"Azərbaycanda benzinin qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır" - Sabiq nazir

"Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı benzin istehlakçılarının sayı çox deyil”.
Bunu "Sherg.az”a sözügedən benzin markalarının bahalaşmasının təsirlərindən danışarkən sabiq maliyyə naziri, iqtisadçı- ekspert Fikrət Yusifov söyləyib. 
Onun sözlərinə görə, bu benzin markalarının xaricdən gətirilməsi qiymətin müəyyənləşməsinə çətinlik yaradır:
""Premium Euro-95” və "Super Euro-98” markalı benzinlər Azərbaycana idxal edildikdə maya dəyərindən baha satılmalıdır ki, satıcılar ziyanla işləməsinlər. Əslində sözügedən benzin markalarının bahalaşması gözlənilən idi. Bir müddətdir, bu benzinlərin ölkəmizdə maya dəyərindən belə aşağı satıldığı iddia edilirdi.
Hər iki benzin markasının bahalaşması Azərbaycan iqtisadiyyatına ziyanı olacağını düşünmürəm. Çünki qeyd edildiyi kimi, "Premium Euro-95” və "Super Euro-98 markalı benzin istehlakçıları ölkəmizdə cəmi 5 faiz təşkil edir. O da böyük göstərici deyil. Bütün bu faktorları nəzərə alsaq, bu marka benzinin qiymətinin bahalaşması məqsədəuyğundur”.
F.Yusifov onu da vurğulayıb ki, Azərbaycanda benzinin qiyməti qonşu ölkələrlə müqayisədə nisbətən aşağıdır:
"Gürcüstan, Türkiyə, Rusiya kimi qonşu dövlətlərdə benzinin qiyməti ölkəmizdəkindən daha yüksəkdir. Avropa ölkələri ilə isə heç müqayisə belə etmirik. Həmin dövlətlərdə qiymətlər daha bahadır”.
Qeyd edək ki, avqust ayının 19-da Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşaraq müvafiq olaraq 1 manat 50 qəpik və 1 manat 60 qəpik olub.
Aysel Aslan