Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi





Ölkəmizdə öz işini qurmaq arzusunda olan, yeni fəaliyyət sahəsi ilə biznesə atılmağı düşünən minlərlə gənc var. Müxtəlif səbəblərdən hər təşəbbüskarın istəyi reallaşmasa da, daha fəal, intellektli, ölkəsinə və xalqına xidmət duyğusu ilə yanıb-tutuşan işgüzar gənclər xəyallarını gec-tez reallığa çevirə bilirlər. Şübhəsiz ki, bu yolda müəyyən problemlər və maneələr də qarşıya çıxır. Lakin əngəllərə təslim olmayan, ruhdan düşməyən dinamik və əzmkar gənclər iş qurmağı, sahibkar olmağı bacarırlar. İşin sirri ondadır ki, işgüzar gənclər sadəcə pul qazanmaq üçün gərgin iş dünyasına atılmır. Onların həqiqi qayəsi post-neft dövründə Azərbaycan iqtisadiyyatına bacardıqları qədər töhfə verməkdir. Bu baxımdan qurduqları yeni işin müxtəlif aspektlərdən perspektivliyini nəzərə alaraq, daha aktual sahəyə yönəlirlər. 

Fəaliyyətini işıqlandıracağımız "NPC Agro” Konsaltinq və Mühəndislik şirkəti də ictimaiyyət üçün tamamilə yeni sahə üzrə fəaliyyətə başlayan bir qrup gəncin təşəbbüsü ilə iki il əvvəl yaradılıb. Heyəti az, gördüyü işləri kifayət qədər çox olan təşkilat paytaxtın Tbilisi prospektində, "Oskar” Biznes Mərkəzində yerləşir. Şirkətin təsisçisi və direktoru, gənc mütəxəssis Surxay Novruzludur. Gənc iş adamı ilə söhbətə keçməzdən qabaq qısaca bildirək ki, kənd təsərrüfatı üzrə ilk konsaltinq şirkəti olan "NPC Agro” dünyanın 4 ölkəsində 10-dan çox böyük şirkətlərlə əməkdaşlıq etməkdədir. Həmçinin, bu sahədə fəaliyyət göstərən ən yaxşı kənd təsərrüfatı və ətraf mühit universitetləri ilə sıx əlaqədədir.

"Missiyamız sahibkarların gəlirlərini artırmaqdır”

Şirkətin əsas missiyası haqda məlumat verən təsisçi Surxay Novruzlu bildirib ki, əsas fəaliyyət istiqamətləri kiçik ölçülü təsərrüfat sahiblərinə innovativ üsullarla yardım etmək, yerli biznesin genişlənməsinə nail olmaqdır: "İki il əvvəl beynimdə bir fikir formalaşdı. Xarici ölkələrdə olan bir neçə dostla "skype” üzərindən bu ideyanı reallaşdırmağa başladıq və şirkət yaratdıq. Yavaş-yavaş kiçik işlər görməyə başladıq. 2016-cı ilin mart ayında ölkənin ən böyük şirkətlərindən biri bizim müştərimiz oldu və bundan sonra məsələ ciddiləşdi. "NPC” sözü torpağın əsas elementlərindən olan Natrium, Fosfor və Kalsiumun ingiliscə baş hərfləridir. Şirkəti 2016-cı ilin noyabr ayında 6 nəfər kənd təsərrüfatı, ekologiya mühəndisləri və kimyaçı mütəxəssislərlə birlikdə qurmuşuq. Şirkətdə mühəndislər, biznesin inkişafı üzrə mütəxəssislər və hüquqşünaslar çalışır. Vaxtaşırı xarici və yerli mütəxəssislərlə də əməkdaşlıq edirik. Əməkdaşların hamısı peşəkar fəaliyyətə yiyələnmiş, kifayət qədər təcrübəli və gələcək üçün yüksək potensial vəd edən gənclərdir” .

2 illik fəaliyyət, yerli və xarici mütəxəssislərdən ibarət peşəkar komanda...

S.Novruzlunun sözlərinə görə, şirkətin ümumi xidmətlərinə regionların inkişafına dəstək olacaq layihələrin hazırlanması, torpaqların daha effektiv istifadəsi üçün analizlərin edilməsi, aqrar müəssisələrdə dataların ölçülməsi, fermerlər üçün təlimlərin təşkili və s. daxildir. Direktor vurğulayıb ki, şirkət innovativ texnologiyalar təklif edir və beynəlxalq müstəvidə fəaliyyət göstərən tərəfdaşlarla birlikdə yüksək peşəkarlıqla müştərilərə xidmət göstərir: "Yerli və xarici mütəxəssislərdən ibarət komandamız bitkiçilik və heyvandarlıqda, o cümlədən kənd təsərrüfatının başqa müxtəlif sahələrində layihələrin hazırlanması, tətbiqi və nəzarəti kimi bütün mərhələləri özündə birləşdirən məhsullar irəli sürür. Şirkət yeni bir bitkini sınaqdan keçirmək və ya əkinləri professional mütəxəssislərin məsləhəti əsasında hazırlamaq üçün əkin planı təklif edir. Toxum seçimi və səpini, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərlə mübarizə, biçin vaxtının təyini kimi məsələləri uyğun şəkildə tənzimləyir. Yəni qurumun əsas missiyası kənd təsərrüfatında yeni və innovativ metodlar tətbiq etməklə sahibkarların gəlirlərini artırmaq, yerli mütəxəssislərin inkişafına dəstək olmaqdır. Həmçinin, ətraf mühit məsələlərini daim nəzarətdə saxlamaqla ölkədə davamlı kənd təsərrüfatının inkişafı üçün yerli elmi və praktiki təcrübə formalaşdırmaqdır”.

"Laboratoriyamız Ankarada fəaliyyət göstərir”

Gənc təsisçi hər yeni qurulmuş şirkət kimi müxtəlif problemlər yaşadıqlarını da deyib. Lakin əlavə edib ki, gərgin əmək və dünyanın müxtəlif ölkələrindən olan tərəfdaşların təcrübələrindən istifadə etməklə bu çətinlikləri yavaş-yavaş aradan qaldırıblar: "Hazırda laboratoriyamız yüksək standartlara və ən yeni texnologiyalara sahibdir və Ankara Universiteti KOSGEB Texnologiya - İnkişaf Mərkəzinin dəstəyi ilə Ankara Universiteti Əkinçilik Fakültəsi ilə birlikdə qurulub. Azərbaycanda daha əvvəl həm özəl, həm dövlət şirkətləri, həm də kiçik sahibkarlar üçün müxtəlif torpaq, su, bitki və gübrə analizləri də məhz bu laboratoriyada edilib”. Şirkət rəhbəri vurğulayıb ki, bu sahə üzrə təşkilat yaratmaq ideyası onda Hollandiyanın "Wageningen” Universitetində kənd təsərrüfatının menecmenti üzrə magistr təhsili alarkən yaranıb: "Azərbaycanda kənd təsərrüfatı və aqrar biznes sahələrində yerli fermerlərin bu cür xidmət göstərən bir mərkəzə ehtiyac duyduqlarını müşahidə edərək fəaliyyət istiqamətini seçdik. Düşüncəmizdə yanılmadıq. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərinin bilinməsinin kiçik sahibkarlara iqtisadi və ekoloji üstünlüklər qazandırdığını anlayan bir çox fermer standart torpaq analizi xidmətindən istifadə etmək üçün bizə müraciət edirlər”.

"Respublikanın əksər bölgəsində şöbələrimiz olacaq”

S.Novruzlu bəyan edib ki, baş ofislərinin Bakıda yerləşməsinə baxmayaraq, regionlardakı mütəxəssislər sayəsində rayonlardakı fermerlərin köməyinə maksimum dərəcədə çatmağa çalışırlar: "Gələcəkdə müxtəlif rayon və şəhərlərimizdə nümayəndəliklərimizi açmağı planlaşdırırıq. "NPC Agro” fəaliyyətə başlayarkən ilk məqsədimiz yerli fermerlərə dəstək olmaq idi. Təbii ki, ölkədə kənd təsərrüfatının inkişafı iqtisadiyyata da öz müsbət təsirini göstərir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı perspektivli sahə hesab olunur. Xüsusən cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş "Yol Xəritəsi” bu sahənin inkişafına böyük imkanlar yaradıb. Ümumiyyətlə, insan qidasını əsasən, əkinçilik və heyvandarlıq məhsulları təşkil etdiyinə görə, kənd təsərrüfatı həmişə inkişafda olan və gəlirli sahə sayılır. Kənd təsərrüfatı ölkəmizdə də dərin ənənələrə malikdir. Son illər dünyanın müasir təcrübəsini yerli şərtlərə uyğunlaşdırmaqla məhsullar istehsal edərək daha böyük bazarlara çıxış əldə etmişik. Düşünürəm, hazırkı inkişaf tempi ilə yaxın illərdə ixracda hazır kənd təsərrüfatı mallarının çəkisi önəmli dərəcədə artacaq”.
Məlumdur ki, ölkədə xeyli sayda gənc öz işini qurmaq həvəsindədir. Ancaq müəyyən səbəblərdən tərəddüdləri var. Həmsöhbətimiz gənclərə öz tövsiyələrini verməyi də unutmayıb: "Sözsüz ki, biznes hər zaman riskli və məsuliyyətli sahədir. Amma gənclərimiz unutmasınlar ki, yaxşı biznes ideyası və israrlı çalışmaqla öz istəklərinə hər zaman nail ola bilərlər. Biz komanda olaraq daim fəaliyyətimizi genişləndirib daha çox fermerə çatmaq fikrindəyik. Bu yaxınlarda bitki xəstəlikləri ilə mübarizə üçün "Dr.Agro” tətbiqetməsini istifadəyə verəcəyik. Bununla da, fermerlər öz problemlərinin həllinə sadəcə, bir "sms” və ya telefon zəngi qədər yaxın olacaqlar”.

"Şirkətimiz sahibkarlar üçün vazkeçilməz xidmətlər təklif edir”

Surxay Novruzlu şirkətin hazırladığı kənd təsərrüfatı proqramları barədə ətraflı məlumat verib: "Kəndlərin və regionların davamlı inkişaf proqramlarının hazırlanması mühüm amildir. Bu sahədə təklif etdiyimiz xidmət ölkənin ucqar və seyrək məskunlaşmış ərazilərində yaşayan əhalinin iqtisadi rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına hesablanıb. Yerli şəraitə uyğun kiçik kənd təsərrüfatı biznes layihələrinin, regiona xas proqramların hazırlanması, təşkili və idarə olunması qeyd olunan xidmət çərçivəsində həyata keçirilir. Bu proqramlar həyata keçirildiyi təqdirdə yerli əhalinin gəlirləri artacaq və lokal iqtisadiyyat ətraf mühitə zərər vermədən davamlı olaraq inkişaf edəcək. Eyni zamanda səyyar və stasionar laboratoriyaların qurulması da vacibdir. Torpağın, suyun və yem məhsullarının kimyəvi və fiziki analizlərinin aparılması üçün texniki avadanlıqların quraşdırılması, mütəxəssislərin təlimatlandırılması, analiz işinin təşkili kimi məsələlər qeyd olunan xidmətə daxildir”. Direktorun sözlərinə görə, Azərbaycan dənli və paxlalı bitkilərə olan tələbatını ödəməkdə idxaldan böyük ölçüdə asılıdır. Buna görə də şirkət innovativ və müasir metodlardan istifadə etməklə yüksək məhsuldarlıq üçün əkin layihələri təklif edir.

"Kənd təsərrüfatı məhsullarını dünya bazarlarına çıxarırıq”

Qurumda layihə meneceri olaraq fəaliyyət göstərən, bütün administrativ işləri icra edən İlkin Mustafayev isə bildirib ki, gənc şirkət olduqlarına baxmayaraq, qısa müddət ərzində böyük işlərə imza atıblar: "Şirkət olaraq kənd təsərrüfatı sahəsində məşğul olan bütün fiziki və hüquqi şəxslərə aqrar konsaltinq xidmətləri göstəririk. Konsaltinq xidmətlərini şirkətin yerli və əməkdaşlıq etdiyi xarici aqronomların iştirakı ilə həyata keçiririk. Təbii ki, bütün bunlar müştərinin istəyi ilə həyata keçirilir. Konsaltinq xidmətləri ilə yanaşı torpaq, su və bitkilərin xəstəlik analizləri, suvarma sistemləri, torpaq sahələri, heyvandarlıq ilə bağlı ümumi dəyərləndirmə xidmətlərimiz də var”. Müsahibimiz bildirib ki, Azərbaycanda əkilən və dünya bazarına çıxarılan məhsullar orqanik və ya orqanikə yaxın səviyyədə becərilir və ixrac edilir. Lakin bu məhsulların Avropa Birliyi, ABŞ, Yaponiya kimi ölkələrin orqanik məhsul sertifikatları standartlarından keçməməsi onları bazarda adi məhsul kimi tanıtdırır: "NPC Agro” Almaniyadan akreditə olunmuş təşkilatlarla fermerlərə qısa zamanda orqanik sertifikat qazandırır. Şirkət əkinlərdə zərərvericilərlə mübarizə üsulları ilə bağlı da yüksək xidmət həyata keçirir. Xidmət çərçivəsində bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün aqrotexniki, mexaniki, fiziki, kimyəvi, bioloji və digər üsullardan istifadə edilir. Bu üsullar insanlara və təbiətə minimum zərər verməklə həyata keçirilir”.

"Müasir suvarma sistemləri qururuq”

"NPC Agro”nun təmsilçisi deyib ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq və suya qənaət etmək üçün modern sulama sistemlərinin tətbiqinə ehtiyac var. Şirkət bu sistemlərin sahələrdə qurulmasını təmin edir, əkilmiş bitkilər üzrə suvarma qrafiki hazırlayır: "Bununla da ölkəmizdə məhsul itkisinin əsas səbəblərindən biri - yanlış suvarma probleminin əhəmiyyətli dərəcədə aradan qaldırılmasına köməklik göstərir. O cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən olan toxumçuluğun inkişafı və milli genlərə sahib yeni hibrid toxumların əldə edilməsi ölkəmiz üçün vacib məsələdir. Bu baxımdan şirkət daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılmasını təşkil edir. Bununla yanaşı, şirkət kənd təsərrüfatında vacib analizlərdən olan su və torpaq analizini də ən yüksək səviyyədə reallaşdırır”.

"Qaramalın məhsuldarlığı artır, fermerlərin gəlirləri çoxalır”

İ.Mustafayevin sözlərinə görə, "NPC Agro”nun ən mühüm xidmətlərindən biri də heyvandarlıqda süni mayalanma işlərinin təşkili, yeni məhsuldar növlərin xaricdən idxalı və yerli şəraitə uyğunlaşdırılmasıdır: "Şirkət heyvandarlıqda damazlıq-seleksiya işinin təkmilləşdirilməsi və fermerlərə keyfiyyətli süni mayalanma xidmətləri göstərir. Bu xidmətlərdən istifadə nəticəsində qaramalın məhsuldarlığı artır, fermerlərin gəlirləri çoxalır. Ən əsası isə sahibkarların süni mayalanmaya inamları olur. Vurğulanan xidmətlər çərçivəsində Fleçvieh, Montofon, Holstein, Montbeliarde, Charolais, Limusin kimi məhsuldar damazlıq-südlük və ətlik inək növlərinin ölkəmizə gətirilməsi və adaptasiyası, sağlamlığının qorunub saxlanması həyata keçirilir”.

İsmayıl Qocayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.