Azərbaycan arxiv sənədlərinin elektronlaşdırılmasını tezləşdirməlidir

Dilavər Əzimli: “Demək olar ki, bizim institutda arxiv sənədlərinin müəyyən hissəsi elektronlaşıb”
Fəzail İbrahimli: “Bu proses zamanla öz həllini tapacaq. Bir günün, iki günün işi deyil axı!”

Arxiv sənədlərinin elektronlaşdırılması artıq bir sıra dövlət və özəl müəssisələrdə reallaşdırılıb
və uğurlu nəticələr əldə olunub. Bu sistemin tətbiqi şirkətlərdə və idarələrdə bütün növ cari və
köhnə sənədlərin elektronlaşdırılması ilə onlara vahid mərkəzdən nəzarət etmək imkanı yaradır.
Elektron mühitə köçürülmüş bütün sənədlər müvafiq qovluqlara yerləşdirilir və xüsusi proqram
təminatı vasitəsilə idarə olunur. 

Arxiv sənədlərinin elektronlaşdırılması uzunmüddətli araşdırma prosesinin minimuma endirilməsi və sənədlərin təhlükəsizliyinin təmin olunmasına gətirib çıxarır. Bütün sənədlərin indeksləşdirilməsi ilə sənədlərin koordinasiyası və bütünlüyünün asanlıqla yoxlanılmasını asanlaşdırır. Bu isə nəticə etibarı ilə çox sayda sistemləşdirmənin mümkünlüyünə (mərkəzi, regional və yerli mərkəzlər) səbəb olur. Artıq bütün dünyada bu sistem tətbiq olunur.
Amma nədənsə, ölkəmizdə arxiv sənədlərinin elektronlaşdırılması prosesi ləng gedir. Məsələnin
kifayət qədər aktual və vacib olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının
Tarix İnstitutunun əməkdaşı, tarixçi-alim Dilavər Əzimli Tarix İnstitutunda artıq bu prosesin
başlanıldığını deyib: 

"Demək olar ki, bizim institutda arxiv sənədlərinin müəyyən hissəsi
elektronlaşıb. Sevindirici haldır ki, Axundov Azərbaycan Milli Kitabxanası və Elmlər
Akademiyasının kitabxanasında da elektronlaşma prosesi gedib. Hətta bildiyim qədəri ilə arxiv
idarələrində də elektronlaşma sahəsində addımlar atılmaqdadır, amma bu proses daha da
sürətləndirilməlidir. Türkiyədə, Avropa ölkələrində bu proses tam təkmilləşdirilib. Kompyuter
vasitəsilə istənilən sənədi tapıb, sifariş vermək olar. Çox ucuz qiymətə mən Türkiyənin Baş
Bakanlıq arxivindən saysız sənədlər gətirmişəm”. Əhəmiyyətli arxiv sənədlərinin əldən-ələ
dəydikcə zədələndiyini, korlandığını deyən tarixçi-alim hesab edir ki, elektronlaşmanın
sürətlənməsi sənədlərin mühafizəsi üçün də vacibdir.

Tarixçi, millət vəkili Fəzail İbrahimli isə deyib ki, sovet dövrü ilə müqayisədə indi arxiv
sənədlərini əldə etmək daha asandır: 

"Mən namizədlik və doktorluq dissertasiyalarımı yazan zaman arxivlərdə çox böyük əziyyətlər çəkmişəm. Amma indi elə deyil axı. Müstəqillik illərindən üzü bu yana arxivlərimiz təpədən-dırnağa yenilənib. Həm təmir-tikinti işləri, həm də sənədlərin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Dünyanın bütün ölkələrindən Tarix İnstitutuna, dövlət arxivinə arxiv sənədləri gətirilir. Həmin sənədlərin elektronlaşdırılması isə tədrici bir prosesdir və zamanla öz həllini tapacaq. Bir günün, iki günün işi deyil axı! Əsas odur ki, proses başlanılıb və müəyyən nailiyyətlə də əldə olunub. Güman edirəm ki, yaxın illər ərzində proses tamamlanacaq”. Azərbaycanı Türkiyə və Avropa ölkələri ilə müqayisə etməyin düzgün olmadığını vurğulayan millət vəkili deyib ki, bizim müstəqilliyimizin cəmisi 25 yaşı var. Türkiyə isə 1923-cü ildən müstəqil olduğu üçün arxiv sənədlərinin elektronlaşdırılmasının təkmil formada olması təbiidir.

Şəymən