmişəm. İkincisi, mənim təşəbbüsüm və rəhbərliyim ilə bir avtobus dolusu tələbə 1993-cü ildə Kəlbəcər işğal ediləndə savaşmaq üçün təhsilimizi buraxıb Azərbaycana gəlmişik. Yenə məhz Elçibəy tərəfindən geri, yəni Türkiyəyə qaytarılmışıq. Üçüncüsü, mən Elçibəyin qızı ilə 1999-cu ildə ailə qurmuşam. Göründüyü kimi, Qazıyevin mənimlə bağlı iddiaları tamamən yalandır. Bəylə bağlı dedikləri isə gopdan başqa bir şey deyil”.
Tarixçi-alim Dilavər Əzimli də vurğulayıb ki, Elçibəyi ittiham edənlər olduqca bəsit danışıqları ilə seçilirlər. Onlar elə düşünürlər ki, həyatda olmayan adamlar haqda nə istəsələr danışa bilərlər:
"Elçibəy iqtidarı böyük siyasi oyunların qurbanı oldu. Başlıca rolu xarici amillər oynadı. Daxildə hərənin bir komandası var idi. Elçibəy prezident seçilənədək bütün postlar paylanmış və müəyyən qüvvələrin təsiri altına düşmüşdü. İndi bütün günahları sadəcə bir şəxsin boynuna atmaq asandır. Bəs siz kim idiniz, ölkədə yaranan böhranda sizin fəaliyyətiniz olmayıbmı? Biz özümüz-özümüzü yaman günə qoyduq. Meydanlardan gəlib kreslolara oturanda özümüzü itirdik. Bu mənada özünüzü ittiham edin. Sizlərə hörmət yalnız Elçibəyə görədir”.
İsmayıl