
“Azərbaycanın cənub bölgəsində separatizm yaratmaq istəyirlər”
Cümşüd Nuriyev: “Talışların bu cür siyasi oyunlara gedəcəyinə inanmıram”
Ötən ay jurnalist, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov öz feysbuk səhifəsində yazdığı statusda Bakının mərkəzi kitab mağazalarının birində qondarma Talış-Muğan Respublikasının ideoloqlarından biri olan və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Fəxrəddin Abbaszadənin dörd kitabının satışa çıxarılması ilə bağlı narahatlığını bildirib.

Onun narahatlığını artıran əsas səbəblərdən biri isə kitabın redaktorunun Ermənistandan yayımlanan TMV (Tolişə milliyə vindəsədo) - "Talış Milli Televiziyasının” aparıcısı, əslən Masallıdan olan və sonradan Rusiya vətəndaşlığını qəbul edən, erməni xislətli Zabil Madojun olmasıdır: "Kitablar İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın vasitəsilə Belarusda və İranda yaradılan, fəaliyyətini Azərbaycana qarşı yönəldən "Talış Milli Akademiyasının” nəşrləridir. Kitablar isə nə Belarus, nə Ermənistan, nə də İranda deyil, Bakıda çap olunub”.
A.Qurbanovun bu fikirlərini Ermənistan mətbuatı talış dilində lüğətlərin çapına qarşı yönəldərək, qalmaqal kimi xarakterizə edib. Moskvadakı separatçı dairələr isə bunu "talışların mədəni hüquqlarının məhdudlaşdırılması” kimi qələmə verib.
Yazdığı status ətrafında baş verən olayla bağlı "525”ə müsahibə verən A.Qurbanov məsələnin mahiyyətinə aydınlıq gətirib: "Mən iddia olunduğu kimi, talış dilində lüğətlərin nəşrinə mənfi reaksiya verməmişəm. Belə yanlışlıq onların ictimai rəyi məqsədli şəkildə fərqli istiqamətə yönəltmək niyyətindən irəli gəlir, həm İradə Məlikovanın, həm də qadını qabağa verib arxasında gizlənən məlum şəxs və qüvvələrin arzusudur. Hamı kimi mən də talışlar da daxil olmaqla Azərbaycanda yaşayan bütün millətlərin ana dillərində kitab, qəzet, jurnal, lüğət nəşr olunmasını, onların etnik mədəniyyətlərinin qorunub inkişaf etdirilməsini alqışlayıram. Bu, Azərbaycan dövlətinin mövqeyi, azərbaycançılıq məfkurəsinin prioritetlərindəndir. Millətlərarası münasibətlər, etnik və dini separatizm mövzusu mənim üçün yeni deyil və bu barədə həm əvvəllər, həm də indi müəyyən qədər məlumatlıyam. Odur ki, "karvan öz yolundadır” prinsipinə sadiq qalaraq, separatçıların sosial şəbəkədə mənə ünvanladıqları təhqir və "xristian lənətlərinə” məhəl qoymadan suallarınıza aydınlıq gətirməyə çalışacağam. Talış dili lüğətləri ilə bağlı spekulyasiyaya mütləq aydınlıq gətirilməlidir”.
Talış dilində lüğətlərin nəşriylə bağlı mövqeyinin məqsədli şəkildə təhrif olunduğunu vurğulayan A.Qurbanov deyib ki, bu, mahiyyət etibarilə Azərbaycan dövlətinə meydan oxumaq və müvafiq strukturların sayıqlıq səviyyəsini yoxlamaq cəhdidir: "Yəni, "baxın, siz Fəxrəddin Abbaszadəni separatçı, düşmən elan edirsiniz, biz isə Azərbaycanın paytaxtında onun kitabını nəşr edib yayırıq. Yəni hədəfimiz lüğətlərin nəşri deyil, Azərbaycan dövlətçiliyinə qarşı düşmənçilik mövqeyində dayanan Fəxrəddin Abbaszadənin "Talış Milli Akademiyasının”, "Talış milli dirçəliş hərəkatının” bu yolla Bakıda təbliğidir”.
Siyasi elmlər doktoru Cümşüd Nuriyev isə "Şərq”ə açıqlamasında deyib ki, bu adamların xisləti də, məqsədləri də bəllidir: "1993-cü ildə də həmin adamlar qondarma Talış-Muğan Respublikasının müstəqilliyini elan edərək İranın bayrağını yana çevirib üzərinə də bir günəş əlavə eləmişdilər. Heydər Əliyevin məharətli siyasəti və ağıllı tədbirləri nəticəsində qarşıdurmanın qarşısı alındı. Həmin vaxtlar mən də həmin tədbirlərin içərisində olduğum üçün separatçıların kimliyinə yaxşı bələdəm. Əvvəla onu deyim ki, Fəxrəddin Abbaszadə nəinki türkləri, heç talışların özlərini də sevmir. Ona kim pul versə, onu sevir. Onu da deyim ki, bu maliyyənin qaynağı heç də Ermənistan deyil. Onların arxasında Rusiyanın xüsusi xidmət orqanları durur. Hətta Əlikram Hümbətov bir az daha irəli gedərək xanımı vasitəsilə qərb ölkələri ilə əməkdaşlıq edir. Hətta onların fəaliyyəti İranın maraqları ilə də üst-üstə düşür. Hədəfləri isə ondan ibarətdir ki, Azərbaycan müstəqil siyasət yeridə bilməsin. Bölgədə belə bir siyasi oyun gedir və bu oyunda Azərbaycan vətəndaşları olan etniklərdən istifadə edilir. Bu, çox təəssüfləndirici haldır. Böyük oyunçular da Əlikram Hümbətov, Fəxrəddin Abbaszadə kimilərinin əli ilə Azərbaycana təzyiq göstərməklə, öz iradəsi altına salmağa çalışırlar. Amma onların təxribatları heç vaxt istənilən nəticəni verməyəcək. Çünki Azərbaycanda heç vaxt milli azlıqların hüquqları tapdanmayıb və bu gün də tapdanmır. Əslində, onlar hər zaman köklü xalqdan üstün tutulub. Hər bir dövlətin 3 əsas funksiyası olur. Tarazlayıcı, dəyişdirici və toplayıcı siyasət. Azərbaycan isə hazırda bu funksiyaların hər üçünü uğurla həyata keçirir. Bu isə təbii olaraq separatçıları və Azərbaycanı istəməyən qüvvələri çox narahat edir. Amma mən Azərbaycan vətəndaşı olan talışların bu cür siyasi oyunlara gedəcəyinə inanmıram. Ancaq təəssüflər olsun ki, meşə çaqqalsız olmadığı üçün onların arasında Fəxrəddin Abbaszadə kimiləri də var”.
A.Qurbanovun qaldırdığı məsələnin kifayət qədər əhəmiyyətli olduğunu vurğulayan C.Nuriyev deyib ki, indiki halda talış dilində lüğətin çap olunması heç kimə lazım deyil: "Əgər ehtiyac olsa, talış xalqının kifayət qədər ağıllı və istedadlı alimləri, dilçiləri var. Onlar bu məsələni öz üzərlərinə götürərdilər. Talış dilini qorumaq və inkişaf etdirmək Fəxrəddin Abbaszadə kimilərinə qalmayıb! İkincisi də ki, F.Abbaszadənin kitablarının nümayişkaranə şəkildə şəhərin mərkəzində satılması yolverilməzdir. Mütləq araşdırıb, bu işin təşkilatçılarını tapmaq lazımdır. Araz Qurbanov öz işinin peşəkarıdır və o bilir ki, Azərbaycan üçün ən ciddi təhlükələrdən biri separatizmin qızışdırılmasıdır. Ona görə də bu məsələni gündəmə gətirib. Əslində, onu fikirlərinin təhrif olunaraq, talış dilində lüğətlərin çapına qarşı yönəldilməsi də təsadüfi deyil. Azərbaycanda yenidən separatizmi qızışdırmaq istəyirlər. Bütün cəhdlər də buna yönəlib”.
Şəymən