Azərbaycanda Atom Elektrik Stansiyasının tikilməsi arzuolunandır
Burada kadr potensialından tutmuş digər köklü məsələlərə qədər müzakirə edilməlidir
Politoloq, Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş verən qəza ilə bağlı "Sputnik”ə açıqlama verib. Karavayev hesab edir ki, Azərbaycan öz ərazisində atom elektrik stansiyası tikməlidir. Onun fikrincə, bu, dövlət üçün strateji cəhətdən sərfəli olacaq: "Atom Elektrik Stansiyası (AES) xeyli dərəcədə risklidir, lakin bu risklər uzunmüddətli istifadə zamanı gələn fayda ilə kompensasiya edilir”.
Ekspert qeyd edib ki, əgər Azərbaycan texnologiya və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, bütün dünya liderləri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçiblər. Karavayev Azərbaycanda artıq Milli Nüvə Tədqiqatları Mərkəzinin mövcud olduğunu xatırladıb və deyib ki, dövlət artıq bu istiqamətdə hansısa addımları atıb: "Deməli, AES boş yerdə yaradılmayacaq. Bundan əlavə, Azərbaycanda AES qurulması ölkənin dünyanın iqtisadi liderləri ilə yaxınlaşması üçün əlavə amil ola bilər. Yəni bu prosesdə mütləq iştirak edəcək Rusiya (nüvə texnologiyaları üzrə dünyanın əsas ixracatçılarından biri) və yüksək texnologiya şirkətləri ilə Azərbaycanın kifayət qədər uzunmüddətli əlaqələri olan Fransa ilə əlavə qarşılıqlı fəaliyyət xətti olacaq”.
Qeyd edək ki, Azərbaycanda AES tikintisi ilə bağlı xəbərlər artıq neçənci dəfədir ki, ictimai müzakirəyə çıxarılır və bir növ cəmiyyətin reaksiyası öyrənilir.
Bu məsələ bir neçə ay əvvəl, Türkiyədə ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra da gündəmə gəlmişdi.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri Adil Qəribov isə "Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilərmi” sualına müsbət reaksiya verib. O deyib ki, Azərbaycanda da Atom Elektrik Stansiyası tikilə bilər:
"Azərbaycanda neft, qazın tükənməsinin 50 illik vaxtı var. Ona qədər Azərbaycan üçün böyük energetika axtarmaq lazımdır. Bu gün dünyada böyük enerji mənbəyi nüvədir. Ölkəmizdə Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması onun üçün idi ki, gələcəkdə respublikada nüvə texnologiyası, nüvə energetikası sahəsində nə işlər varsa, hamısını bu qurum görsün. Hesab edirəm ki, gələcək 10-15 ildə Azərbaycanda Atom Elektrik Stansiyasının tikilməsi məsələsi gündəmə gətiriləcək”.
Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirlinin sözlərinə görə, Atom Elektrik Stansiyalarının olması bütün dünyada ona malik olan ölkələr üçün həm iqtisadi, həm də geosiyasi baxımdan müsbət tendensiyadır. Çünki bu yolla enerji alınması çox ucuz başa gəlir. Düzdür, dünyada Yaşıllar Hərəkatı deyilən qurum AES-lərin inşası əleyhinə çıxış edir. Onlar iddia edir ki, bu kimi stansiyalar ekoloji cəhətdən təhlükəlidir. Amma dünya elmi, texnologiya o qədər inkişaf edib ki, müasir atom elektrik stansiyalarının qəza vəziyyətinə düşməsi bəlkə də milyonda bir faizə bərabərdir.
Məsələn, Yaponiyadakı AES-in sunami nəticəsində sızmasının şahidi olduq. Lakin yaşanan problemi heç bir xəta törətmədən qısa zamanda aradan qaldırmaq mümkün oldu. Baxmayaraq ki, həmin AES 40 il əvvəl inşa edilmişdi. Müasir AES-lər isə təhlükəsizlik tədbirlərinə tam cavab verir, ekoloji baxımdan təmiz texnologiyaya əsaslanıb. A.Nəsirlinin fikrincə, yarım əsrdən sonra Azərbaycan da AES-ə sahib ola bilər: "Gələcəkdə Azərbaycanda da AES qurula bilər. Bu mümkündür. İndiki halda isə bu məsələ ölkəmiz üçün o qədər də həyati məsələ deyil. Azərbaycan neft ölkəsidir. Neftimizin hasilat xərci 20-30 dollar arasında olur. Atom yanacağı isə daha baha neftdən alınır. Ona görə neft ölkəsi olduğumuzdan belə bir stansiyanın olması indiki halda Azərbaycan üçün o qədər də sərfəli deyil. Lakin gələcəkdə, 50 ildən sonra Azərbaycanın da atom elektrik stansiyasına malik olması məsələsi yəqin ki, gündəmə gələcək. Ona qədər isə iqtisadiyyat daha çox inkişaf edəcək və düşüncələr də indikindən xeyli dərəcədə fərqlənəcək”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc AES tikintisinin kifayət qədər bahalı bir layihə olduğunu bəyan edib:
"Uzun illərdir Türkiyədə Rusiyanın inşa etməyə çalışdığı AES-də dövlətlərarası münasibətlərdən asılı olaraq bir sıra problemlər yaşanıb. Millət vəkilinin sözlərinə görə, AES-in tikintisini başa vurmaq üçün külli miqdarda vəsaitlə yanaşı Qafqazın seysmik xarakteri də nəzərə alınmalıdır.
Ermənistandakı "Metsamor” AES məsələsi uzun müddətdir Türkiyə və Azərbaycan tərəfindən Avropa Birliyində qaldırılır. Qərb dairələri də dəfələrlə Ermənistan hökumətinə 1 milyard avro vəsait müqabilində "Metsamor” AES-dən imtina etmək təklifini veriblər. Ermənistan isə "Metsamor”dan özünü qorumaq üçün bir silah kimi istifadə edir. Bəzən isə elə bir təəssürat yaranır ki, "Metsamor” ermənilər kölgəsinə sığınsın deyə tikilib. Yəni bu AES təkcə onların enerji ehtiyaclarını ödəmək yox, Azərbaycanı təhdid etmək, dünyadan pul qopartmaq üçündür”.
Konkret olaraq Azərbaycana AES-in lazım olub-olmadığı sualına gəldikdə isə millət vəkili deyib ki, burada kadr potensialından tutmuş digər köklü məsələlərə qədər bu mövzu müzakirə edilməlidir: "Fikrimcə, mövcud reallıqda atom elektrik stansiyası kifayət qədər sərfəli bir yanacaq növüdür. Azərbaycanda belə bir stansiyanın açılması alternativ enerjinin vacib növlərindən biridir. Dünya miqyasında da bu vasitədən geniş şəkildə istifadə olunur. Onun mənəvi qocalması da çox gecdir. Burada aktiv maddələr bahalı olduğu üçün böyük energetik gücə malik olurlar. Bu mənada Azərbaycanda AES tikilməsi arzuolunandır”.
Şəymən