Azərbaycan da Avropa İttifaqı ilə viza rejimini sadələşdirə bilər- REALDIR




Azərbaycan da Avropa İttifaqı (Aİ) ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqlar aparır.

Bunu Sherg.az-a Avropa ölkələrinə viza rejiminin sadələşdirilməsi barədə danışarkən Dövlət Miqrasiya Xidməti(DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

Sədrin sözlərinə görə, AB və Azərbaycan arasında miqrasiya məsələlərinin intensivləşdirilməsi və viza məsələlərinin tənzimlənməsində mühüm addımlar atıla bilər: 

"Ukrayna və Gürcüstan ittifaqla vizasız gediş gəlişi təsdiqləyən sənədi artıq imzaladı. Bu digər ölkələrlə də sosial, iqtisadi müstəvidə öz həllini tapan bir addım olmalıdır. Azərbaycan da həmin istiqamətdə danışıqların intensivlədirilməsi üçün çalışır. Əsasən sadələşdirilmiş viza rejiminin tətbiqi ilə bağlı olan qarşılıqlı anlaşmada minimum və maksimum nəticə gözlənilir. Minimum nəticəyə uyğun olaraq, proqram şərtlərinin və tələb olunan sənədlərin azaldılması, prosesin asanlaşdırılması ilə vaxt itkisinin aradan qaldırılması əldə oluna bilər. Maksimum səviyyə isə viza rejiminin, ümumiyyətlə, ləğv edilməsi barədə razılaşmadır. Düşünürəm ki, vizanın sadələşdirilməsi daha real məsələdir. Burada həm Avropa İttifaqının, həm də Azərbaycanın gözləntiləri fərqlidir. Maraqlar üst-üstə düşdükdə hər hansı razılaşma əldə olunacaq”.

Qonşu dövlət olan Gürcüstanın bu istiqamətdə atdığı addımları nümunə gətirən A. Allahverənov bildirib ki, rəsmi Tiflis sazişin təsdiqlənməsi işlərinə daha əvvəl başlayıb: 

"Bu səbəbdən lazımi nəticələr əldə olunub. Həm Avropa İttifaqının Gürcüstanla bağlı, həm də Gürcüstanın Qərbə inteqrasiya ilə bağlı strategiyası var. Ölkəmizdə də müvafiq işçi qrupu bu məsələ ilə bağlı fəaliyyətini davam etdirir. Düzdür, ara sıra mətbuata açıqlanan məlumatlar üzərindən şərhlər verilir, lakin ümumilikdə, danışıqlarda bir çox məqamlar gizli saxlanılır. Azərbaycanla Avropa ölkələri arasında sadələşdirilmiş viza rejimi tətbiq olunarsa, vaxtaşırı bu ölkələrə səyahət edən, iş və ya yaşamaq üçün müraciət edən insanların səfər məsələsində ciddi irəliləyiş əldə olunar. Eyni zamanda avropalıların da Azərbaycana gəlməsinə müsbət təsir edəcəyi danılmazdır”.

Qeyd edək ki, Avropa Birliyi Ukrayna və Gürcüstan vətəndaşlarının Şenngen bölgəsində vizasız səyahəti etməsi barədə qərarı təsdiqləyib.

Aysel Aslan